Məktəblilərin
didaktik kukla
tamaşaları
Layihə
rayonlararası müsabiqənin təşkili ilə davam edəcək
“Save the Children” (“Uşaqların
xilası”) humanitar təşkilatının və “Bakcell”in
gerçəkləşdirdiyi «Sağlam təşəbbüslər»
layihəsinin ilkin nəticəsi açıqlanıb.
Məktəblilərə
yaradıcı şəkildə özünü ifadə etməyi
aşılamaq məqsədilə həyata keçirilən
layihə uşaqları dram sənətinin tədrisinə cəlb
etməklə, uşaq teatrı vasitəsilə məktəblilərdə
problem həllinə yaradıcı yanaşmaq, öz
dünyalarını yenidən kəşf etmək, duyğu və
düşüncələrini ifadə etmək
üçün şərait yaradır. «Save the children»
mütəxəssis aktyor heyəti ilə respublikanın 20
rayonunda məktəblərdə ustad dərsləri, təlimlər
keçirib. Didaktik kukla tamaşalarının təşkilinin
əsas məqsədi uşaqların həyatına müsbət
dəyişiklikləri interaktiv üsullarla
çatdırmaqdır. Bundan əlavə, layihədə
iştirak edən aktyorlar məktəblərdə
uşaqların iştirakı ilə səhnəciklər
hazırlamağa kömək ediblər. Layihə çərçivəsində
istedadlı uşaqlar da üzə çıxarılıb.
Təşkilatın Azərbaycandakı
nümayəndəsi Samir Məmmədovun sözlərinə
görə, yay mövsümündə fasilə verilən
layihə sentyabrdan davam etdiriləcək. Layihənin növbəti
mərhələsi olaraq rayonlararası müsabiqənin təşkili
nəzərdə tutulub. Müsabiqələrdə
uşaqların özləri tərəfindən
hazırlanmış tamaşalar nümayiş etdiriləcək.
Hər bölgə üzrə qalib olan 5 məktəbin
Bakıda çıxışı təşkil olunacaq.
Qeyd edək ki, «Save the children» və
«Bakcell» keçən il «Bakcell stars» layihəsi çərçivəsində
sms kampaniyası keçiriblər. Nəticədə 55 min
manat miqdarında vəsait toplanıb ki, bu vəsait də
müəllim və şagirdlərin yaradıcı təlim
metodları ilə təmin olunmasına yönəldilib.
Gülər
Mədəniyyət.-
2011.- 5 avqust.- S. 5.