Danışır,
Eldost Bayram!
Qonağımız Azərbaycan
professional diktor məktəbinin ən sanballı nümayəndələrindən
biri, uzun illər nəsillərə Azərbaycan dilində
danışmağı öyrədən, səslə öz
obrazını yaradan, milyonların doğmasına çevrilən,
Azərbaycan Dövlət Radiosunun ali dərəcəli
diktoru, Əməkdar artist Eldost Bayramdır.
- İnsanlar illər
boyu eşitdiyi, sevə-sevə dinlədiyi səsin sahibini -
Eldost Bayramı daha yaxından tanımaq istəyir.
Xahiş edirik, özünüzü oxucularımıza, eyni
zamanda dinləyicilərinizə bir az da
yaxından tanıdın.
- Həzrəti Əli (əleyhisalam)
müqəddəs kəlamlarından birində deyir:
“Danışın, ta tanınasınız. Kişi
dilinin altında gizlənir”. Bu
aksiomadır, sübuta ehtiyacı yoxdur. “Danışır
Azərbaycan radiosu” sözlərini illər boyu demişəm.
40 illik zəhmətimin bəhrəsi odur ki,
xalqımın rəğbətini, məhəbbətini
qazanmışam. 40 ildən sonra ürəklə
deyə bilərəm ki, danışır, Eldost Bayram. Ona görə də birinci növbədə
xalqımıza, dövlətimizə minnətdaram ki, bu
hüququ mənə verib.
Mənim iki ailəm
var, biri öz ailəmdir, biri Azərbaycan radiosudur. Bu iki ailədən birinin sahibiyəm, o birinin
üzvüyəm. Çünki o ailədə
çox böyük sənətkarlar olub. Mənim xoşbəxtliyim ondadır ki, korifeylərin
gözünün qabağında böyümüşəm.
Ruhu şad olsun Aydın Qaradağlının,
Ramiz Mustafayevin, Fatma Cabbarovanın, Allah
cansağlığı versin Züleyxa Hacıyevaya, Sabir Əsgərova.
İllər boyu onlardan öyrənmişəm,
göstərdikləri yolun nəticəsidir ki, Eldost Bayram
özü artıq ayrıca bir məktəbdir.
Eldost
Bayramın alın yazısı
- 1947-ci ildə Kürdəmir
rayonunun Çöl Ərəb kəndində, kasıb bir ailədə
anadan olmuşam. Ana görməmişəm.
Bəziləri deyirlər, mən dünyaya gələndən
10 gün sonra, bəziləri deyirlər, 40 gün sonra anam rəhmətə
gedib. Amma anasızlığı hiss eləməmişəm,
böyük bibim anamı əvəz eləyib. Bir
yaşım olanda da Böyük Vətən müharibəsində
əsir düşdüyü üçün atamı həbs
edib 25 il iş veriblər. Bir
də 8 ildən sonra atamı buraxdılar. Haradasa 8-10 yaşım olanda atam qayıtdı.
Ancaq bu illərdə atasızlığı da hiss eləmədim.
Bibimin həyat yoldaşı, ailəsi,
kiçik əmim - Əli əmim o illərdə mənə
atalıq elədilər. Kənd
uşaqları necə böyüyür, mən də elə
böyüdüm. Kənddə mənə
ayrıca hörmət eləyirdilər, çünki atam o kənddə
barmaqla göstərilən kişilərdən biri olub.
Biz adətən oxuyan adama ziyalı deyirik, amma ziyalılıq
tək oxumaqla deyil ki... Atam elə bir insan idi ki,
ona ziyalılığı Yaradan vermişdi. Məndə də atamın qanından, genindən
keçən xüsusiyyətlərdi,
qarşılıqlı ünsiyyət forması var. Efirdə
də bu aydın hiss olunur. Səs öz
yerində. İlahi hər seçilmiş
insana bir cür nemət verir. Baxır, o
nemətdən necə istifadə edirsən. Mənim səsimə oxşar səslər
çoxdur. Amma səsdən istifadə eləmək
tamam başqadır. Səsdəki səmimiyyət dərhal
hiss olunmalıdır. İstər rəsmi
material oxu, istərsə də qeyri-rəsmi material. Dinləyicilərim mənə deyirlər ki, Eldost
müəllim, siz yağış yağacaq, qar yağacaq
sözlərini də elə formada deyirsiniz ki, biz
üşümürük.
Səs
Günlərin birində
Çöl Ərəb kəndinə radio xətti çəkildi.
Deyəsən, elə o gün, o zaman hələ
Eldost yox, Aldost olan balaca bir uşağın dünyasında hər
şey dəyişdi.
- Aydın
Qaradağlının başdan-ayağa həyat olan səsini
ilk dəfə eşidəndə onun səsinə vuruldum.
