Rumıniyanın mədəniyyət və milli irs naziri Qəbələdə tarixi-mədəni yerlərlə tanış olub

 

   Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen Azərbaycana səfəri çərçivəsində iyulun 30-da Qəbələ rayonunda olub. Nazir Nic qəsəbəsindəki alban məbədi ilə yaxından tanış olub.

  

   Qonağa əsaslı şəkildə təmir-bərpadan sonra əvvəlki görkəminə qaytarılmış Nic kilsəsi barədə ətraflı məlumat verilib. Rumıniyalı nazir Azərbaycanda mövcud olan zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndirib, Nic kilsəsinin bərpasını xalqımızın tolerantlığına gözəl nümunə olduğunu qeyd edib.

   Hunor Kelemen Qəbələdəki “Gilan” piano fabrikinin fəaliyyəti ilə də tanış olub. Ona məlumat verilib ki, 2009-cu ilin sentyabrında fabrikdə 3 pianonun hazırlanması ilə “Beltmann” markalı pianoların istehsalının əsası qoyulub. Hazırda dünyada “Beltmann” markalı pianolar yalnız Qəbələdəki “Gilan” fabrikində istehsal olunur. Qonaq fabrikdə istehsal prosesinin mərhələlərini izləyib. Fabrikdə ildə 1200-1500 piano istehsal etmək mümkündür.

   Sonra rumıniyalı qonaq rayon tarix-diyarşünaslıq muzeyinə baş çəkib. Burada nazirə məlumat verilib ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq tətbiqi sənəti nümunələri, qədim əlyazma və çap kitabları diqqəti xüsusilə cəlb edir. Muzeydə 13 ekspozisiya zalı, Heydər Əliyev xatirə guşəsi, şəkil qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən təşkil olunmuş sərgi meydançası var. Nazir Qəbələdə fəaliyyət göstərən Alban kilsəsində udin icması ilə görüş keçirib və udinlərin toy mərasiminin şahidi olub.

   Qonaq rayonun mənzərəli yerləri ilə də tanış olub, Qəbələ III Beynəlxalq musiqi festivalının rəsmi açılışında iştirak edib.

 

   * * *

 

   Qeyd edək ki, Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen ölkəmizə səfəri çərçivəsində iyulun 29-da Bakıda Azərbaycan Dövlət İncəsənət Muzeyində və “İçərişəhər” Dövlət Qoruğunda olub. Rumıniyalı nazir həmçinin Dövlət Film Fonduna baş çəkib, burada filmlərin saxlanma şəraiti ilə maraqlanıb, Azərbaycan kino mütəxəssisləri ilə fikir mübadiləsi aparıb. İyulun 31-də ölkəsinə yola düşməzdən öncə rumıniyalı nazir Müasir İncəsənət Muzeyi ilə tanış olub.

 

 

  Mədəniyyət.- 2011.- 3 avqust.- S. 5.