Mingəçevirin böyük
turizm potensialı var
«Kür Hotel» kompleksi istirahət üçün
ideal məkandır
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi,
«Millennium» turizm şirkətinin
təşkilatçılığı ilə «Turizm ili» çərçivəsində
növbəti infotur iyulun 30-31-də Mingəçevir
şəhərinə təşkil
edildi.
İnfoturun məqsədi ölkə prezidentinin 2011-ci il 20 iyul tarixli sərəncamı
ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin
“Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının
müvafiq bəndlərinin
icrası ilə əlaqədar regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, daxili turizm bazarının fəallığını artırmaq
və «Kür Hotel» mehmanxanasının tanıdılması
idi. İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin, turizm şirkətlərinin əməkdaşları
və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik
heyət iştirak edirdi.
İşıqlı şəhər
İnfotur iştirakçıları mehmanxanaya çatanda artıq günün ən qızmar vaxtı idi. Amma hotelin içərisində
bu istilik hiss edilmirdi. Nahardan sonra «Kür Hotel»in marketinq üzrə meneceri Rövşən Əhmədovun
bələdçiliyi ilə
qonaqlar hotellə yaxından tanış
oldular.
Sonra Kür çayı
boyunca yaxta ilə gəzinti zamanı tur iştirakçıları Mingəçevir
su anbarı və Su Elektrik Stansiyası haqqında məlumat əldə etdilər. Tikintisi 1945-ci ildə başlanan
SES 1954-cü ildə işə
salınıb. Mingəçevir SES Cənubi Qafqazda ən iri su
elektrik stansiyasıdır.
Stansiyanın inşası ilə
yanaşı burada respublikanın yeni sənaye mərkəzinin
- energetiklər şəhəri
Mingəçevirin təməli
qoyulub.
1957-ci ildə Varvara SES işə düşdükdən
sonra bu iki qurğu birlikdə “Mingəçevir
SES silsiləsi” adlanır.
Kür çayının Bozdağdan
keçdiyi yerdə yaradılmış Mingəçevir
su anbarının
normal dolma səviyyəsində
ümumi su tutumu 15730 milyon kubmetrdir. Anbarın çay boyu
uzunluğu 70 kilometrdir,
eni 3 kilometrdən 18 kilometrədək dəyişir.
Maksimal dərinliyi 75 metr, orta dərinliyi 26 metr, sahil xəttinin
uzunluğu 247 kilometrdir.
Mingəçevir su anbarı
həm də iki kanalı - Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarını
su ilə təchiz edir. Bu kanallardan Mil, Muğan,
Şirvan düzlərində
ərazilərin suvarılmasında
istifadə edilir.
Su anbarından həmçinin balıqçılıq,
su təchizatı və rekreasiya məqsədi üçün
də istifadə olunur.
«Kür Hotel» yüksək xidmət təqdim edir
Gəzintidən sonra «Kür
Hotel» mehmanxanasının konfrans
zalında turizm şirkətlərinin və
KİV nümayəndələrinin iştirakı ilə geniş toplantı keçirildi. Hotelin icraçı
direktoru Toni Dimeski bildirdi ki, Azərbaycanda
fəaliyyət göstərən
turizm şirkətləri
və KİV-lərlə
əməkdaşlıq onların
başlıca məqsədidir.
Onun sözlərinə
görə, rəhbərlik
etdiyi obyekt əsasən buradakı olimpiya-idman kompleksinə, Kür avarçəkmə
mərkəzinə gələn
idmançılar üçün
nəzərdə tutulsa
da, adi turistlərin
də rahat yerləşməsi və
istirahət edə bilməsi üçün
hər cür şərait mövcuddur:
«Çalışırıq ki, hotelimizə gələn hər bir qonaq bizdən
razı getsin. Bunun üçün də təbii ki, ilk növbədə yüksək
və keyfiyyətli xidmət əsas şərtdir».
«Kür
Hotel»in marketinq üzrə meneceri Rövşən Əhmədov
slaydlar vasitəsilə
hotelin təqdimatını
etdi. Bildirdi ki, «Kür» mehmanxana və idman kompleksi Mingəçevir çimərliklərindən
5, şəhərin mərkəzindən
isə 10 dəqiqəlik
məsafədə yerləşir:
«Kompleks istirahət üçün regionda
ideal məkan hesab edilir. Hotelin ən böyük
üstünlüyü buradakı
otaqların hamısının
mənzərəsinin birbaşa
Kür çayına
açılmasıdır. Hotelin özü beynəlxalq 4 ulduz standartlarına cavab verən 48 nömrədən ibarətdir.
Kompleks həm də idman xarakterli olduğundan qonaqlarımızın
əksəriyyəti, xüsusilə
qış aylarında,
idmançılar olur.
Hotelimizin göstərdiyi xidmətlərə
olimpik üzgüçülük
hovuzu, türk və fin saunaları, massaj otağı, gimnastika-fitnes zalı,
sauna, açıq havada
tennis kortu, avarçəkmə
klubundan istifadə də daxildir. Kompleksin 6 hektar ərazisi var. Qonaqlarımıza istəklərindən
asılı olaraq, müxtəlif təyinatlı
turlar təşkil edirik».
Təqdimat zamanı məlum
oldu ki, hotelin özündə ikimərtəbəli restoran
fəaliyyət göstərir.
