Milli Kino Günü qeyd edildi
Avqustun 2-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Milli Kino Gününə həsr olunmuş tədbir keçirildi. Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında
keçirilən tədbirin
iştirakçıları əvvəlcə maraqlı
sərgi ilə tanış oldular.
Sərgidə müxtəlif illərdə
çəkilmiş kinofilmlərdə
istifadə edilən iri və kiçik
həcmli rekvizitlər
təqdim olundu. Sərginin “Milli kinomuzda geyimlər” bölməsi də bayram mərasiminə xüsusi rəng qatdı.
Tədbir Azərbaycan kinosunun
ötən bir ildə keçdiyi yolu əks etdirən
videoçarxın nümayişi
ilə başladı.
Videoçarxda bu il təqdim
olunan bədii, sənədli və cizgi filmləri, kino xadimlərinə həsr olunmuş xatirə gecələri, bu il ilk dəfə
olaraq Kann kinofestivalında Azərbaycan
pavilyonunun açılışı
və s. əlamətdar
tədbirlər əksini
tapmışdı.
Tədbirdə
çıxış edən
mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev kinomuzun keçdiyi inkişaf yolundan danışdı: “Uzun illər Azərbaycan kinosu ulu öndər
Heydər Əliyevin xüsusi qayğısı
sayəsində inkişaf
edib. Bu gün
də cənab prezident İlham Əliyev tərəfindən
kinomuzun inkişafına
diqqət və qayğı göstərilir.
Danılmaz faktdır ki,
son dövrlərdə milli
kino sənayesində canlanma hiss olunur. Mədəniyyət və Turizm
Nazirliyinin kinomuzun inkişafı ilə bağlı xüsusi tədbirlər planı həyata keçirilir və yeni layihələr
hazırlanır”.
Sonra Vaqif Əliyev
Mədəniyyət və
Turizm Nazirliyinin pul mükafatı ilə təltif olunmuş kino işçilərini təbrik
etdi.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
gənclər üçün
keçirilən “Bu meydan,
bu ekran - 2011” kino layihəsinin qalibləri də elan olundu.
Mədəniyyət və Turizm
Nazirliyinin Kinematoqrafiya
şöbəsinin sektor
müdiri Yusif Şeyxov nazirliyin gənclərə hər zaman diqqət ayırdığını bildirərək
qalibləri təbrik etdi.
Qeyd edək ki, müsabiqənin yekunlarına əsasən, “Orman prodakşn” şirkətinin “Mayak”, “Art Qlobal prodakşn” şirkətinin “İşığa doğru”, “EXA prodakşn” prodüser mərkəzinin “Paralel həyat“ və “Butafilm” kino şirkətinin “Qaranquş yuvası” layihələri “Bu meydan, bu ekran - 2011” kino layihələri müsabiqəsində qalib gəlib.
Tədbirin sonunda rejissor Yavər Rzayevin “İlahi məxluq” filmi tamaşaçılara təqdim olundu.
Yeganə
Mədəniyyət.-
2011.- 3 avqust.- S. 2.