Qəbələ festivalı iştirakçılara unudulmaz anlar yaşatdı

 

   “Yenidən Azərbaycana qayıtmaq ümidi ilə buradan yalnız xoş təəssüratlarla ayrılırıq”

  

   Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatdı. İyulun 15-dən davam edən musiqi bayramı respublikamızın mədəni həyatında əlamətdar hadisə kimi qaldı, Azərbaycanın beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edən ölkə kimi dünyada nüfuzunu daha da möhkəmlətdi.

  

   Möhtəşəm musiqi bayramının bağlanış mərasimində Milli Məclisin deputatı Fəttah Heydərov, festivalın bədii rəhbəri, Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış etmişlər. İyirmi üç gün ərzində Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə əsl musiqi bayramının yaşandığını vurğulayan natiqlər qeyd etmişlər ki, bu beynəlxalq festival dostluq və mədəniyyət bayramı olmuşdur. Belə gözəl bayramı Azərbaycanımıza bəxş edən, bu möhtəşəm tədbirin Qəbələdə keçirilməsinin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin təşəkkür bildirilmişdir.

   Festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, ustad dərsləri, kamera musiqisi və orkestr konsertləri, klassik musiqi axşamları, muğam konserti keçirilmişdir. Gözəl ifaları ilə yadda qalan sənətkarlara, 20-dən artıq ölkəni təmsil edən dünya şöhrətli musiqiçilərə minnətdarlıq edən natiqlər festivalı möcüzəli layihə adlandırmış və müxtəlif ölkələrdən gələn sənətkarların yerli və xarici tamaşaçıları valeh etdiyini xüsusi vurğulamışlar.

   Qeyd edilmişdir ki, tədbir həm də Azərbaycan təbiətinin, qonaqpərvərliyinin, musiqisinin nümayişinə çevrilmişdir. Bu möhtəşəm tədbir ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, sənət adamına qayğısı, diqqəti sayəsində mümkün olmuşdur. Məhz dövlətimizin başçısının yeritdiyi siyasət belə möhtəşəm tədbirin keçirilməsinə imkan vermişdir.

   Tədbir “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin maraqlı konsert proqramı ilə başa çatmışdır. Konsertdə amerikalı violonçel ifaçısı və dirijor, festivalın bədii rəhbəri Dmitri Yablonski və məşhur rusiyalı pianoçu Boris Berezovski də çıxış etmişlər. Musiqiçilər görkəmli macar bəstəkarı F.Listin “Prelüdlər” simfonik poemasını, piano və orkestr üçün bir və iki saylı konsertlərini səsləndirmişlər.

  

   Qəbələ festivalı “Euronews” telekanalında

  

   Qəbələdə keçirilən III Beynəlxalq Musiqi Festivalı beynəlxalq mədəniyyət aləmində geniş rezonans doğurmuşdur. Festivalda “Euronews” kanalının çəkiliş qrupu da iştirak etmişdir. İki gün ərzində festivalda çəkiliş aparan heyətin hazırladığı reportajda Yuri Başmet, Rauf Abdullayev, Boris Berezovski, Denis Maçuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Rusiyanın tanınmış “Terem kvartet”i və digər usta musiqiçilərin çıxışları öz əksini tapmışdır.

   Telekanalın müxbiri Volfqanq Spindlerin qənaətinə görə, Qəbələ Yer kürəsinin ən gözəl guşələrindən biridir. Çəkiliş qrupu festival haqqında reportajla kifayətlənməyərək, materialda Qəbələnin - qədim Albaniyanın paytaxtının tarixi varisi olan şəhərin qeyri-adi gözəlliyini də işıqlandırmışdır. Rayonun qeyri-adi təbiəti, festivalda qonaqlar və turistlər üçün yaradılan möhtəşəm şərait “Euronews” komandasında böyük təəssüratlar doğurmuşdur. Festivalın dünyanın aparıcı telekanallarından biri olan “Euronews”da işıqlandırılması Azərbaycanın mədəniyyəti, ənənələri və xüsusən də musiqisinə artan böyük maraqdan xəbər verir.

   

   “Heç bir festivalda belə gözəl təşkilatçılığın şahidi olmamışam”

  

   Bu bizim Azərbaycana ilk səfərimizdir. Qəbələ III Beynəlxalq Musiqi Festivalına dəvət olunmağımızdan çox məmnunuq. Bu yaxınlarda Fransa və İtaliyadan qastroldan qayıtmışıq. Etiraf etməliyəm ki, dünyanın çox yerində olsaq da, indiyədək heç vaxt belə gözəl mühitdə, təbiət qoynunda çıxış etməmişdik.