Bu səsi hansı formada isə izah eləmək
mümkün deyil. Bu, qeyri-adi bir səs
idi. Aydın Qaradağlıya qulaq asanda elə
bil ki, millətini, xalqını təzədən
görüb, tanıyırdın, Azərbaycanı, dilini yenidən
sevirdin. O qədər gözəl axıcılıq,
gözəllik vardı səsində. Aydın
Qaradağlının səsi ana laylası idi elə bil.
O səsə saatlarla qulaq asardın, yorulmazdın. Bu səsə qulaq asa-asa böyüdüm, 1965-ci ildə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə
daxil oldum. Mənim ilk diktorluğum da tələbəlik
illərindən başladı. Tələbə
həyatından, yataqxana həyatından bəhs edən 15-20
dəqiqəlik veriliş hazırlayırdıq, mən də
mətni oxuyurdum.
İnstitutda oxumaqla
yanaşı Adil İsgəndərovun kinostudiyada
açdığı kinoaktyorluq kursunda da oxumuşam. İnstitutu bitirəndə təyinatımı verdilər
Ağsu rayonuna. Bir neçə ay orda tarix
müəllimi işləyəndən sonra hərbi xidmətə
getdim. Hərbi xidmətdən qayıdandan sonra il yarım Bakıda Y.Qaqarin adına Pioner və
Məktəblilər Sarayında metodist işlədim.
Heç nə onun
arzularının qarşısını kəsə bilməzdi.
O, səsin sehrinə düşmüşdü. İçindəki
səs onu hey səsləyirdi...
Eldost
adının tarixçəsi
- 1972-ci ilin martında, nəhayət,
qərara gəldim ki, radioya gedim. 25
yaşında cavan bir oğlan idim. Radioya gəldim,
buraxılış yazdılar, içəri keçdim.
Elə bilirdim,
Aydın Qaradağlı baş diktordur. Qapını
döydüm. Gördüm, stolun arxasında bəstəboy
bir kişi oturub. Dedim, Aydın müəllim
burdadır? Dedi ki, Aydın müəllimi neynirsən? Dedim,
işləməyə gəlmişəm, diktor olmaq istəyirəm.
Dedi ki, Aydın müəllim baş diktor deyil, mənəm
baş diktor - Ramiz Mustafayev. Özümü itirdim, bir az mənimlə söhbət elədi. Beş dəqiqədən sonra birdən
qayıtdı ki, hə, yaxşıdır.
Başa
düşdüm ki, bu bayaqdan mənim diksiyamı
yoxlayırmış. Dedi, gedək mikrofonda qulaq asım.
Getdik, mənə bir qəzet verdi, orda rəsmi
xəbərlər də, qeyri-rəsmi xəbərlər də
vardı. Oxudum. Dedi ki, yaxşıdır,
xoşuma gəldi.
Ramiz müəllim səsimi
yoxlayandan sonra tam qərara gələndə ki, işə
götürəcək soruşdu adın nədir? Dedim
adım Aldostdur. Mənə babamın
adını qoyublar, ərəblərdən gəlmə bir
addır. Bir neçə dəfə adımı təkrarladı,
sonra da dedi ki, yox, Aldost kobud səslənir, gəl onu Eldost eləyək.
1972-ci il aprelin birindən Eldost Bayram kimi radioda işə
başladım.
İllər keçəcəkdi,
Eldost Bayram səsinin sehrinə düşdüyü Aydın
Qaradağlı ilə bir yerdə işləyəcək, bu
böyük sənətkar onun kumiri olaraq qalacaqdı.
- Bu
gün də özümə şərəf bilirəm ki, 8 il Aydın Qaradağlı ilə bir mühitdə
işləmişəm. Aydın Qaradağlı
bizim hamımızın - professional diktorların mənəvi
atasıdır. Amma bizim hamımızı
diktor eləyən Ramiz Mustafayevdir. Mən
40 ildir Aydın Qaradağlının nüfuzunun, sənətinin,
Ramiz Mustafayevin zəhmətinin çörəyini yeyirəm.
Aydın Qaradağlı yeganə insan idi ki, səsinin
əzəməti ilə vücudunun əzəməti
bir-birini tamamlayırdı.
Sənətinin
vurğunu
Tanıyanlar yaxşı bilirlər
ki, Eldost Bayram 25 yaşında studiyanın qapısını
hansı həvəslə açıbsa, 40 ildən sonra da, o
qapını eyni həvəslə, eyni məsuliyyətlə
açır. Bu Allahın ona, onun sənətinə
olan tükənməyən sevgisidir.
- Bu hər insana nəsib olmayan bir
xüsusiyyətdir. Birincisi o nizam-intizamı
radioya gələn gündən böyüklərdən
görmüşəm, götürmüşəm və o ənənəni
davam etdirmişəm. İkincisi, bu mənim
daxilimdən gəlir. Üçüncüsü
də, öz sənətimi, öz peşəmi son dərəcə
çox istəməyimdən irəli gəlir.
