“Balıq
suda yaşadığı kimi,
mən də kinoda yaşayıram”
“Bəşər
övladının hamısını sevirəm. Allah bu
hissiyyatı mənə verib. Hamıya özüm kimi
baxıram. Allah məni bəlalardan qoruyub. Bilmədən, istəmədən
günaha yazıla bilən əməlim olubsa da, Allah məni
bu günahlardan çıxarıb. İndi də xəstələndirib
sağaldır ki, o dünyaya günahsız gedim”.
Qonağımız istedadlı
rejissor, aktyor, Mədəniyyət və İncəsənət
Universitetinin estrada və musiqili teatr rejissorluğu
kafedrasının müdiri, professor, Xalq artisti Ramiz Əzizbəylidir.
Ramiz Əzizbəyli 1948-ci il iyulun
20-də Bakıda anadan olub. Bu faktı ona görə
xatırladıram ki, Ramiz Əzizbəyli yayda dünyaya gəlib,
odur ki, isti yay günündə söhbətimizə də elə
istilərdən başladıq.
- Mən xərçəng
bürcündənəm. Xərçəng, bildiyiniz kimi,
suda-quruda yaşayan canlıdır. Təbiəti etibarı ilə
özünə qapalıdır. Əti yeyilən
canlıdır. Bu mənada xislətində qurban getmək, yəni
özünü başqalarına yem eləmək qabiliyyəti
də var.
Bəs Ramiz müəllim
özü-özünü necə xarakterizə edərdi?
- Mənim yaxşı bir
xüsusiyyətim var, amma bunu təvazökarlıqla deyəcəyəm.
Mən özümü, əməlimi, fikrimi, məqsədimi,
istəyimi özüm-özümlə bölüşüb
çıxdaş etməyi bacaran insanam. Bu mənada
çoxlarından xoşbəxtəm. Qoymuram, kimsə məni
tənqid etsin. Özüm-özümü tənqid edirəm.
Necə ki, insan güzgüyə baxıb nöqsanını
düzəldir, eləcə də daxili aləminə baxıb
çatışmayan cəhətlərini düzəltməyi
bacarmalıdır.
“Müdrik Ramiz”
Atası filosof, babası axund olan
Ramiz Əzizbəyli həyatın fəlsəfəsini
uşaq yaşlarından anlamağa çalışıb.
- Tərəzi iki gözdən ibarətdir.
Həyatın fəlsəfəsi budur. Ağ-qara, gözəl-çirkin,
ağır-yüngül, yaxşı-yaman, haqq-nahaq və daha
nələr. Tərəzinin gözündə bunlar müqayisədə
göstərilir. Uşaq yaşlarımdan dünyanı belə
dərk etmişəm. 15 yaşımdan ətrafımdakı
dostlarım, tanışlarım mənə “Müdrik Ramiz” ləqəbini
vermişdilər. Nə bilim, fikirlərim fərqli, alnım
bir az enli idi. Sonra saç da töküldü. Mənə deyəndə
ki, ay Ramiz, saçın tökülüb. Mən deyirəm,
saçım tökülməyib, alnımı geniş
yaradan Allahım sınaqlardan çıxarandan sonra bu alın
lövhəsi bəs eləmədiyi üçün
alnımı bir az da genişləndirib.
“Mənim silahım sadə və səmimiliyimdir”
- Ramiz müəllim müsahibələrinin birində belə
deyib.
Büründüm
ömrümün quramasına,
Ömrümü yaşadım qismətim
qədər.
Özgə əyalına, yad
qapısına,
Baxdım öz namusum, ismətim qədər.
Bu şeiri Ramiz Əzizbəyli 22
yaşında yazıb. Zamanın çarxında çox
şey dəyişsə də, sadəliyi, səmimiyyəti
heç dəyişməyib.
Yazmaq demişkən, bu il Ramiz Əzizbəylinin
“Cızma-qaralarım” adlı kitabı işıq üzü
görüb. Ramiz müəllim kitabına ad seçəndə
də təvazökarlığından qalmayıb. Adı
“Cızma-qaralarım” olsa da, içindəkilər Ramiz Əzizbəylinin
fərqli düşüncələri, hisləri,
duyğularıdır.
