Azərbaycan-Rumıniya mədəni əməkdaşlığı müzakirə olundu

 

   Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen iyulun 28-31-də ölkəmizdə səfərdə oldu.

 

   İyulun 29-da rumıniyalı nazir rəsmi görüşlərə başlamazdan öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdi, məzarları önünə gül dəstəsi qoydu. Sonra qonaq Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etdi, məzarları üzərinə tər çiçəklər düzdü.

   Həmin gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen ilə görüşü oldu. İki ölkə arasında əlaqələrdən söz açan Əbülfəs Qarayev bu sırada mədəni əlaqələrin də mühüm yer tutduğunu qeyd etdi. Nazir bildirdi ki, Buxarestdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Bakıda isə görkəmli rumın bəstəkarı Corce Eneskunun abidələrinin ucaldılması ikitərəfli münasibətlərin yüksək səviyyəsini göstərir. Qeyd olundu ki, 2006-cı ildə iki ölkə nazirlikləri arasında əməkdaşlıq haqqında imzalanmış protokola əsasən, ötən dövrdə bir çox işlər görülüb və görülməkdədir.

   Nazir Azərbaycanla Rumıniya arasında turizm əlaqələrinin inkişafının önəmini də vurğuladı. Bildirildi ki, bu il Mingəçevir Turizm Kolleci ilə Rumıniyanın Andrei Barsenau Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu da turizm sahəsində qarşılıqlı təcrübə mübadiləsi deməkdir.

   İki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini bildirən rumıniyalı nazir qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyini bildirdi. “Eurovision-2011” mahnı müsabiqəsindəki qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen Bakıda keçiriləcək növbəti musiqi yarışmasına Rumıniya təmsilçilərinin də ciddi hazırlaşdıqlarını qeyd etdi. Qonaq həmçinin Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu yüksək qiymətləndirdi və bu forumun keçirilməsinin Azərbaycanın regionda önəmli rolunu sübut etdiyini bildirdi. O, ölkəsinin Azərbaycanla müştərək mədəni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğuladı.

   Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2011.- 3 avqust.- S. 3.