Əbədi
uçuş
Bircə qarış yol
varıymış,
Adəmdən Akif Səmədə.
Şairlik Akif Səməd üçün təmənnasız,
umacaqsız borc hissi idi. Onu xəlq eləmiş Tanrı,
ayağı altında dayanmış üzüyola Yer,
başı üstündə çətir tutmuş Göy
qarşında. Bu baxımdan Akif Səməd çağdaş
poeziyamızın ən iddiasız şairlərindən biri
idi.
Dünya o vaxt gözündən
düşdü ki, pasportuna yazdılar ki, Akif Səməd
1959-cu il iyulun 22-də Qazax rayonunun Astanbəyli kəndində
anadan olub. Akif Səmədin və onu tanıyanların bildiyi
həqiqət isə budur ki, Akif Səməd lap qədimdən
qalmadı, min illərin o üzündən gəlir. Heç
burada da qalası deyil, yol adamıdır, günlərin birində
Ömrün sazı yaxşı,
Ölümün nazı
yaxşı,
Hər şeyin azı
yaxşı,
Ömür yaman uzundu.
- gileyini edib səssiz-səmirsiz
çıxıb gedəcək. O vaxta qədər
özünü sözlə ovudacaq, tale şairi olacaq, zəif,
xəstə ürəyi ilə qələmdaşlarına,
insanlara ürək-dirək verə-verə yaşayacaq.
Dünyanın faniliyini bilə-bilə onu sevəcək. Yunis Əmrə,
Nəsimi yolunu seçib sufilikdən su içəcək.
Yarəb, adamam adıma -
Sanıma yazığın gəlsin.
Bu dünya xandır, mən qulu,
Quluna yazığın gəlsin.
Akif Səmədin canında, cismində
ən qədim türk ruhu yaşayır, ən qədim
türkün xarakteri, taleyi qərar tuturdu.
Ağırtaxtalı, sanballı, əsil türk kişisi olan
Akif Səməd təpədən dırnağacan
türkçü idi. Deyirdi, türk dünyaya azad gəlib,
azadlığın bir adı da türkdür. Azad olan türk
heç vaxt qul ola bilməz. Qolunda zəncir olan qul deyil,
qolundakı zənciri öpən quldur.
Gecələr sabaha kimi
Səhərin davası gedir.
Gülnən arı arasında
Zəhərin davası gedir.
Xalq şairi Sabir Rüstəmxanlı Akif Səməd barəsində
yazırdı: “Azərbaycanın
əsl, canlı poetik fikrinin daşıyıcılarından olan, öz sözü
ilə vaxtın, yüzilliklərin sərhədini
qırıb atan, ruhumuzun ölməzliyini göstərən böyük
el şairimizdir Akif Səməd”.
Bir nar ağacı var,
Bir də dar ağacı.
Namərdə nar düşər,
Mərdə dar ağacı.
Ölümlə qol-boyun yol gedən Akif Səməd heç vaxt adi insan
ömrü yaşamadı.
Şeirləri, həyatı kimi
sevgisi, qisməti də İlahidən gəldi. “Sevgi
ömürdü, ölümdü,
məcnunluqdu, aqillikdi,
kamillikdi”. Akif Səməd
belə deyirdi.
Akif Səməd xəstə,
zəif ürəyi ilə ölümün üstünə gedirdi.
O, ölümdən yox,
ölümsüzlükdən qorxurdu.
Ölüm nədi? - adi divar,
Həllac Mənsur var, Hadi var,
Fağır ölümün adı var,
Qardaş, ölüm nəmənədir?
Akif Səməd yalnız
özünü, balalarını,
dostlarını düşünmürdü.
Akif qarabağlı qaçqının,
paltosuz-pencəksiz tələbənin,
gecə növbəsindən
çıxan əli mazutlu fəhlənin, yeməkxana qapısından
qovulan kimsəsiz itin, xırmanda dən axtaran sərçənin qayğısına
qalır, bütün
bunları ürəyinə
salırdı. Sonra da Akif Səmədə deyirdilər ki, ürəyini qoru.
40 yaşına
kimi ölüm iki dəfə ürəyini çalmışdı.
40 yaşında Akif Səməd min il
yol gələn pirani qocaya oxşayırdı.
“Dörd kitab,
bir Tanrı haqqı”ndan özgə haqqı tanımayan Akif Səmədin şeirləri özünə,
özü şeirlərinə
oxşayırdı.
Kim qovladı Tanrı haqqı
Ana haqqı, Tanrı haqqı
Dörd kitab, bir Tanrı
haqqı
Çox duruyam, çox
arıyam.
Akif Səməd kamil
insan idi. Onun şəxsiyyəti, dupduru
şeirləri bədii
və publisistik yaradıcılığı bir
yerə cəmlənəndə,
əsl harmoniya yaranırdı. “Qiblə
yerləri”, “Uzaqdan gəlirəm”, “Adəmdən”,
“Ömrü özünə
yaşasan”, “Özümə
yol” kitabları Akif Səmədin ürəyinin qanı ilə yazılmışdı.
Bütün məziyyətləri ilə
Akif Səməd orijinal adam
idi. Onun üçün dünyada sözdən qiymətli heç nə olmadığından,
dediyi sözün çəkisi də həmişə ağır
gəlirdi.
Ölümü də ani oldu Akif Səmədin.
2004-cü ilin 6 iyulu. Bir anda ölüm
gəldi, qanadlarına
alıb apardı qanadlı Adəm övladını. Heç əzizləri,
dostları ilə vidalaşmağa da vaxt tapmadı. Ölümdən sonra Akif Səmədin, özü demişkən, yeni ömrü başladı.
Yadındamı qardım?
Səhraya yağardım,
Əvvəl də mən vardım,
Sonra da mən varam.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 10 avqust.- S. 15.