Qəbələdə
musiqi bayramı davam edir
Heydər Əliyev Fondunun təşkil
etdiyi Qəbələ III Beynəlxalq musiqi festivalının
iyulun 23-də başlanan rəngarəng konsert proqramları
davam edir. İyulun 30-da festivalın rəsmi
açılışı keçirilib.
“Qafqaz Resorte” hotelinin
qarşısındakı parkda açıq səma altında
keçirilən mərasimdə Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
festival iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda bildirilir ki, artıq üçüncü dəfədir
ki, bu musiqi festivalı Azərbaycanın ən gözəl
guşələrindən biri olan Qəbələdə
keçirilir: “Bu gün qala divarlarının və məbədlərin
qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi
dövlətin - Qafqaz Albaniyasının paytaxtı olduğunu
xatırladır. Məhz Qafqaz Albaniyası dövründə
tolerantlıq ənənələrinin və mədəniyyətlərin
qarşılıqlı zənginləşdirilməsinin təməli
qoyulmuşdur. Böyük İpək Yolu Azərbaycan ərazisindən
keçəndə bu ənənələr öz inkişaf mərhələsinə
qədəm qoymuşdu. Bu gün həmin ənənələrin
sayəsində Azərbaycan Avropa və Şərq arasında
mədəniyyətlərarası körpü rolunu
oynayır”.
Təbrikdə qeyd edilir ki, Qəbələ festivalı səhnəsində həm Avropa klassik musiqisi, həm də ənənəvi Azərbaycan musiqisi və onun incisi - hələ 2003-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam səslənir: “Ənənəvi hal almış bu festival musiqi tədbiri üçün qısa bir müddətdə əsas məqsədə nail olmuşdur. Qəbələ bütün musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilmişdir. Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir”.
Mərasimdə Qəbələ rayonundan millət vəkili Fəttah Heydərov çıxış edərək festivalda iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri salamlayıb, onlara təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir. Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanılması üçün Heydər Əliyev Fondu tərəfindən atılan növbəti addımdır.
Tədbirdə Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyevin festival iştirakçılarına ünvanlanmış təbrik məktubu da oxunub.
Sonra qala-konsert olub. Konsertdə dünya şöhrətli dirijor Yuri Başmetin rəhbərlik etdiyi “Yeni Rusiya” Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin çıxışı həm Yuri Başmetin, həm də Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə baş tutub. Orkestr solo ifadan əlavə, dünyanın məşhur vokalçılarından Sergey Leyferkus (bariton), Almaniya Dövlət Operasının solisti Anna Samuil (soprano), İtaliyanın məşhur tenor ifaçısı Massimiliano Pisapia, Rusiyanın violin ifaçısı Alyona Bayevanı da müşayiət edib.
* * *
İyulun 31-də “Qafqaz Resorte” hotelinin qarşısındakı parkda Rusiyanın Sankt-Peterburq şəhərinin “Terem-kvartet”inin üzvləri Andrey Konstantinov (kiçik domra), Aleksey Barşev (domra alt), Andrey Smirnov (bayan), Mixail Dzyudze (balalayka-kantrabas) maraqlı konsert proqramı ilə çıxış ediblər.
Həmin gün hotelin kamera musiqisi zalında daha bir konsert təqdim edilib. Konsertdə dünya şöhrətli musiqiçi Yuri Başmet violada, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, Qəbələ III Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli pianoda, festivalın bədii rəhbəri Dmitri Yablonski violenceldə, amerikalı pianoçu, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskaya pianoda, almaniyalı Mattias Samuil pianoda, rusiyalı Alyona Bayeva violində yaddaqalan ifa nümayiş etdiriblər.
* * *
Avqustun 1-də festivalda Yuri Başmetin rəhbərlik
etdiyi “Yeni Rusiya” dövlət simfonik orkestrinin konserti olub. Orkestrin çıxışı italiyalı
Klaudio Vandellinin dirijorluğu ilə baş tutub. Orkestr solo ifadan əlavə, Litva Kamera Orkestrinin direktoru Sergey Krılovı
(violin), İtaliyanın R.Tebaldi
və M.Monako adına Opera İncəsənəti
Beynəlxalq Akademiyasının
tələbəsi Cavid
Səmədovı (bariton),
İtaliyanın Ozimo Musiqi Akademiyasında təhsil alan tenor ifaçısı Azər
Rzazadəni də müşayiət edib.
Qeyd edək ki, Qəbələ III Beynəlxalq
musiqi festivalı avqustun 5-də başa çatacaq.
Mədəniyyət.- 2011.-
3 avqust.- S. 4.