“Səhnə
aynadır, tamaşaçı orada özünü görməlidir”
O, səhnəyə, səhnə
ona yaraşır...
O, səhnədə
özünü unudub, başqa bir ömür yaşayır...
O, teatrı əyləncə yox, məktəb
adlandırır...
O, sənətkarlığı ilə
tanınır, sevilir, alqışlanır...
Nəcəf
bəy Vəzirov adına Lənkəran Dövlət Dram
Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev o sənətkarlardandır
ki, şəxsiyyəti ilə sənəti, əzəmətli
səsi ilə aydın diksiyası, istedadı ilə sənətkar
azadlığı bir-birini tamamlayır.
...1973-cü ilin soyuq dekabr günlərinin
birində ürəyi sənət eşqi ilə döyünən
gənc bir aktyor Lənkəran teatrının
qapısından içəri keçdi. Keçdi və bir
daha geri qayıtmadı. Böyük səhnələrə
sığışmayacaq arzularını, istəklərini
balaca səhnədə qeyri-adi həvəslə, bacarıqla,
ürəklə gerçəkləşdirdi. Balaca səhnə
tamaşaçıların gözündə
böyüdü, genişləndi, gözəlləşdi.
Prometey insanlara işıq oğurlayıb gətirdiyi kimi,
Qabil Quliyev Lənkəran Teatrına təhsil
aldığı sənət ocağından,
çalışdığı sənət məbədindən
sənət işığı gətirdi.
O vaxtdan nə az, nə çox, 38
il keçir...
38 ildə Qabil Quliyev Lənkəran
Dövlət Dram Teatrında bir-birinə bənzəməyən,
tamaşaçıları güldürməkdən çox
düşündürən 100-dən artıq rola səhnə
həyatı verib. Hərdən keçib-gəldiyi sənət
yoluna dönüb baxanda xəyalları bir anlıq uşaqlıq
illərinə yollanır...
Gerçəkləşən arzular
Haşiyə: Kənd
uşaqlarını xoşbəxt etmək çox asandı. Əgər
ucqar bir kəndə paytaxtdan “teatr göstərənlər” gəlibsə,
hamı sevinəcək, hamıdan da çox sevinən isə
uşaqlar olacaq. Uşaq olanda onların da kəndlərinə
“teatr göstərənlər” gələrdi. Tamaşadan sonra
uşaqların gözlərinin qabağında yeni bir
dünya açılardı. Aktyorlar gəldikləri kimi,
özlərindən sonra bir il bəs edəcək sevinc qoyub
gedərdilər. Deyəsən, elə o xoşbəxt günlərin
birində - aktyorların hərəkətini təqlid edə-edə
ürəyində sənətə qarşı sonsuz bir
duyğu hiss etdi.
Kənddən şəhərə
- 1 saylı məktəbə oxumağa gedəndə də
diqqətini ilk çəkən Pionerlər Evində Səttar
müəllimin yaratdığı dram dərnəyi oldu.
İlk dəfə qiraət gecələrində və bir də
Cəfər Cabbarlının “1905-ci il” əsərində səhnəyə
çıxdı.
İllər keçdi və həyat
sübut etdi ki, onun teatra olan marağı, sevgisi ötəri
bir həvəs deyilmiş.
Orta məktəbi bitirib sənədlərini
Neft və Kimya İnstitutuna (indiki Neft Akademiyası) verib
yüksək qiymətlərlə bu təhsil ocağına
daxil olsa da, bir il sonra 1968-ci ildə ürəyinin istəyi ilə
sənədlərini Teatr İnstitutuna verir.