Birinci mərtəbədə 70-ə yaxın,
ikincidə isə
50-55 nəfər eyni vaxtda yemək yeyə bilir. Burada gələn qonaqlara Avropa və Azərbaycan mətbəxinin
nümunələri təqdim
olunur.
Hotel kompleksinə
daxil olan yüksək səviyyəli
xidmətlərdən biri
də 39 metr hündürlükdə yerləşən
“Qüllə” restoranıdır.
Buradan Kür çayı boyunca çox gözəl mənzərə
açılır. Xüsusilə xarici qonaqların çox sevdiyi restorandan Mingəçevir
şəhərinin əsrarəngiz
mənzərəsini seyr
etmək mümkündür.
Tədbir boyu «Kür
Hotel»in təmsilçiləri
jurnalistlərin və
turizm şirkətləri
nümayəndələrinin suallarını cavablandırdılar.
Turizm şirkətləri istirahət mərkəzlərinin
reklamına xidmət edir
«Millennium» turizm
şirkətinin nümayəndəsi
Rəşad Yusifli qəzetimizə açıqlamasında
bildirdi ki, belə infoturları təşkil etməkdə
əsas məqsəd regionlarda fəaliyyət göstərən hotellərlə
turizm şirkətlərinin
qarşılıqlı əməkdaşlığının
daha da genişləndirilməsidir:
«Hazırda yay mövsümünün qızğın
vaxtıdır. Bu səbəbdən də Azərbaycanın bölgələrinə
çoxsaylı turistlərin
cəlb edilməsini təmin etmək niyyətindəyik. Turizm şirkətləri
paket turlar satmağa daha çox üstünlük
verir və bu zaman da
əlavə xidmət
sahələrini də
birləşdirməklə müəyyən bir endirim əldə etmək istəyir. Bütün bunları isə iştirak etdiyi sərgilərdə ziyarətçilərə
təqdim edir. Beləliklə, turizm şirkətləri
istirahət mərkəzlərinin
reklamına xidmət edir. Bu baxımdan
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan bu infoturları yüksək
qiymətləndiririk».
Mingəçevirdə turizmin
inkişaf planı hazırlanıb
Mingəçevir şəhərinə təşkil edilən ekskursiya zamanı infotur iştirakçıları
maraqlı məlumatlar
əldə etdilər.
Mingəçevir Bakı şəhərindən
280-300 km qərbdə yerləşir.
Şəhərin adının mənası
haqqında müxtəlif
əfsanələr mövcuddur.
4500 ildən çox tarixə malik olan bu yerin
mənasını vaxtilə
görkəmli tarixçi-alim,
akademik Ziya Bünyadov belə izah edib: «Bu ad 839-cu ildə yaşamış və xəlifəyə qarşı mübarizə
aparmış Minqiçevir
əl Fəqaninin adı ilə bağlıdır».
Bu ərazidə
hələ e.ə.
III minillikdə yaşayış
olub. Arxeoloji qazıntılar zamanı
aşkarlanan qədim sikkələr burada qədim dövrdə şəhər mədəniyyətinin
mövcud olduğunu, ticarətin inkişaf etdiyini göstərir.
Məşhur türk səyyahı Övliya Çələbinin \\\"Səyahət\\\"
əsərində Mingəçevirin
Kür çayının
sağ sahilindəki hissəsində olan yaşayışdan və
burada olan toxuculuqdan, hamamxanalardan və s. bəhs edilib.
Mingəçevirin indiki yerində
əvvəllər şam
və vələs meşəliyi olub. Burada yeni şəhər salmaq fikri isə
ötən əsrin
30-cu illərində yaranıb.
1938-ci ildə burada Su Elektrik Stansiyasının (SES) tikilməsi
üçün araşdırmalar
aparılıb. Lakin müharibənin
başlanması bu işə mane olub. Müharibədən sonra SES-in tikintisi
başlanıb.
Mingəçevir 1948-ci ildə şəhər
statusu alıb. Hazırda Mingəçevir əhalisinin
sayı etibarı ilə respublikanın dördüncü böyük
şəhəridir.
Mingəçevirin böyük turizm
potensialı var. Mingəçevir
Şəhər Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Tahir Əzizlinin sözlərinə görə,
«Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı» qəbul edildikdən sonra şəhərdə bu sahənin inkişaf planı hazırlanıb.
Mingəçevirdə 7 turizm
obyekti var, bunlardan 5-i Mədəniyyət
və Turizm Nazirliyinin rəsmi lisenziyası əsasında
fəaliyyət göstərir:
«2011-ci ilin ölkəmizdə
“Turizm ili” elan edilməsi ilə əlaqədar şəhər ekskursiya və səyahətlər
bürosunun fəaliyyəti
gücləndirilib, turistlərin
hərəkətini asanlaşdırmaq
üçün Mingəçevirin
turizm xəritəsi işlənib hazırlanıb.
“Turizm ili”ndə Kür çayının,
Mingəçevir su anbarının, şirin sulu çimərliyin
imkanlarından daha səmərəli istifadə
edilməsi nəzərdə
tutulur. Şəhərdən
Hacıkənd, Gəncə,
Qəbələ, Xaçmaz,
Quba və s. istiqamətlərdə müxtəlif
turlar təşkil edilir. Bu turlarda
1200-1400 nəfər iştirak
edir».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 3 avqust.- S. 9.