“Mənimki kinodur, özü də
rejissorluq. Burada özümü tam ifadə edirəm” - deyən
Ramiz Əzizbəyli sevdiyi sənətdən
danışdı:
- Mən çox sahələrdə
özümü rahat hiss edirəm. Amma digər peşələrə
nisbətən kinonu daha çox bildiyim üçün,
balıq suda yaşadığı kimi, mən də kinoda
yaşayıram. Mənim kino təhsilim yoxdur, kino
tarixçisi, kinoşünas da deyiləm. Kino təhsilim
olmadığı üçün illərlə kənarda
qalmışam. Küsüb getməmişəm, daxildən
öz şamımı, öz işığımı
yandırmışam. Öyrənmişəm, bilmişəm
və elə məqam çatıb ki, sözümü
demişəm.
- Kinomuzda pauza dövrü
yaradıcılığınızda hansı boşluqlar
yaratdı?
- İnsan öz haqqını hər
zaman ummalı, müdafiə etməlidir. Mən heç kimə
qarşı deyiləm. Allah məni yaradanda belə yaradıb.
Yoxsa sənətkar olmazdım ki... Mən bu gün
gördüyüm işi sabah daha yaxşı görmək
istəyirəm. Sənətkarlıq o deməkdir. Sənətkar
istədiyindən yanır.
- Gərək rejissor nəzərdə
tutduqlarını çəkməkdən qorxmasın. Nəzərdə
tutduqlarınızı çəkə bilmədiyiniz anlar necə,
olub?
- Elə anlar çox olub. Dünyada heç bir rejissor deyə bilməz ki, mən istədiyimə yüz faiz nail olmuşam. Hər cəhətdən çətinliklər, problemlər olur. Yüz faiz ideal heç nə olmadığı kimi, yüz faiz ideal fikir, məqsəd, nəticə də yoxdur. Əsas odur ki, sən nəzərdə tutduqlarının əksəriyyətini ekranlaşdıra bilirsən.
“Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə milli kinomuzun qapısını döyən Ramiz Əzizbəyli “Bəxt üzüyü” ilə Azərbaycan kinosunun həmişəyaşar filmlərindən birinə imza atdı. “Yalan” filmi isə Qarabağ müharibəsi mövzusunda ən uğurlu ekran əsərlərindən biri oldu.
“Bəxt üzüyü”nün sirri
- Azərbaycan kinosunda bəxti gətirən filmlərdən biri də “Bəxt üzüyü”dür.
- “Bəxt üzüyü” 1991-ci ildə çəkilib qurtardı, 1992-ci ilin fevral ayının 7-də indiki Heydər Əliyev Sarayında rəsmi təqdimatı oldu. Bu filmin dəyəri ondadır ki, gülməli deyil, düşünməli filmdir. Filmdə özümün düşünüb yazdığım bir səhnə var: atası özünü asmasın deyə uşaq ağacı kəsməyə çalışır. Uşaq ağacı ona görə kəsirdi ki, atası həyatdan təngə gəlib özünü həmin ağacdan asa bilər. İndi də o səhnəyə baxanda kövrəlirəm. Çünki o, mənim içimdədir.
Tək Azərbaycanda yaşayan azərbaycanlılar yox ey, bütün dünyada yaşayan azərbaycanlılar deyirlər ki, (Ramiz müəllim bu yerdə zarafatından qalmır, deyir ki, mötərizədə Ramiz Əzizbəyli yazarsan), “Bəxt üzüyü”ndən yoxdur. Heç kim deməyib ki, o mənim zövqümə uyğun deyil. Çünki o filmə öz içimi, öz səmimiyyətimi qoymuşam. “Bəxt üzüyü” Azərbaycan kinosunu peşəkarlığı ilə bağladı. Sonra yeni həvəsə düşənlər yeni metodlar, yeni formalar, yeni düşüncə tərzi, yeni yanaşmalar axtarmağa başladılar, hələ də axtarırlar...
- Filmdə bəxt üzüyünün tapılmaması hələ də tamaşaçıları təəssüfləndirir.
