Bələdiyyələr turizmin inkişafına töhfə verə bilər

 

   Ölkə prezidentinin 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının bəzi maddələrinin icrasında müvafiq dövlət orqanları ilə bərabər, yerli özünüidarə orqanlarının - bələdiyyələrin də rolu müəyyənləşdirilib. Turizmin inkişafı təkcə dövlət və özəl qurumların deyil, həmçinin bələdiyyələrin bu işə töhfəsindən asılıdır. Azərbaycanda bələdiyyələrin turizm sahəsinin inkişafında hansı rola malik olduğunu aydınlaşdırmaq üçün mütəxəssislərə müraciət etdik.

  

   Bələdiyyələr turizmin inkişafında maraqlıdırlar

  

   Yerli özünüidarəetmə məsələləri üzrə ekspert Abil Bayramovun fikrincə, Azərbaycanda turizmin inkişafında bələdiyyələr də maraqlıdır. Çünki «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» qanunun 7-ci maddəsi və eləcə də «Yerli vergi və ödənişlər haqqında» qanunun 9-cu maddəsi yerli ödənişlərin tərkibi kimi, bələdiyyə ərazisində mehmanxana, sanatoriya, kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişi də nəzərdə tutur: «Bələdiyyələr həmin ödənişləri öz büdcələrinə daxil edə bilərlər. Təbii ki, hazırda Azərbaycanda turizmin inkişafı üçün daha çox perspektivlərin açıldığı bir şəraitdə bələdiyyələr turistlərin yerli sosial xidmətlərdən yararlana bilməsi üçün mümkün imkanlardan istifadə etməlidirlər. Bələdiyyələr bir sıra yerli xidmətlər göstərmək səlahiyyətinə malikdirlər. Bu, bələdiyyə ərazisinin tullantılardan təmizlənməsi, yaşıllaşdırılması, parkların salınması və s. bu kimi fəaliyyətləri əhatə edir. Ona görə də bələdiyyələr bu cür yerli xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqla həm də turizmin inkişafı üçün şərait yaratmış olurlar. Bu isə gələn turistlərin sayına müsbət təsir göstərir. Turistlərin sayının çox olması isə sanatoriya, kurort, mehmanxana və turist xidməti göstərən şəxslərin vəsaitlərinin artmasına, bu da öz növbəsində bələdiyyələrə daxil olan vəsaitlərin artmasına gətirib çıxarır. Bu baxımdan bələdiyyələr həm turizmin inkişafında maraqlıdırlar, həm də bu inkişafa yerli səviyyədə şərait yarada biləcək qurumlardan biridir».

   Mütəxəssisin sözlərinə görə, bələdiyyələrin səlahiyyətlərində və maliyyəsində mövcud olan problemlərin həlli onların turizm sahəsinə marağını daha da artırar: “Yerli özünüidarə sisteminə malik olan əksər ölkələrdə əhaliyə ictimai xidmətlərlə bağlı, demək olar ki, bütün səlahiyyətlər bələdiyyələrdədir. Onların bu sahədə səlahiyyətləri də dəqiqdir, kifayət qədər maliyyə mənbələri də var. Ona görə də bəzi fəaliyyət növləri ilə bağlı lisenziyaların verilməsi də yerli özünüidarə qurumlarının səlahiyyətindədir. Yol infrastrukturu, su təchizatı, kanalizasiya xidməti, məişət tullantılarının toplanması və nəql olunması ilə bağlı səlahiyyətlər və s. bələdiyyələrə verilib. Təbii ki, bizdə də bələdiyyələrin səlahiyyətləri artırılarsa, o cümlədən maliyyə potensialı güclənərsə, bu sahənin inkişafında əhəmiyyətli rol oynaya bilərlər”.

