Sənətinin vurğunu
Azərbaycan kinosunun 1960-1970-ci illərini haqlı olaraq intibah dövrü adlandırırlar.
Milli kinomuzun bir sıra
görkəmli simaları,
tanınmış aktyorlar
bu dövrdə sənət aləminə
qədəm qoyublar.
Belə sənətkarlardan biri də filmoqrafiyasında
60-dək ekran əsəri
(çəkildiyi və
səsləndirdiyi) olan
Xalq artisti Ramiz Məlikdir.
Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakıda anadan olub. 1967-ci ildə
Dövlət İncəsənət
İnstitutunun dram və
kino aktyorluğu fakültəsini bitirib və Milli Dram Teatrının truppasına
qəbul edilib. Romantik və realist aktyor məktəbinə aid edilən
aktyorun yaradıcılıq
potensialına, oynadığı
rollara gətirdiyi uğurlara görə ona teatrın hər bir yeni
mövsümündə müxtəlif
rollar həvalə edilib.
Teatr və televiziya
tamaşalarında yaratdığı
rollara görə tamaşaçı məhəbbəti
qazanan aktyor oynadığı personajları
yaddaşlara həkk etdirməyi yaxşı bacarır. Buna onun yaradıcılıq intuisiyası, xarici görünüşü, qüsursuz
nitqi və səs tembri imkan verir. Bu keyfiyyətləri, xarakterik siması kinorejissorların da diqqətindən yayınmadığından
onlar istedadlı aktyoru mütəmadi olaraq filmlərə dəvət edirlər.
Ramiz Məlik “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Qatır Məmməd” filmində Müllerin yavəri, “O qızı tapın”da Ziya, “Bircəciyim”də Yusifov, “İstintaq”da milis işçisi, “Yeddi oğul istərəm” filmində hökumət nümayəndəsi,
“Babək”də Səhl
ibn Sumbat, “Sevinc buxtası”nda Asanov, “Ad günü” filmində Əlinin dostu, “Qəm pəncərəsi”ndə çavuş,
“Qanun naminə”də gənc prokuror, “Qara gölün cəngavərləri”ndə podporuçik,
“Məhkumlar”da Cəfər
həkim, “İstanbul reysi” filmində şef və s. obrazlar yaradıb.
Sənət həmişə yeniliyi, tamaşaçı
isə bənzərsizliyi
sevir. Sənətin sehrinə qapılan
aktyor daim yaradıcılıq axtarışlarında
olduğunu yaratdığı
personajların orijinallığı
ilə sübuta yetirib. Belə olmasa idi, onun çox zaman kinoda oynadığı
epizodik rollar tamaşaçı yaddaşında
qalmazdı.
“Qanun
naminə” (rejissor Muxtar Dadaşov) filmindəki gənc prokuror və “Yeddi oğul istərəm” (rejissor Tofiq Tağızadə) filmindəki hökumət
nümayəndəsini yada
salaq. Obrazlar yalnız filmin
finalında təqdim olunur. Ekrandakı son kadrları izlədiyimiz
halda filmin bütün ideyasını
düşünürük. Bu obrazlar aktyorluğa
xas olan fərdi xüsusiyyətlərinə
görə biz tamaşaçıları
hadisələrin reallığına
inandırmalı, öz
yaradıcılıq fonunda
ümumilikdə filmin
süjet xəttinə
dəqiq münasibət
yaratmalı idi.
O, bunu bacardı.
Ramiz Məlik aktyor
təqdimatındakı bütün
(mənfi-müsbət) rollarında
həmişə cazibə
yaradıb. Sənətə olan sevgisi onu
uzun yaradıcılıq
axtarışlarına dözməyə,
yeni sənət sevinclərini duymağa ruhlandırıb. Ekranda yaratdığı
rolların daxili “mən”ini qüsursuz çatdıran, personajların
gerçəkliyinə, onun
fonunda isə hadisələrin reallığına
bizi inandıran aktyorun istedadını gördükcə Ramiz müəllimə çox
vaxt epizod rolların həvalə olunmasına təəccüb
etmişəm.
Ramiz Məlikin “O qızı
tapın” (ssenari müəllifi və rejissoru Həsən Seyidbəyli) filmində yaratdığı diş
həkimi Ziya obrazı yaddaqalandır.
Filmdə bu rol üçüncü planlıdır.
