Azərbaycanın
ev sahibliyi etdiyi daha bir mədəniyyət bayramı tarixə
yazıldı
Qəbələ
III Beynəlxalq musiqi festivalı bu gün başa
çatır
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən Qəbələ III Beynəlxalq musiqi
festivalı bu gün işini başa vurur. İyulun 15-dən
davam edən və dünyanın bir sıra ölkələrindən
tanınmış musiqiçiləri, solist və kollektivləri
bir araya gətirən festival ölkəmizin ev sahibliyi etdiyi
daha bir möhtəşəm mədəniyyət bayramı
kimi tarixə yazıldı.
Xatırladaq ki, iyulun 15-dən 22-dək
festival çərçivəsində pianoçuların II
Beynəlxalq müsabiqəsi keçirildi. Üç turdan
ibarət olan müsabiqədə 9 ölkədən 15
pianoçu iştirak edirdi. Müsabiqənin qalibi rusiyalı
pianoçu Andrey Yaroşinski oldu, Mizuho Nakada (Yaponiya) və
Ketevan Cakarataşvili (Gürcüstan) ikinci, Anna Kipiani
(Gürcüstan) üçüncü yeri tutdular. Bundan əlavə,
müsabiqənin finalında uğurla iştirak etmiş
Aleksandr Vaşadze (Gürcüstan), Nərgiz Kəngərli
(Azərbaycan) və Aleksandr Samoilov (Ukrayna) həvəsləndirici
mükafatlarla təltif olundular.
İyulun 23-də festivalın
konsert proqramlarına
start verildi. Festival günlərində Rusiya,
Böyük Britaniya, İsrail, ABŞ, Norveç,
Niderland, İtaliya, Fransa, Almaniyadan dünya şöhrətli
musiqiçilər və
kollektivlər rəngarəng
konsert proqramları ilə çıxış
etdilər. İyulun 30-da festivalın rəsmi açılışı keçirildi.
Avqustun
1-də festival çərçivəsində
Ağdaşda səyyar
konsert oldu. Habil Əliyev adına Ağdaş
şəhər musiqi
məktəbində keçirilən
konsertdə Azərbaycan
və Avropa bəstəkarlarının əsərləri
səsləndirilib, xalq
mahnıları və
təsniflər ifa olundu.
Klassik musiqi axşamı
Avqustun 2-də beynəlxalq musiqi festivalında dahi rus bəstəkarı
Sergey Raxmaninova həsr
edilmiş konsert olub. “Qafqaz Resorte” hotelinin kamera musiqisi zalında keçirilən
“Nostalji... Raxmaninov” adlı konsertdə rus bəstəkarının
“Müqəddəs iqamətgah
önündə”, “Sən
axşamı xatırlayırsanmı”,
“Yalvarıram getmə”,
“Vaxtdır”, “Tale”, “Yuxu”,
“Çoxdankı dostum”,
“Qəm etmə”, “Vokaliz”, “Məndən hər şeyi aldı”, “Məsihin zühuru”, “Dünən görüşdük”, “Stanislavskiyə
məktub”, “Gecə qəmlidir”, “Məni xatırladınmı”, “Mən
peyğəmbər deyiləm”
adlı əsərləri
səsləndirilib. Konsertdə
festivalın bədii rəhbəri Dmitri Yablonski
(violoncel), dünyanın
ən məşhur vokalçılarından olan
rusiyalı Sergey Leyferkus
(bariton), Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti,
festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli (piano) çıxış
ediblər.
Festivalın iştirakçıları Şəkidə
çıxış ediblər
Avqustun 3-də Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində
daha bir səyyar konsert Şəkidə təşkil
olunub. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanları sarayının həyətində
keçirilən konsertdə
rayon ictimaiyyətinin nümayəndələri,
musiqisevərlər iştirak
ediblər.
Konsert vokalçı Azər
Rzazadənin ifasında
italyan bəstəkarlarının
əsərlərindən nümunələrin
təqdim edilməsi ilə başlanıb.
Sonra tamaşaçılar
qarşısında vokalçılardan
Səbinə Əsədova
Üzeyir Hacıbəylinin
“Arşın mal alan” musiqili komediyasından Asyanın mahnısı və Cavid Səmədov Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən
nümunələrlə çıxış
ediblər. Vokalçıları pianoda respublika
və beynəlxalq müsabiqələr laureatları
Kəmalə Neymanova və Səidə Tağızadə müşayiət
edib.
Xanəndə Rəvanə Ərəbovanın
ifasında “Sarı gəlin” xalq, Səid Rüstəmovun “Getmə-getmə” mahnıları,
habelə “Mahur” və “Şur” təsnifləri tələbkar
Şəki tamaşaçıları
tərəfindən alqışlarla
qarşılanıb. Xanəndəni tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev müşayiət
edib.
Konsertin sonunda şəhər
İcra Hakimiyyəti başçısının müavini
Zərinə Cavadova çıxış edərək
Qəbələdə keçirilən
III Beynəlxalq musiqi festivalının Azərbaycanın
mədəni həyatında
çox əlamətdar
hadisə olduğunu diqqətə çatdırıb.
Natiq bu möhtəşəm musiqi
bayramının əhəmiyyətindən
danışıb, festival çərçivəsində
konsertlərdən birinin
məhz Şəkidə
təşkil edilməsinə
görə tədbirin
təşkilatçısı olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya şəkililər
adından dərin minnətdarlığını bildirib.
