Azərbaycanın
ilk fotoqrafı
150 illik tarixi olan Azərbaycan
fotoqrafiyasında ilk fotoaparatla çəkilişlər əcnəbilər
tərəfindən aparılıb. Mircavad Axundzadə isə
Azərbaycanın ilk fotoqrafı olaraq qəbul edilir. Onun
haqqında məlumat az olsa da, Azərbaycan Fotoqraflar Birliyindən
ilk azərbaycanlı foto ustasının həyat və fəaliyyəti
barədə müəyyən bilgilər əldə edə
bildik.
Mircavad Axundzadə 1909-cu ildə
Bakıda doğulub. Atası Seyidağa Axundzadə
açıqfikirli və mütərəqqi ziyalılardan
olub. Babası Axund Mir Hüseyn isə İraqın Nəcəf
şəhərində 15 il ali dini təhsil almış, islam
elmləri ilə yanaşı tarix, coğrafiya və tibb sahəsinə
dair biliklərə dərindən yiyələnmişdi. O,
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə də
dostluq edirdi. Oğlu Seyidağa da Tağıyevin “Kaspi” mətbəəsində
mürəttib vəzifəsinə işə düzəlmişdi.
O, sürətlə və qüsursuz
yığıcılıq peşəsinə yiyələnməklə
yanaşı mətbuatda məqalələrlə
çıxış edirdi.
Kiçik yaşlarından fotoya həvəs
göstərən Mircavad Axundzadə mətbəədə
işləyən atasının yanına tez-tez gedərmiş.
Burada Lifşits soyadlı bir alman uşağın
marağını görüb ona fotoaparat
bağışlayır. Beləcə, Mircavad 9 yaşından
bu sənətə bağlanır.
Məşhur fotoqrafın səkilləri
və neqativləri hazırda arxivlərdə qorunur. Fotoqraf
haqqında Şamil Nəcəfzadənin rejissorluğu ilə
“Ağ-qara dünya” sənədli filmi də çəkilib.
Film Aşqabadda “Firuzə baharı” festivalında mükafat
qazanıb.
Rejissor Şamil Nəcəfzadə
deyir ki, filmin çəkilişi ilə bağlı təşəbbüs
1991-ci ildə “Yaddaş“ sənədli filmlər studiyası tərəfindən
irəli sürülüb. “Bu mənim ilk sənədli filmim
oldu. Çəkilişlər Maştağada
aparılırdı. Biz filmi onun yaşadığı evdə
çəkdik. Həmin vaxt o, evdə qızı və nəvəsi
ilə yaşayırdı. Film sanki yaxın keçmişimizə
bir səyahətdir. Filmdə qocaman fotoqrafın çəkdikləri
fotolarla yanaşı, digər fotoqrafların şəkilləri
də yer alıb. Filmdə həyatın müxtəlif
anlarını dondurub saxlayan, yaşadan və nəsillərdən
nəsillərə ötürən fotolar yer alıb”.
Rejissor deyir ki, filmi çəkəndə
qocaman fotoqrafın gözləri görmürdü. Biz filmi
çəkəndə də çalışırdıq ki,
bu məqamlar hiss olunmasın. Mircavad Axundzadə filmin təqdimatına
qızı və nəvəsi ilə gəlmişdi. Təqdimatda
da nəvəsi kino təsvirlərini onun qulağına
pıçıltı ilə danışırdı. Qeyd edək
ki, 17 dəqiqəlik film mətnsizdir, təsvir və musiqilərdən
ibarətdir.
Mircavad Axundzadə 1996-cı ildə
Bakıda vəfat edib. Dünyadan köçəndən
sonra, fotoqrafın evləri satılıb dəyişiləndə,
arxivi köhnə evdə qalaraq itib.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2011.- 5 avqust.- S. 10.