Mədəniyyət
ziyası: Məhəmmədağa Şahtaxtlı
O, Azərbaycanda Qərb
standartları ilə çap olunan ilk Şərq qəzetini -
“Şərqi-Rus” qəzetini yaratdı. Mübaliğəsiz
demək olar ki, bu, Məhəmmədağa
Şahtaxtlının Azərbaycan mədəniyyəti tarixində
ən böyük xidmətlərindən biridir.
XIX əsrin ikinci yarısı - XX əsrin
əvvəllərində Azərbaycanın, mədəniyyət,
ictimai fikir tarixində özünəməxsus yeri, dəst-xətti
olan şəxsiyyətlərdən biri tanınmış
publisist, şərqşünas, dilçi, pedaqoq və ictimai
xadim Məhəmmədağa Məhəmmədtağı
Sultan oğlu Şahtaxtlıdır.
Məhəmmədağa
Şahtaxtlı 1846-cı ildə qədim Naxçıvan
mahalının Şahtaxtı kəndində anadan olub. Ev
şəraitində bir neçə il təhsil alan Məhəmmədağa
Naxçıvan şəhər məktəbində təhsilini
davam etdirir. Bir müddət sonra Tiflisdə kişi gimnaziyasına
daxil olur. Burada özünü hazırlıqlı, elmlərə
böyük həvəsi olan gənc kimi göstərir.
1863-cü ildə Tiflis gimnaziyasını müvəffəqiyyətlə
bitirib arzularının dalınca Peterburqa gedir.
Məhəmmədağa Peterburqda alman dilini öyrənir. Sonra o, Almaniyanın
Leypsiq Universitetinə
daxil olur. 1869-cu ildə həmin
universitetin fəlsəfə,
tarix və hüquq fakültəsini yüksək qiymətlərlə
bitirir.
Elmlərə və dillərə hədsiz həvəs göstərən Məhəmmədağa
Şahtaxtlı daha geniş üfüqlərə
can atır. Avropanın elm, mədəniyyət mərkəzi sayılan Parisə gəlir, burada 1873-cü ildə Şərq dilləri məktəbində mühazirələr
dinləyir, fransız
dilini öyrənir.
Eyni zamanda Avropa elm və mədəniyyəti ilə
yaxından tanış
olur. Gənc azərbaycanlının bilik və təfəkkürü
ona şöhrət qazandırır. Parisin
ali məktəblərindən
birində ona dərs demək təklif olunur. Lakin atasının vəfatı
Məhəmmədağanı vətənə dönməyə
məcbur edir.
Vətənə qayıtdıqdan sonra Məhəmmədağa
mətbuatda Şahtaxtlı
imzası ilə özünəməxsus, orijinal
yazıları ilə
tanınıb məşhurlaşır.
Çox
keçmir ki, onu Moskvaya dəvət
edərək “Moskovskiye
Vedomosti” qəzetində
işləməyi təklif
edirlər. Bu dövr onun məhsuldar yaradıcılığında
xüsusi bir mərhələ təşkil
edir.
1880-ci illərin
sonunda Şahtaxtlı
“Novoye Vremya” və “Peterburqskye Vedomosti” qəzetlərinin
Yaxın Şərq üzrə müxbiri kimi ərəb ölkələrinə, İrana
və Türkiyəyə
ezam olunur. Sonra isə həmin mətbuat orqanlarının
İstanbulda xüsusi
müxbiri təyin olunur.
1896-cı ildə
Məhəmmədağa eyni
zamanda dörd dildə: Azərbaycan, türk, fars
və ərəb dillərində qəzet nəşr etdirmək üçün Rusiya Daxili İşlər Nazirliyinə və Qafqaz Senzor Komitəsinə
ərizə ilə müraciət etsə də, müraciətləri
rədd edilir. 1899-cu ildə Şahtaxtlı
yenidən Fransaya qayıdır. O illərdə
Şahtaxtlının fransız
dilində çap etdirdiyi kitablar ona böyük hörmət qazandırır.
O, eyni zamanda Parisin məşhur Sorbon Universitetində, Beynəlxalq
Fonetika Cəmiyyətində
və eləcə də Fransa Elmlər Akademiyasının
“Asiya cəmiyyəti”
şöbəsində çalışır.
Əvəzsiz fəaliyyətinə görə 1901-ci ildə Fransa Xalq Maarif
Nazirliyi tərəfindən
xüsusi diplomla təltif olunur.
“Şərqi-Rus”un əks-sədası
Bir çox arzularını
reallaşdıran Şahtaxtlı
1902-ci ildə artıq
Vətənə qayıdır.
Doğma
Şahtaxtı kəndindəki
ata mülkünü satır, Tiflisə köçür və burada müasir bir mətbəə yaradır. 1903-cü il martın 30-da XX əsrin Azərbaycan dilində ilk qəzeti olan “Şərqi-Rus”u nəşr etdirməyə
başlayır. “Şərqi-Rus” Azərbaycanda
Qərb standartlarında
çap olunan Şərq qəzeti idi. Bu qəzetin
əsas məqsədi
türk-müsəlman əhalisini
maarif və mədəniyyətə cəlb
etmək idi. Mübaliğəsiz demək olar
ki, bu qəzetin
yaradılması Şahtaxtlının
Azərbaycan mədəniyyəti
tarixində ən böyük xidmətlərindən
biridir.
Az
müddət ərzində
“Şərqi-Rus” bütün
türkdilli xalqların
qəzeti kimi şöhrət qazanır.