Ataların bir məsəli var: deyir, səni görüm
işə də gülə-gülə gedəsən, evə
də. 40 il işə gülə-gülə,
həvəslə gedəsən, ondan böyük xoşbəxtlik
varmı? Çörək istəmirəm, su
istəmirəm mənə yaxşı şeir, hekayə, mətn
versinlər, oxuyum, mən bununla yaşayıram.
Ömrünün bu cağında
da, saflığı, duruluğu ilə adamları heyrətləndirən
Eldost Bayram özünü belə xarakterizə edir:
- Əlindən ancaq
yaxşılıq eləmək gələn,
yaxşılıq eləməyə can atan bir insanam. Kiməsə daş atmamışam, kiməsə
pislik eləməmişəm, kiminsə çörəyinə
bais olmamışam. Mənə aid olmayan
şeyə ömründə əl uzatmamışam. Çox həssasam. Mən illərdi
ki, heç bir təmənna güdmədən ürəyimdən
olan işi yerinə yetirmişəm. Heç
nəyə ehtiyacım olmayıb. Yalnız
sənətimin qiymətləndirilməsini istəmişəm.
2006-cı ildə Azərbaycan
Televiziyası və Radiosunun rəhbəri Arif
Alışanovun təqdimatı ilə hörmətli
prezidentimiz tərəfindən mənə Əməkdar artist
adı verildi. 2008-ci ildə “Tərəqqi”
medalına layiq görüldüm. Buna
görə dövlətimizə, prezidentimizə çox minnətdaram.
Arada elə bir məqam
da oldu ki, artıq təqaüdə çıxmaq vaxtım
yaxınlaşırdı deyə, heç kimə heç nə
demədən sakitcə ərizəmi yazdım ki, işdən
çıxım. Arif Alışanov dedi ki, bu səs
radionun səsidir, bu səs heç yerə gedə bilməz. İnsanın həyatında elə məqamlar olur
ki, bir sözlə ona dünyanı bağışlamaq olar.
Arif Alışanov mənə ikinci nəfəs verdi.
Baxmayaraq ki, artıq
64 yaşım var, ancaq bu yaşda da mənim sənətimə
olan həvəsim bəlkə də heç kimdə yoxdur.
Azərbaycan radiosunun
“Qızıl fondu”nda Eldost Bayramın səsində xeyli sayda
verilişlər qorunub saxlanılır. “Xalq
yaradıcılığı” redaksiyasının əksər
verilişləri -“İlmə”, “Xeyirə qənşər”,
“Qərib axşamlar”, “Obalardan-babalardan”, “Şirvan şikəstəsi”,
“Sarıtel” verilişləri bu gün də onun həlim, təsirli,
doğma səsi ilə dinləyicilərə təqdim olunur.
Bir zaman özü səsin sehrinə düşdüyü
kimi 40 ildə onun səsinin sehrinə düşənlər də
az olmayıb.
- 2009-cu ildə studiyada veriliş
yazdırırdıq, əl telefonuma zəng oldu, cavab verdim,
dedi Eldost müəllim, mənim adım Mahmuddur, Təbrizdə
yaşayıram. İllərdi sizin səsinizə
qulaq asıram, sizin səsinizlə yaşayıram, illərdi
sizi görmək arzusundayam. AzTV-nin
qapısındayam, sizi görmək olarmı?
Görüşdük.
Həyat yoldaşı, iki qızı, bir nəvəsi
ilə gəlmişdi. Onları evimə dəvət
etdim. Qapı açılanda Mahmud ağa dayandı,
soruşdu ki, Eldost müəllim, mənə deyin görüm
bu evdə ən çox hansı tərəfə gedirsiniz?
Dedim, Mahmud ağa, bu yanda mətbəxdir, mən bu yana daha çox gedirəm. Əyilib həmin
yeri öpdü, dedi Eldost Bayramın tez-tez getdiyi yerləri
müqəddəs yer kimi öpməyi özümə borc
bilirəm. O hərəkəti ilə məni ağlatdı.
Ondan sonra Mahmud ağanın ailəsi ilə biz dost olduq,
möhkəm bağlılıq yarandı, bu gün də
dostluğumuz davam edir və mənə elə gəlir ki, bu
dostluq əbədidir.
Eldost Bayram deyir ki, mən
dinləyicilərimdən yerdən göyə qədər
razıyam. Gözəl səsi olmaq hələ
azdır, bu sənətin məsuliyyəti böyükdür.
Nəfəs alanda da ehtiyatla alıram ki,
insanların mənə bəslədikləri rəğbəti,
hörməti qoruyub saxlayım.
Bu il Eldost
Bayramın sənətə gəlişinin 40 ili tamam olur. 40 ildir Eldost Bayram doğma Azərbaycan radiosunda
ürəklə, səmimiyyətlə, həlim səslə
danışır. O səsi milyonlar dinləyir, milyonlar
sevir, milyonlar gözləyir...
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 5 avqust.- S. 11.