Yubiley ərəfəsində yaradıcılıq əlaqələri

 

   “Mürafiə vəkilləri” televiziya tamaşası böyük ədib Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə töhfə olacaq

  

   Azərbaycan Dövlət Televiziyasında 40 ildən yuxarı rejissorluq fəaliyyəti ilə məşğul olan, sənətkar ailəsində doğulub boya-başa çatmış, ziyalı valideynlərinin milli-əxlaqi dəyərlərə söykənən tərbiyəsini almış Ramiz Həsənoğlu bir-birindən qiymətli ekran əsərləri yaratmaqla geniş tamaşaçı rəğbəti qazanmışdır.

  

   Hamımızın «Ana televiziya» adlandırdığımız bu studiyada ilk tamaşalarından başlamış son işlərinə qədər rejissor Ramiz Həsənoğlu onu tanıyanların hörmət və məhəbbətini qazanmışdır desəm, yəqin ki, mənimlə razılaşarlar. O öz yaradıcılıq işləri ilə doğma studiyasına neçə-neçə dəyərli töhfələr vermişdir. Onun hazırladığı televiziya tamaşalarında Bakı teatrlarının demək olar ki, bütün aktyorları məşğul olmuş, hərəsi də özünə görə yaddaqalan xarakterik obrazlar yaratmışdır.

   Hər bir rejissorun özünün «aktyor dairəsi» olduğu kimi, Ramiz Həsənoğlunun da televiziya tamaşalarında tez-tez müraciət etdiyi aktyorlar var və bu aktyorların iştirak etdikləri ekran əsərləri hər nümayişdən sonra böyük populyarlıq qazanmış, aktyorlar da getdikcə «cilalanmağa», sənətkar ustalıqlarını artırmağa başlamışlar.

   Aktyorun uğuru yaxşı rejissordan çox asılıdır. Bəzən naşı rejissor yanında təcrübəli, istedadlı aktyor belə baxımsız olur.

   Ramiz Həsənoğlu aktyorlarla ilk görüşündə onlara hazırlayacağı əsəri tam açıqlayır, haqqında fikirləşdiyi tamaşanın janrını və üslubunu, rejissor yozumunu onlara anlatmağa çalışır. Beləliklə, gələcək tamaşanın bütün yaradıcı heyəti onun həmfikirinə çevrilir. Bu da rejissorla bütün yaradıcı heyətin, eləcə də aktyorların arasında olan yaradıcılıq əlaqələrinin inkişafına gətirib çıxarır ki, nəticədə dolğun, sanballı bir tamaşa alınır. Bu cür iş prinsipi əsas amillərdəndir.

   Ramiz Həsənoğlu özünün mülayim təbiəti və insanlarla xoş rəftarına görə bəlkə də tanıdığım əksər rejissorlardan seçilir. Hazırda çalışan bütün aktyorlar onunla işləməkdən xüsusi zövq alır və daima onun diqqət mərkəzində qalmağa çalışırlar. Mənim də yaradıcılıq fəaliyyətimdə bir neçə dəfə onun hazırladığı tamaşada aktyor kimi işləmək şanslarım olub. Hazırladığı televiziya tamaşasında mənə həvalə etdiyi rolun ətrafında söhbətlərimiz, hətta aktyor heyəti tam bəlli olandan sonra belə masa arxası oxunuş - məşqlərimiz də olub.

   Sonradan kiminsə «barmağı» düzülməkdə olan aktyor-rejissor münasibətlərimizin hələ tam formalaşmamış birliyini dağıtmağa çalışıb və əksər hallarda buna nail olub da. Ümumiyyətlə, mənim yaradıcılıq fəaliyyətimdə bu kimi «xeyirxahlarımın» sayı az olmayıb.

   İş elə gətirdi ki, «Azərbaycanfilm»də istehsalata buraxılan «Ölü kimdir, diri kim?» (ssenari müəllifi Ramiz Rövşən) bədii filminin quruluşu ikimizə həvalə olundu - Ramiz Həsənoğlu və Ramiz Əzizbəyliyə. Hətta o dövrün mətbuat səhifələrində hərdən bizə münasib xoş yumorla «üç Ramizin bir işi» adı altında məqalələr də dərc olunurdu. Artıq çəkilişlərinə başladığımız «Ölü kimdir, diri kim?» bədii filmi maliyyə vəsaiti çatışmazlığı üzündən dayandırıldı. Lakin rejissor Ramiz Həsənoğlu ilə rejissor Ramiz Əzizbəyli arasında az da olsa isti münasibətlərin əsası qoyuldu.