- İndiyə kimi
yadımdadır, qabiliyyət imtahanında Əliheydər Ələkbərov,
Rza Təhmasib, Şəfiqə Məmmədova kimi sənətkarlar
əyləşmişdi. Məndən nə etüd istədilər,
nə də ritmimi yoxladılar, soruşdular ki, nə
hazırlamısan? Dedim, Mikayıl Müşfiqin bir
şeirini, bir də Maksim Qorkinin “Fırtına quşu”ndan bir
parça hazırlamışam. Mənə qulaq asandan sonra
dedilər ki, daha bu abituriyentdən ayrı şey soruşmaq
lazım deyil. Yeganə abituriyent idim ki, imtahanların
hamısından beş almışdım. Beləcə mən
instituta daxil olub Əliheydər Ələkbərovun kursunda
oxudum.
Tələbəlik illərində
Akademik Dram Teatrında yardımçı aktyor kimi
çalışan Qabil Quliyev böyük sənət
ocağında əsl məktəb keçir. Ali məktəbi
qırmızı diplomla başa vurur. Təyinatla onu
Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr
də, bu təyinatla razılaşmayıb hərbi xidmətə
yollanır. Moskvadakı hərbi kino bazasında xidmət edir.
Kütləvi səhnələrin çəkilişlərində
iştirak edir, kaskadyorluq sənətinin sirlərinə yiyələnir.
Bir ildən sonra hərbi xidmətini başa vurub vətənə
dönür. Bir neçə filmdə kaskadyorluq eləsə
də, alın yazısını kim dəyişə bilər
ki? Yollar onu Lənkəran Dövlət Dram Teatrına gətirir...
Yaratmaq yaradana məxsusdur
- Mən bu teatra gələndə ən
təcrübəli kadr sayılırdım. Çünki
böyük sənət məktəbi keçmişdim.
Teatrın zirzəmisindən tutmuş, tavanına kimi hər
şeyi bilirdim. Gələn kimi dövlət tədbirlərini
də mənə həvalə elədilər. Kollektiv
kiçik olsa da, teatrda çoxlu əsərlər
hazırlanırdı. Daima yük altında idik, baş
qaşımağa vaxtımız olmurdu.
Qələbənin 30 illik yubileyi
münasibəti ilə teatrda M.Musiyenkonun “Nəsillər,
eşidin” əsəri tamaşaya qoyuldu. Çox maraqlı bir
əsər idi.
“Nəsillər, eşidin”
tamaşasındakı ilk rolu ilə
tamaşaçıların rəğbətini qazanan Qabil
Quliyev bir-birinin ardınca yaddaqalan, maraqlı,
tamaşaçılar tərəfindən sevilən rollar
yaradır. C.Məmmədquluzadənin “Ölülər”ində
İsgəndər, Ü. Hacıbəylinin hekayə və
felyetonları əsasında hazırlanmış “Olanlardan
keçənlərdən” tamaşasında Mirzə
rolları onun adi yox, qeyri-adi bir aktyor olduğunu sübut edir.
Bu tamaşalar lentə alınaraq Azərbaycan Dövlət
Televiziyasının “Qızıl fondu”na daxil edilir. 29
yaşı tamam olmamış Qabil Quliyevə Əməkdar
artist fəxri adı verilir.
Haşiyə: Qürurlu olduğu qədər
təvazökar, zəhmli olduğu qədər sadə olan
Qabil Quliyev rolları barədə belə deyir: “Mən rol
yaratmamışam, yaratmaq yaradana məxsusdur, mən rolu
oynamışam. Aktyor ömrü boyu yaddaşlarda qalan,
uğurlu sayılan ən çox 3-4 obraz oynaya bilər. Mənim
üçün ən əziz rollarım alınmayan
obrazlarımdır. Yəni mən onu özüm istədiyim qədər,
özüm istədiyim tərzdə, formada oynamamışam”.
Lənkəran teatrı dünya ədəbiyyatına
da tez-tez müraciət edir. Qabil Quliyevin Gilyermo Fiqeyredonun
”Ezop” tamaşasında oynadığı Ksanf, Mikloş
Xubainin “Neron” tamaşasında Pavel, Qriqori Qorinin “Herostratı
unudun” tamaşasındakı Kleon rolları aktyorun obrazlar
qalereyasının ən yaddaqalan sənət nümunələrindəndir.
