Duyğuların
incə ifadəsi
Pantomima
dünyada geniş yayılan və maraqlı özəllikləri
ilə seçilən teatr növüdür.
Pantomima sözsüz
tamaşadır. Bu teatrlarda səhnə əsəri yalnız
hərəkət vasitəsilə təqdim olunur. Burada
aktyorlar üz mimikaları, əl-qol və bədən hərəkətləri
ilə fikirlərini, tamaşanın məzmununu izləyiciyə
çatdırır. Bu baxımdan pantomima teatrı
aktyorlarından yüksək ustalıq tələb olunur.
Tamaşaçıların da bu tamaşalara marağı
böyükdür. Hərəkətin sehrinə düşmək,
sözün hərəkətlə ifadəsi insanlara həqiqətən
zövq verir.
“Mim” sənəti
Pantomima (pantomimes) yunan dilində “təqlid
etmə”, “yamsılama” mənasını verən “mimos”
sözündən əmələ gəlib. Pantomima bir anlamda
universal teatr dili olaraq qəbul edilir. Bunu daha aydın izah etmək
üçün pantomim ifadələrdən bir neçəsini
təqdim edirik. Pantomima tamaşasında bir əlin ürək
üzərinə qoyulması «eşq» duyğusunu ifadə
edir. Gözlər üzərinə yerləşdirilən əllərin
aşağıya doğru çəkilməsi
«gözyaşı» təəssüratını verir.
Sıxılmış yumruqların baş üzərində
yellənməsi «hirs»i izah edir, qolların çarpaz olaraq
aşağıda tutulması «arzu»nu dilə gətirir.
Ağzını və gözünü böyük
açmaq qarışıqlığı ifadə edir.
Pantomimanın vətəni
Yunanıstan sayılır. Mim antik teatrda xüsusi
nümayiş növü olub. Onun əsasını məişət
və satirik səhnələr təşkil edir. Bu teatr ilk
vaxtlarda xalq tərəfindən yaradılıb. Qədim mim sənətində
dialoq və monoloqlardan istifadə olunub. Lakin “vokal” mimlər də
mövcud idi. Bu mimlərin əsasını rəqs təşkil
edirdi. Aktyorlar maskasız oynayırdılar və tamaşalar meydanda
göstərilirdi. İlk dəfə bu üslubun professional səhnədə göstəricisi
Marsel Marso olub.
Gülməli, qəmgin «Bip»
XX əsrin
20-ci illərində sözsüz,
qrimsiz və dekorasiyasız tamaşalar
meydana gəldi. Bu tamaşalar mimdən
və səslərdən
ibarət idi. Bütün bunlar Jak Koponun «Köhnə
göyərçin yuvası
teatrı»nda baş verdi. Onun başladığı
işi sonralar Şarl Düllen davam etdirdi. Pantomima sənətində daha böyük addımı
Jan Lui Barro ataraq, «Gizlini aşkar etmək» devizi altında pantomima axtarışları
apardı. Sözçülüyə qarşı çıxan
sənətkarlardan biri
də Etyen Dekrü olub. O, Parisdə mim sənətinə dair məktəb yaradır və tələbələri
ilə birgə səhnəciklərində iştirak
edir. Adları çəkilən Jan Lui Barro və
Marsel Marso onun ən məşhur
tələbələridir.
M.Marso 1947-ci ildə mim
aktyorlarının truppasını
yaradır. Onun ən
tanınmış obrazı
gülməli, qəmgin
«Bip»dir. M.Marso bu obrazla bağlı
yaratdığı silsilə
tamaşaları ilə
məşhurdur. 1949-cu
ildə M.Marso öz teatrını yaradır. Onun yaratdığı dörd dəqiqəlik «Uşaqlıq, gənclik, qocalıq və ölüm» tamaşası
sənətçini pantomima
ustası kimi şöhrətləndirir.
Pantomimada maska və ya makiyaj maskadan
istifadə olunur.
Aktyorlar vücudlarının hər
bir hissəsini sərbəst şəkildə
hərəkət etdirmək,
plastik olmaq üçün gimnastika ilə məşğul olur, tamaşaçının
səhnə əsərindən
zövq alması üçün gərgin
məşqlər edirlər.
