Etnoqrafik turizm marşrutları: Nic
Füsunkar təbiəti olan
Qəbələ rayonunun
Nic kəndi mədəni
zənginliyi və özünəməxsus maraqlı
etnoqrafik xüsusiyyətləri
ilə seçilir.
Bu kənd ölkəmizdə
ta qədimdən mövcud olan tolerantlıq mühitinin tarixi məkanlarından biridir. Nic eyni
zamanda Azərbaycanın
ən böyük kəndlərindəndir.
Kənd Qəbələ rayon mərkəzindən 40 km cənub-qərbdə
yerləşir. Burada azərbaycanlılarla
yanaşı, qədim
Azərbaycan dövləti
olan Qafqaz Albaniyasının sakinləri
olmuş udinlər yaşayır. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsrdə yaşamış
yunan müəllifi Herodotun “Tarix” əsərində məlumat
var. E.ə. I əsrdə yaşamış
Strabonun “Coğrafiya” əsərində də Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatda utilərdən
danışılır.
Nic kəndi
zəngin tarixi ilə yanaşı, gözəl təbiəti
ilə də diqqəti cəlb edir. Kənd ərazisi becərilmiş
torpaq sahələrindən,
geniş bağ-bağçalı,
yaraşıqlı evlərdən,
şəxsi həyətlərdən
ibarətdir. Qədim tarixə
malik olan Nic kəndində xeyli abidə aşkarlanıb.
Kəndin Abdallı adlanan
ərazisində Yalolutəpə
adlanan torpaq qəbirlər var, Ağdəlləhli adlanan
ərazidə tapılan
qəbir daşı isə XIII əsrə aid edilir. Kənddə olan alban kilsəsi, “Daş bulaq” adlı tarixi çeşmə bu yerlərə marağı xeyli artırır. Eləcə də
orijinal üslubda tikilən bir sıra yaşayış evləri Nicə gələn turistlərin diqqətini cəlb edir.
Alban kilsələrinə böyük
maraq var
Kənddə tarixi baxımdan
ən əhəmiyyətli
abidə olan alban-udin kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçısı
(I-II əsrlər) olub.
İsa peyğəmbərin
həvarilərindən (apostol)
olmuş müqəddəs
Yeliseyin şərəfinə
bina edilən kilsə böyük zaldan və onun üzərində ucaldılan çadırabənzər
dam ilə örtülmüş
kiçik zəng qülləsindən ibarətdir.
Kilsənin tikintisində Qəbələnin
dağlarından gətirilən
daşlardan istifadə
olunub. Təkcə Qəbələ rayonunda deyil, eləcə də digər qonşu ərazilərdə olan alban kilsələrinin tikintisində də bu dağların daşlarından istifadə
edilib. Kənddə daha iki qədim alban kilsəsi var.
Nic kəndinin
yaxınlığında Çuxur-Qəbələ
adlanan yerdə Qafqaz Albaniyasının paytaxtı olmuş “Kabala”
(Kabalaka) şəhərinin
qalıqlarını görmək
olar. Çuxur-Qəbələ kəndi Nicdən
15 km aralıda, Qaraçay
və Coruluçayın
ortasında yerləşir.
Oraya gedən yolboyu saxsı su borularının
qalıqlarını görmək
olar.
Nicin özünəməxsus
mətbəxi
Nic kəndində
yaşayan udinlərin
maraqlı mətbəx
nümunələri var. Onlardan
“ət sıyığı”
(düyü sıyığı
və ət), “fırrama” (təndirdə
qızardılmış hinduşka),
“şıftılıq” (şabalıd
və qozdan hazırlanmış sous),
“çilov” (paxla aşı), “döşəməli aş”
(cücəli plov) buraya gələn yerli və əcnəbi
turistlərə çox
maraqlı gəlir. Yerli mətbəxdə əsasən un, süd, ət və bitki növlərindən
istifadə olunur. “Xərisə” yeməyini
xüsusi qeyd etmək lazımdır.
Buğda
həll olunana qədər bişirilir, sonra kərə yağı ilə yağlanır və ətlə qarışdırılır.
Xərisə əkinçilərin ənənəvi xörəkləri
sayılır. Yaxın Şərqdə
və Suriyada da eyniadlı xörəkdən geniş
istifadə olunur.
Mərasimlərdə süfrəyə özlərinin hazırladığı
alça arağı
və üzüm çaxırı qoyulur.