Son illərdə Lənkəran
teatrı “Çar Edip”, “Ezop”, “Neron” əsərləri ilə
bir neçə xarici ölkədə olub, festivallarda
iştirak edib və bu tamaşalar maraqlı tamaşalar kimi
yadda qalıb.
Əməkdar artist adını
alandan 20 il sonra isə Qabil Quliyev Xalq artisti fəxri adına
layiq görülüb.
- Hökumətimiz, şəxsən
cənab prezidentimiz böyük etimad göstərdilər, əməyimi
qiymətləndirdilər, fəxri ad verdilər. Bəzən
aktyorlar fəxri adlara nail olandan sonra onlara elə gəlir ki,
öz işlərini bitiriblər. Amma sənətkarın qiymətləndirilməsi
sənət adamının boynuna daha böyük vəzifə,
daha böyük məsuliyyət qoyur. Səni qiymətləndirirlərsə,
daha böyük işlər görməlisən.
Sənət
əyləncə deyil
Qabil müəllimin klassikaya
münasibəti də fərqlidir:
- Bu gün Azərbaycan teatrının
səhnəsinə hansı əsər gəlirsə-gəlsin,
ona klassik formatda yanaşmaq daha gözəldir. Ona görə
ki, səhnə aynadır. Tamaşaçı orada
özünü görməlidir. Tamaşaçı orada
özünü görmürsə, deməli, sənin aynanda ləkə
var, yaxşı təmizləməmisən. Bir də çox
zaman deyirlər, teatr əyləncədir, istirahət yeridir, əslində
teatr insanların düşüncələrini
formalaşdıran bir məkandır. Çox zaman insanlar cəmiyyətdə
görüb deyə bilmədiklərini gəlib tamaşada
aktyorun dilindən eşidəndə təskinlik tapır. Bu mənada
teatr məktəbdir. Teatra yüngül bir əyləncə
kimi baxmaq yolverilməzdir. Mən Lənkəran Dövlət
Universitetində 12 il etika-estetika-kulturologiyadan dərs demişəm.
Estetikada belə bir şey var, bütün sənət
növləri özündə zamanın ruhunu
daşıyır. Yaşadığımız zamanın ruhu
da bugünkü sənət əsərlərimizə hopub.
Özündə bugünkü zamanın yükünü
daşıyır. Əgər bu gün tamaşaya qoyulan hər
hansı bir sənət nümunəsi cəmiyyətin həyatındakı
ziddiyyətləri, anlaşılmazlıqları,
çatışmazlıqları özündə əks etdirə
bilmirsə, heç olmasa onun çıxış yolunu
göstərə bilmirsə, əslində o sənət, o sənət
adamı heç kimə lazım deyil. Sənətin
gücündən qorxanlar deyirlər, sənət əyləncədir.
Sənət əyləncə deyil. Hər bir xalqı kənarda
onun mədəniyyəti ilə tanıyırlar. Mədəniyyət
böyük anlayışdır.
Qabil müəllim deyir ki, dünyada
peşələr çox olsa da, sənət azdır. Tarixdə
isə milləti yaşadan peşə yox, sənətdir.
Peşələr insanlara maddi sərvət, sənət
insanlara mənəvi sərvət qazandırır. Bir də sənətdə
son nöqtə yoxdur, bu yol əbədidir...
Son haşiyə: Bilməyənlərə
bunu da xatırlatmalıyam. Akademik Milli Dram Teatrının
aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı Qabil Quliyevin
kiçik qardaşıdır. Azərbaycan teatrında hər
birinin öz yeri, öz çəkisi olan iki qardaş, iki
böyük sənətkar bu gün öz sənətləri
ilə, bacardıqları qədər teatr sənətinin
yükünü, ağırlığını çiyinlərində
daşıyır, teatr tarixinə öz adlarını təkrarsız
rolları ilə yazırlar. Sizə elə gəlmir ki, bu yerdə
tamaşaçı alqışı mütləq
lazımdır!
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 10 avqust.- S. 7.