“Azərbaycanda
mədəni irsə göstərilən qayğı dünyaya nümunədir”
Rumıniyanın
mədəniyyət və milli irs naziri Hunor Kelemenin “Mədəniyyət”
qəzetinə eksklüziv müsahibəsi
- Cənab Kelemen, Rumıniya 1991-ci
ildə Türkiyədən sonra Azərbaycanın müstəqilliyini
tanıyan ikinci ölkə olub. Azərbaycan da Şərqi
Avropada ilk səfirliyini Buxarestdə açmaqla Rumıniya ilə
əlaqələrə verdiyi önəmi təsdiqləmiş
oldu. Ötən müddətdə ölkələrimiz
arasında münasibətlər mühüm inkişaf yolu
keçib. Azərbaycanla Rumıniya arasında mədəni əməkdaşlığa
nəzər salsaq, ötən müddəti necə dəyərləndirmək
olar?
- Azərbaycanla Rumıniya
arasında siyasi münasibətlər yüksək səviyyədədir.
İqtisadi əlaqələrimiz də sürətlə
inkişaf edir. Mədəniyyət sahəsinə gəlincə,
1995-ci ilin iyulunda Buxarestdə imzalanan «Azərbaycan
Respublikası Hökuməti ilə Rumıniya Hökuməti
arasında elm, təhsil, mədəniyyət və idman sahələrində
əməkdaşlıq haqqında Saziş», 2006-cı ilin
oktyabrında isə Bakıda imzalanan «Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi və
Rumıniya Mədəniyyət və Dini İşlər
Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq
haqqında» Saziş bu münasibətlərin hüquqi
bazasını təşkil edir. Biz bu sənədlərdə
nəzərdə tutulan müddəaları həyata
keçirməyə, mədəni əlaqələrimizi daha
da gücləndirməyə çalışırıq və
hesab edirəm ki, bu hər iki ölkə üçün həddindən
artıq vacibdir. Digər tərəfdən, mədəni əlaqələr
müasir dünyada böyük rol oynayır. Mədəniyyət
ölkələrarası münasibətlərdə
qarşılıqlı anlaşmaya, əməkdaşlığa
zəmin yaradan gözəl vasitədir.
Bu baxımdan Azərbaycan bizim
üçün mühüm tərəfdaşdır. Azərbaycanın
zəngin mədəni irsi və müasir mədəniyyəti,
incəsənəti bizim üçün çox
maraqlıdır. Biz bu irsi Rumıniyada, eyni zamanda, Avropada
nümayiş etdirmək istərdik. Ümumilikdə mədəniyyət
sahəsində əlaqələrimizin inkişafı
üçün geniş potensial var. Azərbaycanın mədəniyyət
və turizm naziri cənab Əbülfəs Qarayevlə
görüşümüzdə bu məsələləri
müzakirə etdik. Görüşdə hər iki tərəfdən
müxtəlif ideyalar irəli sürüldü. Teatr,
kinematoqrafiya, müasir incəsənət, habelə ədəbi
əsərlərin tərcüməsi və digər sahələrdə
əməkdaşlıq imkanlarımızı nəzərdən
keçirdik.
Rumıniya və Azərbaycan
müəlliflərinin əsərlərinin
qarşılıqlı tərcüməsində, milli irs,
abidələrin qorunmasındakı qarşılıqlı
yardım, əməkdaşlıq bizim üçün
vacibdir.
Onu da qeyd edim ki, Azərbaycanın
Mədəniyyət və Turizm Nazirliyi ilə yaxşı əlaqələrimiz
var. İki ölkənin nazirlikləri müxtəlif
formatlarda əməkdaşlıq edir. Buna misal kimi, bu ilin
aprelində Buxarestdə keçirilən Cənub-Şərqi
Avropanın Mədəniyyət Nazirləri
Şurasının ilk iclasında Rumıniyanın təşəbbüsü
ilə Azərbaycanın mədəniyyət və turizm
nazirinin iştirakını göstərmək olar.
- Qeyd etdiyiniz kimi, ədəbi tərcümə
sahəsində artıq ölkələrimiz arasında əməkdaşlıq
mövcuddur. Rumın müəlliflərinin əsərləri
Azərbaycan dilinə, Azərbaycan müəlliflərinin əsərləri
isə rumın dilinə tərcümə olunur. Bu sahədə
əməkdaşlığı genişləndirmək
üçün sizcə, nələr etmək
lazımdır?
- Bəli, bu sahədə əməkdaşlığımız
artıq qurulub. Məsələn, baş nazirin müavini
Elçin Əfəndiyevlə görüşümüzdə
o mənə "Poçt şöbəsində xəyal"
adlı rumın dilində çap olunmuş kitabını hədiyyə
etdi. Mən buna çox sevindim. Bilirsiniz, Rumıniyada nəşriyyatlar
müstəqildir, amma biz onları həvəsləndirə,
digər ölkələrin nəşriyyatları, məsələn,
Azərbaycan nəşriyyatları ilə birbaşa əməkdaşlıq
qurmağa yardım edə bilərik. Azərbaycan nəşriyyatlarının
nümayəndələrini ölkəmizə dəvət edə
bilərik. Onlar da öz kitablarını Rumıniyaya gətirib
təqdim edə bilərlər. Bizim naşirlər də
bunları görüb əlaqələr yaradarlar.
