“Miras” filmi Riqa festivalında Azərbaycanı təmsil edir

 

   Rejissor Fariz Əhmədovun “Miras” filmi Riqada keçirilən “Tourfilm” beynəlxalq sənədli filmlər festivalında iştirak edir. Rejissorun bildirdiyinə görə, “Miras” Azərbaycanı əsas müsabiqə bölməsində təmsil edir.

   Festivalda ümumilikdə 23 ölkədən 79 film mübarizə aparır. Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Çexiya, Portuqaliya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin rejissorları festivala qatılıb. Festivala aprelin 30-da yekun vurulacaq.

   2010-cu ildə “Bir addım” studiyasında istehsal olunan “Miras” filminin ssenari müəllifi Esmira Eyyub, quruluşçu rejissoru Fariz Əhmədov, quruluşçu operatoru Fərid Bağırov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.

   Xatırladaq ki, “Miras” sənədli filmi 2010-cu ildə Moskvada keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında "Kinematoqrafiya sənətinə sədaqətə görə" diplomuna, Polşada keçirilən Beynəlxalq “Zubroffka” kinofestivalında 2-ci yerə, bu ilin martında Moskvada XVIII Beynəlxalq “Svyataya Anna” kinofestivalında “Ən yaxşı sənədli film” nominasiyasında 3-cü mükafata, apreldə isə Yekaterinburq şəhərində keçirilən VII Beynəlxalq sənədli filmlər festivalında “Ən yaxşı antropoloji film” mükafatına layiq görülüb.

  

 

   Yeganə

 

   Mədəniyyət.- 2011.- 29 aprel.- S. 7.