- Başa düşürəm sizi, geniş oxucu kütləsi üçün bir daha məlum olsun ki, söhbət orda Saranın barmağından düşüb itən üzükdən getmir. Baxmayaraq ki, filmin adı “Bəxt üzüyü”dür. Əslində o bəxt üzüyü bir neçə yerdə işarə kimi oynanılmalı, sonra itməli idi. Mən bir rejissor kimi üzüyü mənəvi dostluq dairəsi kimi vermişəm. Bir dənə üzüyün itmə bəhanəsi göstərdi ki, bu dostluq dairəsi yalan imiş. “Bəxt üzüyü”nün ikinci seriyasını da çəkmək istəyirdim. Fikirləşirdim ki, ikinci seriyada üzük tapılsın. Hələ ki, bu arzu olaraq qalır. Amma bu gün də heç kim bilmir ki, “Bəxt üzüyü”nün sirri nədədir ki, 20 ildir gecə-gündüz bu çarx fırlanır. Çünki mən atdığım açarı, kodu aça bilmirlər.
- Ramiz Əzizbəylinin sənət dünyasının kodunu necə, açmaq mümkündürmü?
- Onun açarını Allahdan
başqa heç kim bilmir. Mən asudə dayanan, bir yerdə ilişib qalan xəstə
təfəkkür sahiblərindən deyiləm. Xalq məni dəyərləndirir, mənim üçün bu kifayətdir.
Ramiz Əzizbəyli rejissor olmaqla
yanaşı, həm də gözəl aktyordur. “Dərviş
Parisi partladır”, “Şeytan
göz qabağında”, “Gümüşgöl
əfsanəsi, ”Kişiləri qoruyun”, “Bağ mövsümü”,
“Bəxt üzüyü”, “Bəyin
oğurlanması” filmlərində maraqlı rollar
yaradıb. “Hacı Zeynalabdin
Tağıyev”, “Qızıl buta”
mükafatları laureatıdır.
- Yeri gəlmişkən,
özünüzə ən çox hansı sualı
verirsiniz?
- Sən kimsən?
- Bəs cavabınız necə olur?
- Mən kiməm, dünyada bəşərin biri,
Mən kiməm, bəşəri
yaşadan həyat.
Mən kiməm, ölülər
yanında diri,
Ölülər yanında ölü
kimi zad.
- İnsanları
güldürməyi də,
ağlatmağı da
bacaran Ramiz Əzizbəylini nə güldürə bilir?
- Birinci növbədə o insana gülürəm ki, insanla insan arasında
fərq görür.
O insanların nadanlığına
gülürəm. Bu acı göz yaşıdır, qara gülüşdür. Hər kəsi
Allah yaradıb. İnsanı sevmədikcə, içəridə
nifrət hissi çoxalır, günahlar
böyüyür. Bu nadanlıqdır, savadsızlıqdır,
başqa heç nə deyə bilmərəm.
- Nə vaxt xoşbəxt olursunuz?
- Qarşımdakı
insanı xoşbəxt
görəndə.
- İçinizdə
ekran həllini tapmayan filmlər sizə nə deyir?
- Biz rejissorlar
o qədər müstəqil
deyilik ki, öz pulumuza ürəyimiz istəyən
filmləri çəkə
bilək. Məni yaşadan
bir şey var, o da
kinodur.
Hazırda Ramiz Əzizbəyli rejissor Oqtay Mirqasımın “Qisas almadan ölmə” filmində baş rollardan birində çəkilir. Azərbaycan Televiziyasında Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibəti ilə Ramiz Həsənoğlunun hazırladığı “Mürafiə vəkilləri” teletamaşasında Ağamərdan bəy roluna, Xalq yazıçı Anarın Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı haqqında yazdığı ssenari əsasında yenə Ramiz Həsənoğlunun çəkdiyi “Sübhün səfiri” filmində isə Hacı Qara roluna dəvət olunub.
Bundan əlavə, Ramiz Əzizbəyli adını və mövzusunu hələlik sirr saxlasa da, yeni bir filmin çəkilişlərinə hazırlaşır.
- Filmdən əvvəl hansı hissləri keçirirsiniz?
- Desəm inanarsınız?
- Ramiz Əzizbəyliyə inanırıq.
- Bismillah deyirəm, Allahın adını çağırıram. Yüz faiz hazır olan işi başlayanda da, Allah məsləhət bilmirsə, dolu yağar, ildırım çaxar. Ona görə də Allahın adını çağırırsan və başlayırsan. Sonda da Əlhəmdüllah deyirsən.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 3 avqust.- S. 7.