Kinoteatrlarda xarici filmlər necə nümayiş olunur?
Ağır iş həftəsindən
sonra yaxşı istirahət hər zaman arzulanandır. Mədəni
istirahətin bir növü də kinoteatra getməkdir.
Bildiyimiz
kimi, hazırda paytaxt Bakıda və ümumilikdə respublikada fəaliyyət göstərən kinoteatrlar
azdır. Bakıda bir
neçə kinoteatrda
ən yeni filmlər (premyeralar) nümayiş olunur. Bu ekran əsərləri
isə son vaxtlaradək
rus və ya ingilis dilində
yayımlanırdı. İyulun 15-dən
isə ölkədəki
kinoteatrlarda filmlər
Azərbaycan dilində
(o cümlədən subtitrlə)
nümayiş etdirilməlidir.
Bəs bu məsələ kinoteatrlarda necə həll olunur?
Bu suala
cavab tapmaq üçün öncə
paytaxtın mərkəzindəki
“Araz” kinoteatrında vəziyyətlə maraqlandıq.
Kinoteatrın direktoru Nəriman Əzimov bildirdi ki, iyulun
1-dən filmlər Azərbaycan
dilində nümayiş
olunur: “Biz əsasən
son illər çəkilən
Azərbaycan filmlərini
nümayiş etdiririk.
Düzdür, bəzi köhnə
filmlərimizi də göstəririk. “Günaydın
mələyim”, “Cavad xan”, “Arxada qalmış
gələcək”, “Qala”,
“Yalan”, “Güllələnmə
təxirə salınır”,
“Biz qayıdacayıq”, “Həm
ziyarət, həm ticarət”, “Fətəli xan” və s. filmlər artıq kinoteatra təqdim edilib. Xarici filmlərə də
yer ayırırıq.
Hələlik türk dilində
dublyaj ilə. Çünki dublyaj elə
də asan həll edilən problem deyil. Fəaliyyətdə olan bütün
kinoteatrların birləşib
vahid dublyaj studiyası yaratması məsələsi var. Ancaq
bunun da maliyyə problemi var. Yeni çəkilmiş xarici filmləri öz dilimizə dublyaj etmək imkanı olsa, bu tamaşaçı axınına da müsbət təsirini göstərmiş olar”.
Daha çox premyera filmləri ilə tamaşaçı toplayan
“Azərbaycan” kinoteatrının
yayım üzrə koordinatoru Faiq Kazımov da xarici ekran əsərlərinin
Azərbaycan dilində
nümayişi ilə
bağlı çətinliklərindən
danışdı: “Biz adətən
Amerika kino şirkətlərindən yeni
istehsal olunmuş filmləri alırıq. Filmlərin bütün müəllif
hüquqları da onlara məxsusdur. Buna görə də
filmlərin subtitr və ya dublyaj
prosesini yalnız həmin şirkət həyata keçirə bilər. İri kino şirkətləri
bu işi etməkdən imtina edirlər. Çünki
Azərbaycanda rəqəmsal
kinoteatrların sayı
azdır: “Park cinema” və
“Azərbaycan” kinoteatrı.
İki kinoteatr üçün bu işi görmək
maddi baxımdan onlara sərfəli deyil. Həmçinin subtitr prosesi
çətin prosesdir.
Maliyyə də çox
tələb olunur.
Qeyd edim ki, bir
filmin istehsalçı
şirkət tərəfindən
dublyajı 15-30 min manat
arası başa gəlir. Subtitr bir qədər
ucuz olduğundan hələlik bu variantı seçmişik.
Yeni istehsal olunan filmin müəllif hüquqları həmin şirkətə məxsus
olduğu üçün
filmin mətnini də onlar bizə
göndərməlidirlər. Hazırda əksər filmlər subtitrlərlə nümayiş
olunur. Bəzi yeni filmləri
ümumiyyətlə nümayiş
edə bilməyəcəyik.
Böyük kino şirkətləri üçün
subtitr işi çox xırda iş hesab olunur.
Buna görə də bacardığımız
şirkətlərlə bu
işi razılaşdırmışıq
və hazırda yalnız həmin filmlər nümayiş olunur. Proses gedir və ümid
edirəm ki, daha uyğun bir variantla problemi
həll edəcəyik.
Əgər köhnə filmləri
nümayiş etdirməyə
başlasaq, o zaman kinoteatrın reytinqi aşağı düşəcək
və biz tamaşaçımızı
itirəcəyik.
* * *
Kinoteatrlara gələn tamaşaçıların
bir neçəsinin məsələyə münasibətini
öyrəndik.
Nəsimi Babayev (31 yaş, operator) -
Vaxtım və pulum olanda kinoteatra
gəlirəm. Yorğunluğumu çıxarmaq üçün
dostlarla daha çox komediyaya baxırıq. İndi baxdığım
film də komediya idi. İlk dəfə idi
ki, Azərbaycan dilində subtitrlərlə
baxırdım. O qədər
də bəyənmədim.
Çünki komediyanın xüsusi
məqamları var ki, başqa dilə düzgün tərcümə edilmədikdə
karikatur formaya düşür.
Selcan Məmmədova (26 yaş,
evdar qadın) - Tərcümədə çoxlu
uyğunsuzluqlar vardı.
Bu cür film nümayişi heç xoşuma gəlmədi.
Rəşad Həsənli (28 yaş, vəkil) - Bu prosesi öz dilimizə hörmət kimi qəbul edirəm. Bütün ölkələrdə kinoteatrlar
filmləri öz dillərində nümayiş
etdirirlər. Təbii ki,
filmin orijinal dildə də nümayişi məqsədəuyğundur.
Ancaq kütləvi nümayiş
öz dilimizdə olmalıdır. Subtitrlərlə tərcümə də pis deyildi. Hələ yeni başladığımızı
nəzərə alıram.
Sevda Nəsirova (32 yaş, müəllimə) - Dublyajın
və ya tərcümənin keyfiyyətindən
şikayətlənə bilərik.
Lakin unutmayaq ki, uşaqları
milli ruhda tərbiyə etməyin
ilk şərtlərindən biri də doğma
dilimizdir. Mən bu
prosesin həyata keçirilməsini müsbət
qiymətləndirirəm.
Kinoteatrların Azərbaycan dilində
film nümayişi prosesi
yeni başladığından
təbii ki, müəyyən problemlər
yaranır. Lakin bu iş yoluna
düşdükcə həm
dublyaja qulağımız
vərdiş edəcək,
həm də bu prosesin önəmini
anlayacağıq.
Bir məsələni də qeyd edək
ki, xarici ölkələrin film həftələri
çərçivəsində də Azərbaycan kinoteatrlarında nümayiş
olunacaq filmlər Azərbaycan dilinə dublyajla veriləcək.
Mədəniyyət və Turizm
Nazirliyindən verilən
məlumata görə,
xarici ölkələrin
kino həftələri
çərçivəsində nümayiş olunacaq filmlərin danışıq
mətnləri əvvəlcədən
göndəriləcək və
filmlərin tərcüməsi
başa çatdırıldıqdan
sonra bu tədbirlər təşkil
olunacaq.
Milli dəyərlərə söykənməyin ilk göstəricilərindən
biri də dilimizi qorumaq, onu zənginləşdirmək
və bacardıqca daha çox təbliğ etməkdir.
Reyhan İsayeva
Mədəniyyət.-
2011.- 5 avqust.- S. 10.