Turizm ili” ilə bağlı Tədbirlər Planı turizm şirkətlərinin işini fəallaşdırıb

 

   Fayis Məmmədov: “Bakı tur” şirkəti sənədin bir neçə bəndinin icrası ilə bağlı təkliflər hazırlayıb”

  

   Ölkə başçısının 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı turizm şirkətlərinin işini də fəallaşdırıb. Turizm qurumları Tədbirlər Planının ayrı-ayrı bəndlərinin icrası ilə bağlı təkliflərlə çıxış edirlər. “Bakı tur” şirkəti də sənədin bir neçə bəndi üzrə təkliflər hazırlayıb.

  

   Bu barədə qəzetimizə açıqlama verən «Bakı tur» turizm şirkətinin rəhbəri Fayis Məmmədov bildirdi ki, təkliflər Tədbirlər Planının 1-ci (Turist axını çox olan rayonlarda «Bu Vətən bizimdir» adlı turist düşərgələrinin təşkil edilməsi), 2-ci (Aztəminatlı ailələrin, dövlət himayəsində olan əlil və kimsəsiz uşaqların Azərbaycanın müxtəlif yerlərinə xüsusi səyahətlərinin təşkili) və 6-cı («Turizm ili» çərçivəsində turizm nümayişi obyektlərinə tələbələrin və şagirdlərin ekskursiyalarının təşkilinə dair xüsusi proqramın işlənib hazırlanması) bəndlərini əhatə edir.

   Onun sözlərinə görə, “Bakı tur” şirkəti Tədbirlər Planının 1-ci bəndi ilə bağlı artıq müəyyən işlər görüb: ”Hələ mövsümün əvvəlindən bir sıra ali məktəblərin rəhbərliyi, həmkarlar komitələri və tələbə təşkilatları ilə danışaraq ölkəmizin müxtəlif bölgələrində yay məktəbləri təşkil etmişik. Yay məktəbləri Qəbələdə, Qaxda - İlisuda, Nabranda, Qubada, İsmayıllıda - Lahıcda və Masallıda təşkil olunub. İndiyə qədər bu məkanlara hərəsində 25-35 nəfər olmaqla 11 qrup göndərilib. Yay məktəblərinin iştirakçıları bölgələrin tarixi-mədəniyyət abidələri ilə tanış olurlar. Bundan əlavə, İngiltərədən dəvət olunmuş müəllim onlara ingilis dili dərsləri də keçir”.

   Şirkət rəhbərinin bildirdiyinə görə, Tədbirlər Planının 2-ci bəndinin icrası ilə bağlı Həmkarlar İttifaqları Konfederasiyasının üzərinə də müəyyən öhdəlik qoyulub: “Tədbirlər Planı təsdiq olunduqdan sonra TurizmEkskursiyalar Şurasında sənədi müzakirə etdik və müəyyən təkliflər hazırlayıb Həmkarlar İttifaqları Konfederasiyasına göndərdik. Bildiyiniz kimi, «Xəzər» turbazası Həmkarlar İttifaqları Konfederasiyasının nəzdindədir. Sentyabrın 5-dən sonra biz əsas turistlərlə işimizi yekunlaşdırırıq. Bundan sonra sentyabrın 15-dək bu istirahət mərkəzində 300-350 nəfər məktəblinin istirahətini təşkil etmək imkanımız var. Həmçinin məktəblərin noyabr tətilində 60 nəfər məktəblinin orada dincəlməsi üçün imkan var. Bundan əlavə, Mərdəkandakı uşaq istirahət mərkəzində də avqustun 1-dən sentyabrın 15-dək 120 nəfər məktəblinin istirahətini təşkil etmək mümkündür”.

   F.Məmmədov onu da qeyd etdi ki, hələ SSRİ dövründə aztəminatlı ailələrin uşaqları turist qatarları ilə ittifaqın müxtəlif respublikalarına göndərilirdi. Bu təcrübədən istifadə edərək Azərbaycanda bu gün o istirahəti həm qatarlarla, həm də avtobuslarla təşkil etmək mümkündür: “Bunu hətta dərs vaxtlarında - həftənin şənbə-bazar günləri də etmək olar. Bu barədə də təkliflərimizi vermişik. Tədbirlər Planının 6-cı bəndinə gəlincə - turizm obyektlərinə tələbələrin və şagirdlərin ekskursiyalarının təşkili - «Bakı tur» şirkəti bu işdə də Təhsil, Mədəniyyət və Turizm nazirlikləri ilə birlikdə xüsusi proqramın hazırlanmasında iştirak edə bilər”.

   F.Məmmədov rəhbərlik etdiyi şirkətin 2012-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi «Eurovision» musiqi yarışmasına da ciddi hazırlaşdığını bildirdi. Onun sözlərinə görə, sentyabr ayında Parisdə və noyabrda Londonda keçiriləcək beynəlxalq turizm sərgilərində iştirak edəcəklər: «Azərbaycandan keçən «Aleksandr Düma Qafqazda» beynəlxalq turizm marşrutu həmişə avropalı turistlərin marağında olub. Həm bununla, həm də «Eurovision» musiqi yarışması ilə bağlı müxtəlif reklam-çap məhsulları hazırlayırıq. Bu çap məhsullarını ParisLondon sərgilərində nümayiş etdirəcəyik. «Eurovision»la bağlı xarici ölkələrdən müraciət edən olsa da, sentyabr ayınadək Bakıdakı hotellərdə yerləri bronlaşdıra bilmirik. Çünki hələlik bu möhtəşəm tədbirlə bağlı Azərbaycanda hotellərin bronlaşması sistemi məlum deyil».

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 10 avqust.- S. 9.