Qəzet
yaxın-uzaq mətbuatın
diqqətini cəlb edir. Şahtaxtlı bu qəzetdə
aydın dillə, milli təəssübkeşliyi
ilə millətin dərdi-sərindən söz
açır. Onun “Şərqi-Rus”da
“Qəzetnəfəs” imzası
ilə dərc etdirdiyi 50-dən artıq məqaləsi dövrünün
aynası kimi cəmiyyətdəki geriliyi,
avamlığı və
bunun səbəblərini
cəsarətlə göstərir,
mövhumatçılığı, dini fanatizm, qadın əsarətini ustalıqla damğalayırdı.
Şahtaxtlı adı məhz
bu illərdə bütün Qafqazda, eləcə də Rusiyada müsəlmanların
ictimai ideyalar uğrunda mübariz bir qələm sahibi kimi tanınır,
ziyalılar arasında
dildən-dilə gəzirdi.
“Şərqi-Rus” qəzeti öz səhifələrində Şərqdə
çarizmin yeritdiyi müstəmləkəçilik siyasətini də özünəməxsus ustalıqla
açıb göstərirdi.
Buna görə də
qəzeti gözdən
salmaq istəyənlər
Peterburqa, çar Rusiyasının hakim dairələrinə
“donos”lar göndərirdilər.
Tezliklə “donos”çuların “əməyi” bəhrə verir. “Şərqi-Rus”a
qarşı mübarizə
daha da genişlənir.
1905-ci ilin əvvəlində
Qafqaz canişini Vorontsov belə bir məlumat alır: “Keçən il “Şərq-Rus”da elə məqalə dərc olunmuşdur ki, bunun üçün
Rusiyada hər hansı, hətta senzurasız nəşr olunan bir qəzeti
belə bağlayıb,
onun redaktorunu sürgün edərdilər”...
Azad qələm
Şahtaxtlı yaratdığı qəzetin ətrafına
ilk gündən dövrünün
işıqlı, zəkalı
qələm sahiblərini
toplayırdı. Belə mötəbər
ədiblərdən biri
də demokrat Cəlil Məmmədquluzadə
idi.
Mirzə Cəlilin ömür-gün
yoldaşı Həmidə
xanım “Mirzə Cəlil haqqında xatirələrim” kitabında
yazır: “1903-cü ildə
Tiflisdə Mirzə Cəlil təsadüfən
Məhəmmədağa Şahtaxtlı
ilə görüşüb.
Məhəmmədağa o zaman nəşr
etdiyi “Şərqi-Rus”
qəzetində Mirzə
Cəlili işləməyə
cəlb etmiş, o da razılıq verib qalmışdır”.
Sonralar Mirzə Cəlil yazırdı: ”Onu deyə bilərəm
ki, o əsrdə və o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun və
hökumətin istibdadı
ilə mübarizə
aparsın... Hətta yadımdadır ki, müsəlman arvadlarına
savadın və təhsilin lüzumu barəsində Məhəmmədağa
tərəfindən qəzetdə
yazılmış bir
məqalədə “qadın
azadlığı” kimi
iki kəlməmin üstə müsəlmanlar
içində böyük
danışıq törədi.
O ki qaldı siyasi məsələlərə,
bu barədə dilim lal olsun:
haman əsrin senzorunun tələbatı
o qədər ağır
idi ki, siyasət
nədir ki, siyasətin qorxusundan “s” hərfini yazmağa cürət eləmirdik...”
1905-ci ilin əvvəllərində
Şahtaxtlı öz
mətbəəsini Cəlil
Məmmədquluzadəyə və Ömər Faiq Nemanzadəyə verir və özü
də Tiflis gimnaziyasında
dərs deməyə başlayır.
Şahtaxtlı 1907-ci ildə Naxçıvan
mahalından Rusiyanın
II Dövlət Dumasına
deputat seçilir.
Onun məqsədi müstəmləkə
şəraitində yaşayan
xalqının dərdlərini
çarizmin mərkəzi
tribunasından söyləmək
idi.
Duma buraxıldıqdan sonra Şahtaxtlı Peterburqda qalıb “Rosiyya” qəzeti ilə əməkdaşlıq
edir. 1908-1918-ci illərdə isə əsasən xaricdə Türkiyə, İran, İraqda yaşayır.
Azərbaycanın ilk professoru
1919-cu ildə vətənə qayıdan Şahtaxtlı Bakı Dövlət Universitetinin yaradılmasında
fəal iştirak edir. Azərbaycanın
ilk ali məktəbində
Şərq dilləri
və ədəbiyyatından
mühazirələr oxuyur.
Azərbaycanda sovet hakimiyyəti
qurulandan sonra Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində
yaxından iştirak edir. Sovet hakimiyyəti illərində
Azərbaycanda ilk professor adına layiq görülən də o olur. 1922-ci ildə
ictimai-siyasi və pedaqoji fəaliyyəti nəzərə alınaraq
Şahtaxtlıya fərdi
pensiya təyin olunur. Məhəmmədağa
Şahtaxtlı 1931-ci il dekabrın 12-də,
85 yaşında Bakıda
vəfat edir.
Məhəmmədağa Şahtaxtlının yaratdığı “Şərqi-Rus”
qəzeti milli mətbuatımızın ən
möhkəm sütunlarından
biri oldu. Onun xalqı, milləti qarşısında böyük
xidmətləri zaman keçdikcə daha aydın görünəcək
və o, hər zaman xatırlanacaq.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 3 avqust.- S. 15.