Həvəskar
rəssam və xalq tətbiqi sənəti
ustalarının sərgisi
İyulun 29-da Muzey Mərkəzində
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə həvəskar rəssam və xalq tətbiqi sənəti
ustalarının əl işlərindən ibarət respublika
sərgisi açıldı. Sərgi Azərbaycan
Respublikasının müstəqilliyinin bərpasının
20 illiyi münasibətilə təşkil olunub.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva ölkə rəhbərliyi
tərəfindən xalq yaradıcılığı ənənələrinin
qorunması və təbliğinə böyük önəm
verildiyini bildirdi. Qeyd olundu ki, hazırda regionlarda mədəniyyət
mərkəzlərinin yaradılması istiqamətində
işlər aparılır. Həmin mədəniyyət
ocaqlarında həvəskar rəssamlar, xalq tətbiqi sənət
ustaları da öz yaradıcılıq imkanlarını
inkişaf etdirə biləcəklər.
Nazir müavini qeyd etdi ki, artıq ənənə
halını alan belə sərgilərə ölkə
miqyasında böyük maraq və aktivlik müşahidə
edilir ki, bu, iştirakçıların sayında da
özünü göstərir: “Budəfəki sərginin təşkilində
məqsədimiz həvəskar rəssamların,
bacarıqlı xalq tətbiqi sənəti ustalarının əsərlərinin
üzə çıxarılmasıdır. Sərgiyə təqdim
olunan əsərlərin sayı ildən-ilə artır.
2010-cu ildə keçirilən həvəskar rəssam və
xalq tətbiqi sənəti ustalarının respublika sərgisində
70 müəllifin 300-ə qədər əsəri var idi. Budəfəki
sərgidə 100-dən artıq müəllifin 700-ə qədər
əsəri nümayiş olunur”.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramının uğurla icra olunduğunu qeyd edən S.Məmmədəliyeva vurğuladı ki, bu proqramın icrasında məqsəd qeyri-maddi mədəni irsin qorunması, inkişafı, təbliği, Azərbaycanın xalq sənətkarlığının, qədim ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasıdır. “Bu gün Azərbaycan sənətkarlarının yaratdığı əsərlər müxtəlif dünya ölkələrinin muzeylərini bəzəyir. Sevindirici haldır ki, həvəskar rəssamlar, xalq tətbiqi sənət ustaları da milli mədəni sərvətlərimizin zənginləşməsinə öz töhfələrini verirlər”.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov əl işləri arasında professional sənət əsərlərinin olduğunu qeyd etdi. “Ötən illə müqayisədə həm əl işlərinin sayı, həm də professionallığın artması müsbət haldır. Budəfəki sərgidə gözəl əsərlər var. Bu, bizi çox sevindirir”.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov da iştirakçıların sərgiyə böyük maraq göstərdiklərini qeyd etdi. O, mədəni irsin zənginləşməsinə öz töhfələrini verməyə çalışan hər bir sənət ustasına uğurlar arzuladı.
Sərgi iştirakçılarından Yusif Hacıyev çıxış edərək təşkilatçılara minnətdarlığını bildirdi.
Çıxışlardan sonra sərgi-müsabiqədə fərqlənən müəlliflərə diplomlar, mükafatlar və fəxri fərmanlar təqdim edildi.
Sonra sərginin açılışı oldu. Sərgidə rəngkarlıq və qrafika əsərləri ilə yanaşı, heykəltəraşlıq, xalçaçılıq, zərgərlik, nəqqaşlıq, dulusçuluq, bədii tikmə və digər tətbiqi sənət nümunələrinə geniş yer ayrılmışdı. 100-dən çox müəllifin 700-dək əl işinin nümayiş olunduğu sərgi iyulun 30-da başa çatdı.
Ceyhun
Mədəniyyət.-
2011.- 3 avqust.- S. 4.