  

   Hər şeyi maliyyəyə bağlayıb, iş görməmək doğru deyil

  

   Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov deyir ki, ərazi planlaşdırılması, turizm-rekreasiya zonalarının inkişafı ilə bağlı hələ ölkə başçısı tərəfindən ötən il təsdiqlənmiş əsasnamədə də bələdiyyələrin rolu müəyyənləşdirilib. Bələdiyyələr torpaq paylarına malikdir, onlar müəyyən yerli vergilər alırlar, sosial xidmətlər göstərirlər. Bu baxımdan onların turizmin inkişafına birbaşa aidiyyəti var: «Samur-Yalama zonasında apardığımız son tədqiqatlar zamanı 6 bələdiyyənin fəaliyyəti ilə tanış olmuşduq, onların Nabran bölgəsində turizmin inkişafı ilə bağlı rəylərini öyrənmişdik. Bu zaman biz bir daha şahidi olduq ki, turizmin inkişafında bələdiyyələrin rolu nə qədər vacibdir. Əsas olan odur ki, bələdiyyələr bu məsələyə peşəkar yanaşsınlar. Məsələn, Türkiyədə bələdiyyələr turizmlə bağlı illik müəyyən kampaniyalar həyata keçirirlər. Şirkətlərin, turizm xidmətləri təşkil edən müəssisələrin, nəqliyyat şirkətlərinin bələdiyyə ərazisində filiallarını açmalarına, öz xidmətlərini təklif etmələrinə köməklik göstərirlər, onlara öz səlahiyyətləri daxilində müəyyən güzəştlər tətbiq edirlər. Bu baxımdan güman edirəm ki, Azərbaycanda da bələdiyyələrin rolu artırılmalıdır. Digər tərəfdən isə bələdiyyələr özləri bu işdə təşəbbüskar olmalıdır. Onların ərazilərində turizmin inkişafı ilə bağlı hər hansı tədbir həyata keçirilirsə, bələdiyyələr müşahidəçi qalmamalı, aktiv rol oynamalıdırlar».

   E.Aslanov bələdiyyələrin passivliyini bir neçə səbəblə əlaqələndirdi. Onun fikrincə, bələdiyyələrin səlahiyyətlərinin və resurslarının azlığı, ilk mərhələdə bələdiyyə torpaqlarından səmərəli istifadə olunmaması, mərkəzi büdcədən bələdiyyə ayırmalarının azlığı onların turizmin inkişafına lazımi töhfəni verməsini əngəlləyir: «Amma apardığım müşahidələrə əsasən onu deyə bilərəm ki, xüsusilə bu gün turizmin inkişaf etdiyi şimal, qərb və cənub bölgələrində olan bələdiyyələr turizmin inkişafında bu və ya digər rola malikdirlər. Onların balansında olan torpaq sahələrində fəaliyyət göstərən turizm obyektlərindən bələdiyyələr yetərincə vergilər toplayırlar. Bu vəsaitlə onlar müəyyən kampaniyalar həyata keçirə bilərlər. Məsələn, bu əraziyə gələn turistlərə həmin obyektlərdən 10 faiz endirim almaq mümkündür. Və ya onlar uşaq və sosial turizmin inkişafı ilə bağlı bir kampaniya keçirə bilərlər. Qış mövsümündə turistlərin az gəldiyi vaxt ali məktəblərlə və digər müəssisələrlə birlikdə onların işçilərinin həftəsonu istirahətlərini təşkil edə bilərlər ki, bununla da öz ərazilərini tanıdarlar. Türkiyədə, Yunanıstanda, İspaniyada və digər ölkələrdə yerli özünüidarə orqanları bu sahədə bir çox fərqli ideyalar həyata keçirirlər. Düzdür, bu ideyaların gerçəkləşməsi üçün maddi resurs lazımdır. Amma burada bir qisim işlər var ki, bunun üçün sadəcə, təşəbbüskarlıq lazımdır. Demək istədiyim odur ki, hər şeyi maliyyəyə bağlayıb heç bir iş görməmək də doğru deyil».

   Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin böyük məsləhətçisi Qədir Xəlilovun məsələyə münasibəti isə qısa oldu: «Bələdiyyələrin elə böyük maliyyə imkanı yoxdur ki, turizmin inkişafına xidmət edən layihələrin icrasına yaxından köməklik göstərsin. Amma Tədbirlər Planında nəzərdə tutulubsa, yəqin imkanları çatan qədər işlər görəcəklər».

  

 

   Fəxriyyə Abdullayeva 

 

   Mədəniyyət.- 2011.- 5 avqust.- S. 9.