“Yeni Rusiya” simfonik orkestrinin növbəti konserti
Həmin gün axşam
Qəbələdə festivalın
daha bir konserti olub. “Qafqaz Resorte”
hotelinin qarşısında,
açıq səma altında keçirilən
konsertdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestri maraqlı proqramla çıxış edib.
Konsertdə bəstəkar Soltan
Hacıbəyovun “Karvan”
simfonik əsəri, Azər Rzayev və Pyotr Çaykovskinin
violin, piano və orkestr
üçün konsertləri
səsləndirilib. Orkestrin çıxışı
Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə baş tutub. Orkestr solo ifadan əlavə, İsrailin Keşet Eilon Beynəlxalq Violin ustad dərslərinin yaradıcısı,
Buenos-Ayres Beynəlxalq Violin Müsabiqəsinin sədri
Şlomo Mints (İsrail,
violin), S.Raxmaninov Fondunun
və “Annacy”, “Baykal ulduzları” və
“Crescendo” beynəlxalq festivallarının
bədii rəhbəri
Denis Matsuyevi (Rusiya,
piano) müşayiət edib.
Çıxışlar tamaşaçılar tərəfindən maraqla
qarşılanıb.
“Əyalətdə klassik musiqiyə böyük maraq məni heyran edir”
Qəbələ festivalı çox
yüksək səviyyədə
davam edir. Çoxsaylı mətbuat nümayəndələrinin,
yüksək səviyyəli
musiqiçilərin iştirakı
və fərqli musiqi janrlarına müraciət olunması bu tədbirin əhəmiyyətini daha da artırır. Auditoriya isə bizi çox
isti və açıq qəlblə
qarşılayır. Bu
günlərdə dünya
şöhrətli musiqiçilər
öz ifaları ilə bu təntənəli
mərasimə xüsusi
ovqat gətirirlər.
Bu fikri
festivalda iştirak edən “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Yuri Başmet bildirib. Paytaxtdan xeyli uzaq əyalətdə bu qədər insanın klassik musiqiyə yüksək səviyyədə
maraq göstərməsinin
onu valeh etdiyini söyləyən
Yuri Başmet Qəbələ
torpağında dünya
şöhrətli musiqiçilərin
bir araya gəlmələrini mühüm
hadisə kimi qiymətləndirib, burada olmaqdan məmnunluğunu dilə gətirib.
“Belə gözəl musiqi tədbirində yenidən iştirak etməkdən məmnunam”
Beynəlxalq musiqi bayramının
daha bir iştirakçısı, İngiltərə
Kamera Orkestrinin və London Simfoniettasının
solisti Saymon Blendis festivalın çox yüksək səviyyədə təşkil
olunduğunu bildirib.
Məşhur violin ifaçısı
Saymon Blendis qeyd edib ki,
artıq ikinci dəfədir Qəbələyə
gəlir: ”Ötən il bu festivala London Kral Simfonik Orkestrinin
tərkibində qatılmışdım.
Festivaldan dərin təəssüratla
ayrılmışdım. Belə gözəl musiqi tədbirində yenidən
iştirak etməkdən
məmnunam.
Ümumiyyətlə, son bir ildə
Azərbaycan çox dəyişib, paytaxtınız
gözəlləşib və
daha da müasirləşib.
Onu deməliyəm ki, Qəbələ III Beynəlxalq
Musiqi Festivalı çərçivəsində keçirilmiş pianoçuların
II Beynəlxalq müsabiqəsi
də yaddaqalan oldu. Düşünürəm ki, növbəti
ildə bu müsabiqənin coğrafiyası
genişlənərək daha
çox ölkələrdən
iştirakçılar cəlb
edəcək. Növbəti illərdə də bu festivalda iştirak
etməkdən məmnun
olardım”.
“Xoşbəxtəm ki, bu gözəl məkanda dünya musiqisini dinləyirəm”
İki il bundan
əvvəl keçirilmiş
birinci Qəbələ
Beynəlxalq Musiqi Festivalına İsrailin Ranaana Simfonik Orkestri də qatılmışdı. Bu dəfə isə biz Suzan
Delal Rəqs və Teatr Mərkəzinin
balet qrupunu Azərbaycana dəvət etmək qərarına gəldik. Bu qrup bir az fərqlidir. Onlar öz ifalarında
fərqli-fərqli janrlara
müraciət edirlər.
Qrupun çıxışları maraqla
qarşılanır.
Bu sözləri
festivalın konsertlərinə
tamaşa edən İsrailin Azərbaycandakı
səfiri Mixael Lavon-Lotem bildirib.
Səfir sözünə davam edərək deyib: “Xoşbəxtəm ki, Qəbələ kimi gözəl bir məkandayam. Burada dünya musiqisi
incilərindən ibarət
gozəl konsert proqramını dinləyirəm.
Məni buraya dəvət etdikləri üçün
azərbaycanlı dostlarıma
dərin minnətdarlığımı
bildirirəm. Ümid edirəm
gələn illərdə
də bu festivala tamaşa edəcəyəm. Gələn ili
səbirsizliklə gözləyirəm”.
Mədəniyyət.-
2011.- 5 avqust.- S. 3.