- Cənab nazir, iki ölkə sənətçilərinin
kino və teatr sahəsində əməkdaşlığına
dair müəyyən təcrübə, bu əlaqələrin
inkişafı üçün zəmin var. Məsələn,
rumın dramaturqu Sebestyanın «Adsız ulduz» pyesi, Ejen
İoneskonun «Kral ölür» əsəri Azərbaycanda
tamaşaya qoyulub. Rumıniyanın Slatiora şəhərində
keçirilən beynəlxalq kinofestivalda Azərbaycan filmləri
nümayiş olunub. Gələcəkdə bu sahədə
hansı yenilikləri gözləmək olar?
- Kinematoqrafiya sahəsində
ümumi əlaqələrimiz mövcuddur. Biz bu istiqamətdəki
əməkdaşlığımızı animasiya filmləri
və sənədli filmlər sahəsində inkişaf etdirmək
niyyətindəyik. Bildiyimizə görə, Azərbaycanda
kinematoqrafiyanın bu sahələrinə həmişə
maraq olub. Hazırda Rumıniyada sənədli və bədii
filmlərə böyük maraq var. Animasiya filmlərinə də
üstünlük verilir. Ölkəmizdə hər iki janra həsr
edilən festivallar keçirməyi
planlaşdırırıq. Azərbaycandan olan
kinematoqrafçıları, rejissorları da həmin
festivallara dəvət edəcəyik. Teatr sahəsinə gəlincə,
bu sahədə də mübadiləyə,
qarşılıqlı səfərlərə önəm
veririk. Bir-birimizə teatrlarımızı tanıtmalı, səhnə
əsərlərini göstərməliyik. Azərbaycan müəlliflərinin
əsərlərini rumın teatrında, rumın müəlliflərinin
əsərlərini isə Azərbaycan teatrlarında
tamaşaya qoymaqla bu mübadiləni genişləndirmiş
olarıq.
- Müasir dünya ölkələri
bir sıra problemləri məhz mədəniyyət, mədəni
dialoq vasitəsilə həll etməyə
çalışır, mədəniyyətlərarası
dialoqa üstünlük verirlər. Məlum olduğu kimi, bu
ilin aprelində Bakıda Dünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmiş və həmin tədbirdə
Rumıniya da təmsil olunmuşdu. Bu barədə fikirlərinizi
eşitmək istərdik.
- Bakı Forumu mədəniyyətlərarası
dialoqla bağlı nəzəri problemlərin müzakirəsi
və onların həlli istiqamətində praqmatik
yanaşmaya doğru böyük addım idi. Həmçinin
mədəniyyətlərarası dialoq sahəsində gözəl
təcrübə mübadiləsi oldu. Bu, Azərbaycan
prezidentinin gözəl təşəbbüsü idi. Forumun
müvəffəqiyyətlə keçməsi göstərdi
ki, Azərbaycan bu sahədə təkcə regionda deyil,
ümumilikdə beynəlxalq səviyyədə vacib
addımlar atmaq niyyətindədir və bu vacib rolun öhdəsindən
uğurla gələ bildi.
- Ölkələrimiz arasında
turizm sahəsində əməkdaşlığı necə
görürsünüz?
- Turizm bilavasitə bizim nazirliyin
sahəsi olmasa da, bilirəm ki, Rumıniyanın Turizm Nazirliyi
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə
yaxın əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycanla
Rumıniya arasında beynəlxalq təşkilatlar çərçivəsində
də əməkdaşlıq mövcuddur. Turizm əlaqələrinin
özü də mədəni bağlantı yaradır, eyni
zamanda, mədəniyyət də turizmə, mədəni
turizmin inkişafına töhfə verir.
Adətən rumıniyalı
turistlər istirahət üçün Avropa ölkələrinə
üz tutur. Lakin son illər Qafqaz ölkələrinə də
axın müşahidə olunur və əminəm ki, bu
axın ilbəil güclənəcək. Həmçinin Azərbaycanın
zəngin mədəni irsi var və bu turist cəlbetmə
üçün vacib göstəricilərdəndir.
- Cənab nazir, Azərbaycanda
qısa müddətdə olsanız da, yəqin ki, ölkəmiz
haqqında, onun mədəni irsi ilə bağlı hansı
müəyyən təəssüratınız var?
- Bu səfərdən çox məmnunam.
Azərbaycan zəngin keçmişi, mədəni irsi olan
ölkədir və burada mədəni irsə göstərilən
diqqət və onun qorunmasına qoyulan sərmayə məni
çox təsirləndirdi. Sizin mədəniyyətiniz, milli
irsiniz gələcək üçün qorunur. Buna görə
də deyərdim ki, Azərbaycan təkcə Qərbə yox,
bütün dünyaya nümunədir.
Mehparə
Mədəniyyət.-
2011.- 3 avqust.- S. 5.