“Him-Cim”dən Pantomima Teatrına
Azərbaycanda pantomima teatrının
əsasını Mədəniyyət
və İncəsənət
Universitetinin Səhnə
hərəkəti və
xoreoqrafiya kafedrasının
dosenti, Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə qoyub. Hazırda Dövlət Pantomima
Teatrı kimi fəaliyyət göstərən
sənət ocağı
1994-cü ildə «Dəli
yığıncağı» pantomima teatr-studiyası kimi yaranıb və Gənc Tamaşaçılar Teatrının
nəzdində fəaliyyət
göstərib. 2000-ci ildə teatr-studiyaya dövlət statusu verilib. Bu teatr
Azərbaycan tamaşaçısına
teatr sənətinin bir qolu olan
pantomima janrını
tanıtmaq və sevdirmək missiyasını
üzərinə götürüb.
Teatr Xadimləri İttifaqının
və «Dəli yığıncağı» pantomima
teatrının təşəbbüsü
ilə “Him-Cim” adlı I və II Beynəlxalq pantomima festivalları keçirilib.
Bu teatrın aktyorları
məşhur gürcü
rejissoru Robert Sturuanın
tələbələri olublar.
Teatr bu günə qədər bir çox uğurlu işlərə imza atıb. Yaradıcı
heyət Gürcüstan,
Rusiya, Fransa, Türkiyə, Bolqarıstan,
İran, Almaniya, Avstriya və s. ölkələrdə festival və
müsabiqələrdə iştirak
edib. Truppa «Ümid», «Pantomima buketi», «Şərqə səyahət», «Manqurt», «Dulusçu», «Eşq», «Kölgə», «Korlar», «Dejavyu», «Adsız» və s. tamaşalar hazırlayıb.
Qələm-mürəkkəb, vərəq, ay-ulduz məhəbbəti
Dövlət Pantomima Teatrının
aktyorları tamaşaçıları
hər dəfə səhnə plastikaları
ilə təccübləndirirlər.
Teatrın baş rejissoru
Bəxtiyar Xanızadənin
quruluşunda V.Şekspirin
sonetləri əsasında
hazırlanan «Eşq» tamaşasını misal gətirmək kifayətdir.
Bu tamaşada aktyorlar öz oyunları ilə havada uçan kağız vərəqlərin,
ayla ulduzun və sonda qələmlə
mürəkkəbin məhəbbətini
göstərirlər. Bu
tamaşalarda başlıca
cəhət aktyor plastikasıdır. Tamaşaçıya isə aktyorların ifasında vərəqlərin,
ayla ulduzun, qələmlə mürəkkəbin
məhəbbətini, gözəl
musiqinin müşayiəti
ilə möhtəşəm
rəqsi izləmək
qalır.
Teatrın direktoru və
aktyoru Elman Rəfiyev pantomima sahəsində çalışan və bu sahədə böyük təcrübəsi
olan sənətçidir.
Onun sözlərinə
görə, son vaxtlar
bu sənətə gənclərin marağı
artıb: «Pantomimanı
sevən istedadlı gənclər çoxdur. İndi aktyorlar pantomima tamaşası üçün
özləri əsər
yazmalı, onu səhnələşdirməlidirlər.
Onlara özlərini inkişaf etdirmək üçün
əslində geniş
meydan verilir. Adətən deyirlər, pantomima tamaşaları az hazırlanır.
Amma nəzərə almaq lazımdır ki, bu tamaşaları hazırlamaq üçün
xeyli vaxt lazımdır. Çünki bu tamaşalar plastik bədən üzərində qurulur.
Bu bədənin tamaşaya uyğun dili tapılmalıdır ki, o biri tamaşalardan
fərqlənsin. Bu səbəbdən də qısa vaxt ərzində pantomima tamaşa hazırlamaq mümkün deyil. Bir ilə ən yaxşı halda üç tamaşa təhvil verə bilərik”.
Biz də
tamaşaçı olaraq
pantomima ustalarından
yeni səhnə əsərləri gözləyirik.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 3 avqust.- S. 12.