Könlün qəmi - “Dilqəmi”
Haqq aşığı
Yəhya bəy Dilqəm könlünün qəmini “Dilqəmi”yə köçürdü. Odur ki, “Dilqəmi” könüllərin qəmini, kədərini, həsrətini çəkir. Yüz illər də, belə olacaq...
Əsrlərdi ki, incə ruhlu haqq aşığı Yəhya bəy Dilqəmin
adı çəkiləndə yada “Dilqəmi”
havası düşür. Klassik
aşıq havaları arasında ölümsüzlük
qazanan bu hava qəlbimizin sarı siminə toxunub, könül
dünyamızı silkələyir. Nakam sevginin, ayrılığın, həsrətin
harayı kimi qəlblərimizi
havalandırır.
Dilqəməm, əridim dərd kürəsində,
Bivəfa dilbərin dörd dövrəsində,
Şikar sevdasıyla ov bərəsində
Gözləyib,
gözləyib yorulan mənəm.
XVIII əsrin sonu - XIX əsrin əvvəllərində
Şəmkir mahalında yaşayıb-yaratmış Yəhya
bəy Dilqəm aşıq ədəbiyyatında fərqli bir yolun yolçusu
oldu.
Əyri gedən
yoxuş, yollar!
Yollar, yarı qaytar
geri.
Onun yollara üz
tutub dediyi bu sözlər yarı geri qaytarmasa da, yollar haqq aşığının
saz-söz dünyasını
gələcəyə aparır.
Yəhya
bəy Dilqəm beləcə xatırlanır,
zamansızlaşır.
Mükəmməl təhsili, geniş
dünyagörüşü, incə ruhlu şeirləri, zərif bəstələri ilə
ürəklərə yol
tapan Yəhya bəy Dilqəm hələ gənc yaşlarında xalqın hörmətini, sevgisini qazanır.
Nə yazıq ki,
Yəhya bəyin nakam məhəbbəti, nisgil dolu həyatı
könül evini dağıtmış, aşıq
kədər dolu ömür yaşamışdır.
Yəhya bəy Dostuxanım
adlı gözəl bir qızla ailə qursa da, taleləri uğursuz olur, övladları olmur.
Deyilənlərə görə, bir
gün Dostuxanım inəyi əmmək istəyən buzovu sərinclə vuraraq geri qaytarır. Bu aşıq Dilqəmin ürəyinə toxunur, bilmədən «Axı sən hardan biləsən bala qədrini?!» - deyir. Övladsızlıq həsrətindən üzülən
Dostuxanımın sevdiyi
insanın bu sözlərindən könül
dünyası tar-mar olur.
İnciyib gedir, bir daha geri dönmür.
Nə Dostuxanım başqasına
ərə gedir, nə də Yəhya bəy təzədən evlənir.
Hayıf oldu, əlim əldən üzüldü,
Mənim üçün bircə saat yüz ildir,
Bağlar xəzəl oldu,
güllər pozuldu.
Mən kimi gülşəni
solan varmola?
Könlünü
şeirə, sənətə,
saza bağlayan Dilqəm bütün ömrü boyu Dostuxanımı öz qoşmalarında Telli deyərək əzizləyib,
haylasa da, Dostuxanımın sınmış
könlünə heç
nə məlhəm ola bilmir.
Bu sevgi hekayəti
dildə-ağızda gəzib
el-el, oba-oba dolaşır.
Dilqəm dünyasını dəyişəndən
az sonra
Dostuxanım da haqq dünyasına qovuşur.
O qızıl gülləri dərməyən
Dilqəm,
Dərib pünhan yerə sərməyən
Dilqəm,
Yarı bu dünyada görməyən Dilqəm,
Yarəb o dünyada görüşərmola.
Yəhya bəyin “Dilqəmi”
təxəllüsü götürməsinin
də öz tarixçəsi var. Bu təxəllüsün
qəmlə, kədərlə
heç bir bağlılığı yoxdur.
Həqiqət budur ki, Dilqəm Yəhya bəyin atının adı olub. Onu çox sevdiyindən atının adını özünə təxəllüs
götürüb.
Yəhya bəy Dilqəm
zaman-zaman xalqın yaddaşında yaşayıb.
Səməd Vurğun,
Osman Sarıvəlli kimi böyük şairlərimiz Yəhya bəy Dilqəmin yaradıcılığı barədə
dəyərli fikirlər
söyləyiblər. Xalq şairi
Hüseyn Arif isə dərd əlindən qəmə üz tutan haqq
aşığını “Dilqəm”
poemasında əbədiləşdirib.
Yəhya bəy Dilqəm
öz fərqli, zəngin yaradıcılığı
ilə saz-söz dünyamızda yeni cığır, yeni yol açdı. Sənətkarlığı ilə sevgini
adilikdən eşq mərtəbəsinə ucaltdı,
kədərin, qəmin
ayrılığın nazını
heç kimin çəkmədiyi kimi çəkdi. Odur ki, Yəhya bəy Dilqəm həm zərif şeirlərində,
həm yaddaşlarda, həm də “Dilqəmi”də yaşayacaq.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 5 avqust.- S. 7.