Füzuli rayonunda orta əsrlərə aid
abidələr aşkarlanıb
Azərbaycanın Füzuli rayonunun
Babı kənd qəbiristanlığında yerləşən
Şeyx Babı Yaqub türbəsində arxeoloji
qazıntılar zamanı qədim karvansara və qədim qəbirlər
aşkarlanıb. XIV əsrə aid (1372-1374) Şeyx Babı
Yaqub türbəsinin ətrafında Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi əsasında aparılan arxeoloji
qazıntılar nəticəsində aşkar edilən tikili,
ehtimala görə, əvvəlcə karvansara olub, sonra isə
məscidə çevrilib. Arxeoloji ekspedisiyanın rəhbəri,
tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun
bildirdiyinə görə, aşkarlanmış abidə
qalıqları “Şeyx Babı Xanəgahı” adlanır:
“Burada XIV əsrə aid 6 daş qutu məzar aşkarlanıb
ki, bu cür qəbir növünə indiyədək Azərbaycanda
aparılmış arxeoloji qazıntılar zamanı rast gəlinməyib.
Bu məzarlar kərpic və daşlarla tikilib, kaşı ilə
bəzədilib. Məzarlardan isə məlum olur ki, qəbirlər
əsasən döyüşçü qəbirləridir.
Onlardan birində başsız skelet, birində skeletlə
yanaşı ox ucluqları tapılıb”.
X. Alməmmədov bildirib ki, bu ərazidə
sovet dövründə də araşdırmalar
aparılıb. İndiyədək burada aşkarlanan
qalıqlar daha çox hamam binası kimi qələmə
verilib. Amma son bir ayda həmin qalıqlarda aparılan
qazıntılar zamanı bu tikililərin hamam deyil, qəbir-məqbərə
olduğu müəyyən edilib.
X.Alməmmədov
onu da bildirib ki, qazıntı işləri tamamlandıqdan
sonra abidələrin üzərində təmir-bərpa
işlərinin aparılması nəzərdə tutulub.
Şeyx Babı Yaqub türbəsinin yaxınlığında
isə daha bir tarixi abidənin tədqiqi üçün yeni
arxeoloji qazıntı işlərinə başlanması
gözlənilir.
Mədəniyyət.- 2011.- 3
avqust.- S. 14.