Ordubadın
incisi: Qeysəriyyə abidəsi
Azərbaycanın
qədim yurdu olan Naxçıvan abidələrlə zəngindir.
Bu bölgədəki qədim tarixi memarlıq abidələrindən
biri də Ordubad rayonundakı Qeysəriyyə abidəsidir.
XVII əsrə aid edilən abidəni
Səfəvi-Azərbaycan dövlətinin hökmdarı
Şah Abbas tikdirib. Gözəl memarlıq üslubunda inşa
edilmiş abidə böyük günbəzdən və ona
bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina
ilk vaxtlar örtülü ticarət mərkəzi kimi nəzərdə
tutulub. Hətta o vaxt bu binaya Şərq bazarı adı da
verilib. Burada əsasən qızıl-zinət əşyaları
satılıb. Qeyd edək ki, Ərdəbil, Təbriz və
başqa şəhərlərdə zərgərlik məmulatları
satılan örtülü bazarlar da Qeysəriyyə
adlanır.
Qeysəriyyə adında bu tip
binadan 3 şəhərdə var: Səmərqənd, Təbriz
və Ordubadda. 1991-ci ildən bu binada Ordubad Rayon
Tarix-Diyarşünaslıq Muzeyi yerləşir. 4 minədək
eksponatın saxlanıldığı muzey turistlərin maraq
göstərdiyi yerlərdəndir.
Muzeyin ekspozisiyasında Ordubadın
qədim tarixini əks etdirən eksponatlar, o cümlədən
mühüm elmi və tarixi əhəmiyyət kəsb edən
arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar,
dekorativ tətbiqi sənət nümunələri
nümayiş etdirilir.
Muzeydə ən qədim eksponat
eradan əvvəl II-I minilliyə aid Gəmiqaya qranit
daşlarıdır. Burada həmçinin əl ilə
yazılan 32 ədəd Quran cüzləri də qorunub
saxlanılır. Qədim numizmatika, pul nümunələri də
muzeyə gələnlərdə maraq oyadır.
Muzeydə olan eksponatların
çoxu qədimliyi ilə seçilsə də, bir eksponat
diqqəti daha çox çəkir. Daş üzərində
gənc qızın simasında naxışlarla “Qul huvallah”
yazılıb.
Muzeydə maraq doğuran bəzi dəmir
alətlər də saxlanılır. Rayonun yaşlı sakinlərinin
dediyinə görə, XVII əsrdə Ordubaddakı evlərin
qapılarının üzərinə iki müxtəlif dəmir
alət asılarmış. Onlardan biri ilə qapı
döyüləndə bilinirmiş ki, gələn qadın
xeylağıdır və qapını açmağa evin
xanımı çıxarmış. Digər alətlə
qapı döyülərkən isə bilinirdi ki,
qapını döyən kişidir.
Ordubad muzeyində zınqırovlu
sandığa da rast gəlmək olar. Ordubadın varlı təbəqəsindən
olan Ərbab adlı şəxs qiymətli əşyalarını
saxlamaq üçün onu Fransadan gətizdirib.
Sandığın 347 kiloqram çəkisi var. Onun içində
qızılları saxlamaq üçün seyf də var.
Zınqırovlar isə sandığın
oğurlanmasının qarşısını almaq
üçün qoyulub.
Burada olan qapıların birinin
üzərində qlobus, birində də açar var. Bu o deməkdir
ki, “kitabları oxu, bu bilik açarına sahib ol, sonra
dünyanı fəth et”.
Ordubad Tarix-Diyarşünaslıq
Muzeyində eksponatlarla yanaşı, bu bölgədə bitən
müalicəvi bitkilər də ziyarətçilərdə
maraq doğurur.
Qeyd edək ki, bu il dövlət tərəfindən
abidədə bərpa-yenidənqurma işləri
aparılıb. Binanın dam örtüyü təmir edilib,
şəbəkə sistemi, daxili divarları bərpa olunub.
Binanın daxili naxışlı kərpiclə bəzədilib,
fond otağı, muzey işçiləri üçün
iş otaqları yaradılıb, ekspozisiya zalına uyğun
işıqlandırma sistemi quraşdırılıb.
Ceyhun
Mədəniyyət.-
2011.-10 avqust.- S. 15.