Bəstəkarın
arxivindən
Cahangir Cahangirov - 90
Bu
günlərdə unudulmaz bəstəkarımız Cahangir
Cahangirovun şəxsi arxivindəki sənədləri nəzərdən
keçirirdim. Bəstəkarın xatirələri ilə
tanışlıq məndə dərin təəssürat
yaratdı. Bəstəkar «Füzuli kantatası»nı necə
şövqlə yaratmışdısa, görkəmli şəxsiyyətlərimiz
haqqında da o həvəslə xatirələrini
yazmışdı. Bu xatirələr Cahangir müəllimin
öz əlilə yazdığı avtoqraf yazıları kimi
də qiymətlidir.
Dövlət Ədəbiyyat və
İncəsənət Arxivində 51 saylı şəxsi fond
Cahangir müəllimindir. İlk dəfə 1966-cı il iyul
ayının 9-da sənədlərini bizim arxivə təhvil
vermiş və əməkdaşlarımıza
xeyir-duasını belə ifadə etmişdir: “Mərkəzi
Dövlət Ədəbiyyat və İncəsənət
arxivinə müəllifdən yadigar”.
İkinci dəfə isə onun
çox zəngin şəxsi arxiv sənədlərini varisləri
tərəfindən qəbul etmişik. Sənədlər
1933-1996-cı illəri əhatə edir. C.Cahangirovun yeni qəbul
edilmiş sənədləri arasında oratoriyalar, kantatalar,
pyeslər, marşlar, sonatinalar, kino musiqisi və s. diqqəti
cəlb edir. «Azad», «Xanəndənin taleyi», «Canzur Səməd»
operaları, «Ərəb», «İran», «Gənclik» və s.
süitalar, «Təzə gəlin» uvertürası, «Arazın o
tayında», «Simfonik mahnı» poemaları və s. janrlarda
yazdığı əsərləri də maraqlıdır.
Şəxsi fondundakı sənədlərin bir çox
bölmələrində isə fotoşəkillər, xatirələri
də öz araşdırıcısını gözləyir.
C.Cahangirovun yazışmaları da
sənədlərin qiymətli nümunələridir.
Q.Qarayev, Bülbül, Ş.Axundova, Niyazi, S.Rüstəmov,
İ.Qasımov, T.Xrennikov, B.Zeydman, M.Kiladze və
başqalarının məktub və teleqramları da həm
bu günümüzə, həm də gələcək nəsillərə
dəyərli mənbədir. Dövlət mükafatı
laureatı adını alması münasibətilə R.Rza,
B.Mənsurov, M.Abdullayev, A.Rzayeva, F.Əmirov, A.Eşpay,
D.Kabalevski, V.Keldış, A.Paxmutova, T.Quliyev, E.Svetlanov və
başqalarının təbrikləri də onun əməyinə
verilmiş yüksək qiymətdir.
Bəstəkarın şəxsi
fondundakı ən maraqlı bölmələrdən biri də
onun tanınmış yaradıcı sənətkarlarla birlikdə
çəkdiyi fotoşəkillərdir. Həmin fotoşəkillər
arasında Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, S.Rüstəmov,
V.Adıgözəlov, S.Ələsgərov, T.Bakıxanov,
Niyazi, T.Quliyev, Ş.Bədəlbəyli, İ.Rzayev,
R.Mirişli, Ə.Dilbazi, R.Hacıyev, S.Hacıbəyov və
b. diqqəti cəlb edir. Nəhayət, onun şəxsi
fondundakı sənədlər arasında müxtəlif sənətkarlar
haqqında yazdığı xatirələr bugünkü
oxucuda əbədi yadigarlar kimi çox kövrək hisslər
oyadır. Həmin xatirələrdən ikisini oxuculara təqdim
edirik. Yazıların üslubunu olduğu kimi
saxlamışıq. Xatirələrin böyük
şair-dramaturq Hüseyn Cavidin oğlu, həyatdan gənc
yaşlarından getmiş Ərtoğrul Cavid
haqqındadır. İkinci xatirəsi isə lirik şairimiz
Zeynal Cabbarzadəyə həsr olunmuşdur. Hər iki xatirə
avtoqraf yazılarıdır.
Maarif Teymur,
Salman Mümtaz adına
Azərbaycan
Dövlət Ədəbiyyat
və
İncəsənət Arxivinin direktoru
Mədəniyyət.-
2011.-10 avqust.- S. 13.