Nic etnoqrafik xüsusiyyətləri
ilə diqqəti cəlb edir
Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri
Nargilə Qafarovanın
bildirdiyinə görə,
turistlər ilin müxtəlif fəsillərində
Nic kəndinə maraq
göstərirlər. “Müxtəlif dinlərin nümayəndələrini, əsasən
də xristian dininə inananları bu kənd çox
cəlb edir. Yerli əhalinin özünəməxsus
mədəniyyəti, dili,
mətbəxi, folkloru,
fərqli süfrə
mədəniyyəti, toy, yas
ənənələri var. Bura gələnlər ilk növbədə xristianlıq
dünyası üçün
müqəddəs sayılan
kilsələri ziyarət
edirlər”.
Nic kəndinin
Azərbaycanda tolerantlığın
bir örnəyi olduğunu vurğulayan Nargilə Qafarova son illərdə mədəniyyət
və turizm şöbəsinin dəstəyi
ilə burada “Udin Cəngi Qrupu”nun yaradıldığını
deyir. Kollektiv müxtəlif mədəni
tədbirlərdə iştirak
edir, udinlər öz etnik mədəniyyətlərini
qoruyub yaşadır:
“Kənddə etnoqrafiya
muzeyinin yaradılması
da çox gözəl olardı. Yerli əhalidə, ayrı-ayrı
şəxslərdə qədim
əşyalar, sənət
əsərləri var. Kənddə
klub fəaliyyət göstərir. Onun əsaslı
təmirini planlaşdırırıq.
Ola bilsin ki,
muzey formasında guşə yaradaq”.
Qədim ənənələr
qorunub saxlanılır
Vitali Keçarxoy Nic kəndində
fəaliyyət göstərən
mədəniyyət evinin
direktorudur. O, turistlərin
yerli əhalinin, xüsusilə də udinlərin məişətinə,
folkloruna maraq göstərdiyini deyir: “Udinlərin qeyd etdiyi əsas bayramlardan biri “Mayovka” adlanır. Bu bayrama mart ayından
hazırlıq görülər.
Aprel ayında isə yası olan ailələr yaxınlarının
məzarlarını ziyarət
edirlər. Bizdə ona
“Kala Axsibay” deyirlər.
Sonra həyət-baca təmizlənər,
mayın 1-də hazırlıq
işləri yekunlaşır.
Mayın
2-də isə kilsəyə
qurban aparırlar.
İmkanı olmayanlar qurban
kəsməzlər”.
Maraqlıdır ki, xristianlar
arasında qurban kəsmək ənənəsi
olmasa da, udinlərdə qurban kəsmək qədimdə
də olub, indi də bu
adət qalır.
Çox
vaxt bu, kəndə gələn xristian turistlərin də təəccübünə
səbəb olur.
Udinlərin toy
mərasimlərində milli
rəqslər , həmçinin "Yallı", "Uzundərə"
kimi Azərbaycan xalq rəqsləri oynanılır. Udin folkloru çox
rəngarəngdir. Müxtəlif oyunlar, əyləncələr,
lirik və qəhrəmanlıq nəğmələri,
rəqslər, əfsanə
və rəvayətlər
sırf məişət
həyatı ilə bağlı olub. Onların bəziləri bu günümüzə qədər
qorunub saxlanılır.
Kənddə Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir.
Mərkəz udinlərin qədim
adət-ənənələrinin inkişafı və mühafizəsi ilə məşğuldur.
Səma altında etnoqrafiya kompleksi yaradılacaq
Nic kəndinə
gələn turistlər
çox vaxt yerli əhalidən kirayələdiyi mənzillərdə
qalır, kəndin tarixi, məişəti, etnoqrafik xüsusiyyətləri
ilə tanış
olurlar. Kəndə ekskursiya, kəndin
məişət həyatı
və etnoqrafiyası ilə tanışlıq,
yerli mətbəxdən
ibarət yeməklər,
füsunkar təbiət,
qədim kilsələrə
- XVII əsrə aid edilən
Cotaari kilsəsinə,
XIX əsrə aid Bulun
və Göyün kilsə abidələrini ziyarət turistlərdə
zəngin təəssürat
yaradır. Yeri gəlmişkən,
Azərbaycanda “Turizm ili”lə bağlı təsdiq edilən tədbirlər planında
Nic kəndində səma
altında udin etnoqrafiya kompleksinin yaradılması, Qəbələ
rayonundakı Nic kəndindəki
alban kilsəsinin turizm marşrutlarına daxil edilməsi planlaşdırılır. Bölgənin turizm imkanlarının
daha da geniş
təbliği üçün
Qəbələ Turizm
İnformasiya Mərkəzinin
yaradılması da görüləcək işlər
sırasındadır.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2011.- 3 avqust.- S. 13.