Mstislav Rostropoviçə ithaf olunur

 

   Aprelin 27-də L.və M. Rostropoviçlərin ev-muzeyində “Mstislav Rostropoviçə ithaf olunuradlı tədbir keçirilib.

 

   Muzeyin direktoru Şeyla Heydərovanın verdiyi məlumata görə, dünya şöhrətli violonçelist, dirijor, SSRİ Xalq artisti M.Rostropoviçin (1927-2007) vəfatının ildönümü münasibəti ilə təşkil olunan tədbirdə Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov, “Poloniya-Azərbaycan” polyak icmasının sədri Olqa Yujanina, “Miniatür kitab cəmiyyəti”nin sədri Zərifə Salahova, habelə paytaxtın musiqi ictimaiyyəti iştirak edib.

   Tədbirdə çıxış edən bəstəkar O.Zülfüqarov dahi musiqiçinin həyat və yaradıcılığından söz açıb. Qeyd olunub ki, M.Rostropoviçin doğma Bakıya hədsiz sevgisi olub. O, müxtəlif illərdə Bakıya səfər edib, burada yaddaqalan konsertlər verib. Tədbirdə digər çıxış edənlər də dünya şöhrətli bəstəkarla bağlı xatirələrini bölüşüblər.

   Tədbir çərçivəsində iştirakçılar maestronun vəfatından sonra ailəsinin Bakıya birinci gəlişi zamanı muzeyə verilən eksponatlardan ibarət yeni sərgi ilə tanış olublar. Sərgidə ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin M.Rostropoviçin yubileyi ilə bağlı təbrik məktubları, sənədlər və maestronun şəxsi əşyaları yer alıb.

   Gecədə Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında xarici bəstəkarların əsərlərindən musiqilər səsləndirilib, musiqiçiyə həsr olunmuş Mstislav Rostropoviç Fondu tərəfindən muzeyə təqdim olunanSlavaadlı sənədli film nümayiş etdirilib.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 29 aprel.- S. 4.