Amma aktyor təqdimatında personajın daxili aləmi, xarakterik cəhətləri tam açıldığına
görə filmin aparıcı qüvvəsi
kimi qəbul edilir. Bu obraz
ümumiyyətlə hər
bir dövr üçün gərəkli
olan maraqlı bir prototipdir. Ziya böyük bir cinayətkar qrupun törətdiyi cinayətdə
sevdiyi (Əminə) qızın da iştirakı (məcburi halda) olduğunu bilir. Bununla belə o, valideynlərini
itirmiş, həyatın
gözlənilməyən sürprizlərinə
artıq qurban edilmiş bu qıza, əslində isə sevgisinə sahib çıxıb, onu qorumağa çalışır.
Ziyanın timsalında biz öz
dövrünün gəncliyinin
hadisələrə fərdi
yanaşmasını, müstəqil
qərarlarını, məğrur
cəhətlərini görürük.
Filmlərdəki belə kamil
obrazlar hər dövr üçün aktual olan (cəsarət,
mərdlik və s.) hər hansı bir məsələnin həllinə tamaşaçının
da qəti qərar verməsinə rəvac verir. Məsələn, ailə qurulması
çox vaxt əsl-nəcabət, var-dövlət
prinsipləri üzərində
qurulursa, bu (Ziya) obraz qarşılıqlı,
səmimi sevgi əsasında müstəqil
həyat quruculuğunu
təbliğ edir.
Bu isə çətin
və mənalı bir həyatın başlanğıcıdır.
Hadisələrin aktyor ifaçılığındakı
təhlili bizi filmin müəllifinin fikirlərini dəqiq oxumağa sövq edir. Bu isə
bəlkə də ilk
baxışdan sadə
görünən həyat
fəlsəfəsini açır,
ekran kompozisiyasının
daxili dinamikasını
təmin edir, əsərin müasirliyini
qoruyur. Yaradıcılıqda olan müasirlik
isə, teatrşünas
Fazil Rəhmanzadənin
sözləri ilə desək, müasirlərimizi
düşündürən, onları narahat edən suallara cavab verməkdir. Həyatın vacib nüanslarını
sadə süjetdə
belə, bizə təqdim edən filmlər bu mənada uzun illər keçməsinə
baxmayaraq özünün
ekran həllini qoruyub saxlayır.
İstedadlı aktyorun yaradıcılığının
inkişafını mən
onun daxili zənginliyi, intellekti, geniş mütaliəsi ilə əlaqələndirirəm.
Belə olmasa idi, Ramiz
Məlikin kinoda yaratdığı epizod rolları belə uğurlu alınmazdı.
Hər bir obrazın aktyor ifasındakı şərhi, eyni zamanda ədəbi əsərin ekran təhlili deməkdir.
Kino sənətinin yüksəlişi bu meyarlarla ölçülür.
Ramiz Məlik bir
çox filmlərdə
səsləndirdiyi rolların
uğuruna görə
də milli kinomuzun simasıdır.
O, peşəkar, realist aktyor
məktəbinin bilicisi
olduğunu, təcrübəli
yaradıcılıq kredosunu
dublyajda səsləndirdiyi
obrazlarla da təsdiq edir.
Onun səsləndirdiyi “Tütək
səsi” (Tapdıq), “Axırıncı aşırım”
(Bəylər), “Bakıda
küləklər əsir”
(əsgər), “Dağlarda
döyüş” (rus sərhədçi), “Aşkarsızlıq
şəraitində” (trest
müdiri), “Od içində” (Andrey) və s. filmlərdəki obrazlı, ifadəli səsi, çox vaxt zəif ifalara belə uğur gətirib.
Ramiz Məlik kinoda
çəkildiyi maraqlı
rollarına görə
bu gün də geniş tamaşaçı auditoriyasının
diqqət mərkəzindədir.
Sevilən sənətkar 1984-cü ildə Hüseyn Cavidin “İblis” faciəsində yaratdığı
Arif roluna görə respublika Dövlət mükafatına
layiq görülüb.
1982-ci ildə Əməkdar artist, 1998-ci ildə
Xalq artisti fəxri adları ilə Ramiz Məlik sənətinə
və millətinə
bağlılığına, onlarla tamaşaçı
sevgisi qazandığına
görə doğrudan
da xalqın artistidir. Aktyor bu gün də müasirlərinin həyatından bəhs edən əsərlərə
səhnə və ekran taleyi yaşadır.
Onun ifadəli rollarına baxanda yaradıcılığının
əsasını bu rolları yaddaşlarda yaşatmaq istəyi olduğunu görürük.
Hər hansı bir dövrün müasiri olan personajı yaşatmaqsa elə sənətin fövqündə
durmaq, sənəti yaşatmaq deməkdir.
Şəhla Bürcəliyeva,
kinoşünas
Mədəniyyət.-
2011.- 3 avqust.- S. 10.