   Sonralar yazıçı Anarın ssenarisi əsasında çəkilən «Cavid ömrü» bədii filmində Ramiz Həsənoğlu mənə aktyor kimi müraciət edib, Azərbaycanın böyük milli təəssübkeşi olan dahi Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən ekran əsərində Cavidin atası - Molla Abdullanın epizodik rolunu həvalə etdi. Çəkilişləri əsasən Naxçıvanda aparılan bu səhnələrin yaradıcılıq meydançasında bir qədər də yaxınlaşdıq. İndi də çəkilişinə hazırlaşdığı «Sübhün səfiri» bədii filmində mənə yeni iş təklif edib - Hacı Qara rolu. Yazıçı Anarın qələmə aldığı ssenari əsasında milli dramaturgiyamızın banisi, filosof Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığından bəhs edəcək bu film böyük ədibin anadan olmasının 200 illiyinə bir töhfə olacaq.

   Mənim bu yazını yazmağa əyləşməyim, öz nöqteyi-nəzərimdən Ramiz Həsənoğlu fenomeninə yanaşmaq həvəsim isə çəkilişlərini yenicə başa çatdırdığımız «Mürafiə vəkillərinin hekayəti» televiziya tamaşasından aldığım xoş təəssüratlardan yarandı.

   Uzun illər marağında olduğum yaradıcılıq işi, nəhayət ki, bu 2011-ci ildə baş tutdu və mənə belə gəlir ki, nəticəsi hamımıza uğur gətirəcək.

   Böyük dramaturq M.F.Axundzadənin 200 illiyi ilə əlaqədar ölkə başçısının sərəncamına əsasən, hər yerdə yubiley tədbirlərinə hazırlıq görüldüyü kimi, Azərbaycan Dövlət Televiziyasında da «Mürafiə vəkillərinin hekayəti» pyesinin televiziya versiyası ilə tamaşa hazırlığına göstəriş verildi. Təbii ki, bunu da AzTV-nin aparıcı rejissorlarından olan Ramiz Həsənoğluna tapşırdılar. O da öz növbəsində həmişə birgə çalışdığı quruluşçu operator, Əməkdar mədəniyyət işçisi Eldar Məmmədovu, dekorasiya üzrə quruluşçu rəssam - Rəfail Əsədovu öz ətrafına toplayıb, yazıldığı gündən quruluşuna ehtiyatla yanaşılan, nadir hallarda tamaşaya qoyulan bu mürəkkəb əsərin analizinə başladı və sənətşünaslıq doktoru, professor İlham Rəhimlini də bu işə redaktor qismində cəlb etdi.

   Hadisələri Azərbaycanın qədim paytaxtlarından olan Təbrizə köçürülmüş bu əsər - “Mürafiə vəkilləri» əslində bu dəqiqə dünyanın bütün sivil ölkələrində öz həllini axtaran başlıca problemə - «qadın və məişət zorakılığı» mövzusuna aid edildi. Əsərin ideyası tapıldı.

   Mənə də bu əsərdəki baş rol həvalə edildi. Vəkil Ağa Mərdan öz dövrünün ictimai nüfuz sahibi olmaqla bərabər həm də dələduz və pulgirdir. On il Hacı Qəfurun mütə (siğədə), müvəqqəti, heç bir hüququ olmayan arvadı olmasına baxmayaraq, Zeynəbə uşaq doğmadığı üçün vərəsəlik haqqı düşmür. Əri Hacı Qəfurdan qalan 60 min tümənə sahib olmağa çalışan, lakin sonra aldadılmış, heç bir hüququ olmayan, olan-qalanını da itirən Zeynəb tamaşanın sonunda əllərini göyə qaldırıb, ümid dolu nəzərlərlə Tanrıya pənah gətirir. Bu dərdli qadının - Zeynəbin obrazını çox böyük ustalıqla aktrisa Dilarə Əliyeva yaratmışdır. Tamaşada tanınmış aktyorlardan - Aslan Şirin - Ağa Abbas, Azər Mirzəyev - Hacı Rəcəbəli, Şahmar Qəribli - Həpo, Tofiq Hüseynov - Hakimi-şər, Ağaxan Salmanov - Ağa Bəşir, Azad Şükürov - Ağa Rəhim, Rahib Əliyev - Ağa Cabbar, Vahid Əliyev - Ağa Səttar, Firuz Xudaverdiyev - Hənifə, Məzahir Cəlilov - Şeyda rollarını məharətlə ifa edirlər.

   Tamaşada tanınmış televiziya rejissoru Məhərrəm Bədirzadə - Ağa Kərim və Şuşa teatrının baş rejissoru Loğman Kərimov - Ağa Salman rollarında çox maraqla baxılırlar.