   Bu sözləri Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçısı, İsrailin Suzan Delal Rəqs və Teatr Mərkəzi direktorunun müavini Klaudio Koqon demişdir.

   Bənzər fikri festivalın iştirakçısı, Almaniyanın “Bayerischen Rundfunks” Simfonik Orkestrinin horn ifaçısı, İspaniyanın Zaragoza Superior de Aragon Konservatoriyasının müəllimi, amerikalı Erik Tervilliger də vurğulamışdır: “Şübhəsiz, Bakı gözəl şəhərdir, lakin təbiətin qoynunda konsert vermək tamamilə başqa hissdir. Festivalın hələ çox “gənc” olmasına baxmayaraq auditoriya burada klassik musiqiyə qulaq asmağa çox həvəs göstərir. Növbəti illərdə də bu musiqi tədbirində iştirakımı səbirsizliklə gözləyəcəyəm. Belə gözəl təbiətin qoynunda təşkil edilən möhtəşəm festivala görə Heydər Əliyev Fonduna təşəkkür etmək lazımdır. Gözəl təşəbbüsdür”.

   Festivalın daha bir iştirakçısı, London Mozarts Players və Con Eliot Gardiners Orkestrinin solisti Judis Basbric da festivalın yüksək təşkil olunduğunu xüsusi vurğulamışdır: “Heç bir festivalda belə gözəl təşkilatçılığın şahidi olmamışam. Dinləyici auditoriyasında müxtəlif yaşda olan insanların olması çox gözəldir. Burada biz həm gənclərin, həm də daha yaşlı nəslin nümayəndələrinin iştirakının şahidi oluruq. Avropada belə hala rast gəlinmir, auditoriyanı adətən yaşlı insanlar təşkil edir. Festivalın Qəbələdə, dağlar qoynundakı mənzərəli yerdə keçirilməsi mükəmməl ideyadır”.

   Beynəlxalq musiqi festivalının belə bir gözəl yerdə, dağlar, meşələr arasında, bu cür tanınmış ifaçıların iştirakı ilə keçirilməsi mənim üçün böyük sürpriz oldu. Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. Ümumiyyətlə, bu füsunkar diyarda Şərq mədəniyyəti ilə bağlı olan hər şey məndə maraq doğurur. Qəbələ festivalında iştirakım, eyni zamanda, ölkənizi yaxından tanımağıma gözəl imkan yaratdı. Növbəti illərdə də böyük məmnuniyyətlə Qəbələ festivalına qatılmaq istərdim.

   Bu sözləri festivalın iştirakçısı, məşhur italiyalı dirijor Klaudio Vandelli demişdir. Onun sözlərinə görə, dünya şöhrətli musiqiçilərin festivalda iştirakı onun yüksək səviyyəsindən xəbər verir.

  

   “Qəbələ festivalı mədəniyyətlərarası dialoqa töhfədir”

  

   Bundan əvvəl Qəbələdə keçirilmiş iki beynəlxalq musiqi festivalı haqqında eşitmişdim. Bu füsunkar diyara gəlməyi, festivalın iştirakçısı olmağı çox arzulayırdım. Festival əla təşkil olunmuşdur. Burada biz bir daha Azərbaycan mədəniyyətinin, musiqisinin ecazkarlığının şahidi oluruq. Qəbələ festivalı, eyni zamanda, musiqi vasitəsilə mədəniyyətlərarası dialoqa öz töhfəsini verir.

   Bu sözləri festivalın iştirakçısı, dünyanın məşhur vokalçılarından olan, 40-a yaxın kompakt diskin müəllifi, rusiyalı Sergey Leyferkus demişdir.

   Festivalı izləyən “BBC Music Magazine” jurnalının redaktoru Oliver Kondi isə musiqi bayramından aldığı təəssüratı belə ifadə etmişdir: “Əvvəllər heç vaxt Azərbaycanda olmamışdım. Elə bil ölkənizi özüm üçün kəşf etdim. Şərq və Qərb musiqisinin burada, gözəl bir məkanda ifa olunması isə şən bir ab-hava yaradır.

   Festivalın yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayan qonaq konsertlərin keçirildiyi məkanların heyrətamiz gözəlliyə malik olduğunu söyləmişdir: “Qəbələni beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl fikirdir və mən artıq uğurla reallaşmaqda olan bu ideyanı alqışlayıram. Yenidən Azərbaycana qayıtmaq ümidi ilə buradan yalnız xoş təəssüratlarla ayrılıram”.

  

 

   Mədəniyyət.- 2011.- 10 avqust.- S. 8.