   Adıçəkilən aktyorlarla yanaşı həmçinin gənclər də öz oyunları ilə xüsusi diqqət çəkirlər. Mətanət Ağakişiyeva - Zibeydə, Dəniz Tacəddin - Səkinə, Cəmilə Əzimova - Gülsabah, Səyyar Rüstəmov - Əzizbəy, Mətləb Abdullayev - Ağa Həsən, Elman Rəfiyev - Bədəl, Sərdar Rüstəmov - Qəhrəman, Rəşad Bəxtiyarov - Qəffar, Ceyhun Dadaşov - Nəzər, Cümşüd Zeynalov - Qurbanəli, Ramil Şıxəliyev - nökər, Elnar Qarayev - Şahzadənin fərraşı rollarının öhdəsindən məharətlə gəlirlər.

   Tamaşada məşğul olan aktyorların hər biri rejissor Ramiz Həsənoğlunun konsepsiyasına əsasən özünəməxsus oyun tərzi ilə quruluşun ahənginə uyğun tipik sürətlər yaratmaqla, yaddaqalan obrazlarda çıxış edirdilər.

   Eləcə də, geyim üzrə rəssam Rəfail Əlizadə olduqca koloritli, o dövrə uyğun geyimlər, papaqlar və əlbəsələrlə tamaşaya xüsusi rövnəq vermişdir. «Meydan tamaşası» üslubunda çəkilən televiziya tamaşasına cəlb olunan digər yaradıcı insanlardan «Azərbaycanfilm» kinostudiyasının qrim ustası Elbrus Vahidov, köməkçisi İradə Gülbabayeva və AzTV-nin əməkdaşı, qrim ustası Zemfira Cəfərova, geyimlərə nəzarət edən Reyhan Əliyeva və İradə Hətəmova, rekvizit işçisi Şəhla Aslanova, inzibatçılar Mirzə Əliyev, Sənan Orucov, Fəridə Baxşəliyeva öz işlərinin öhdəsindən məharətlə gəlirdilər.…

   Çəkiliş meydançasında baş operatorun köməkçiləri Elşən Rzayev və Qədir Hüseynov, səs operatorları Rəşad Mustafayev və Vaqif İmanquliyev də yaradıcı qrupun digər üzvləri kimi kamil iş nümayiş etdirib ümumi uğura çalışırdılar.

   Quruluşçu rejissorun komandasına gəldikdə, köməkçisi Elnurə Kazımova, assistentlər Bəhram Yaqublu, Teymur Quliyev və Sərxan Əhmədov da gələcəyə ümid verən gənclərdir.

   Əsərin tam dərki, yaradıcı qrupun və eləcə də texniki işçilərin işə düzgün münasibəti quruluşçu rejissor Ramiz Həsənoğlunun öz peşəsinə olan dərin məhəbbətindən və sənəti qarşısındakı məsuliyyət hissindən irəli gəlir.

   Mənimlə işə gəldikdə isə, Ramiz Həsənoğlu tam məmnunluğu ilə öz münasibətini bildirir, hətta yeri gəldikdə məsləhətlərimə də qulaq asırdı. Mən də onunla işləməkdən xüsusi zövq alırdım.

   Ramiz Həsənoğlunun şəxsi xarakterindən irəli gələn insani keyfiyyətlər aramızda yaranan dostluğa və mehribançılığa, qarşılıqlı yaradıcılıq anlayışlarına gətirib çıxardı. Bu da təbii ki, ümumi işin xeyrinədir. Bütün bunları qeyd etməklə bir daha o nəticəyə gəlirəm ki, rejissorla aktyor fikirlərinin üst-üstə düşməsi «nəticənin keyfiyyəti» deməkdir.

   «Mürafiə vəkillərinin hekayəti» televiziya tamaşası montaj dövrünü yaşayır. İnşallah hazır olandan sonra əldə olunacaq uğurun arxayınçılığı mənə əsas verir deyim ki, hər hansı bir yaradıcılıq işinə rejissor Ramiz Həsənoğlu kimi böyük diqqət və səylə yanaşma, müəllif ideyasının tam dərki və rejissorun bədii təfəkkürü öz həllini aktyor oyununda tapır. Mənim isə belə dolğun və peşəkar aktyor oyununda işlərə həmişə ehtiyacım olub.

   Minnətdaram!

  

 

   Ramiz Əzizbəyli,

   Xalq artisti, professor

 

   Mədəniyyət.- 2011.- 10 avqust.- S. 11.