Konqres Kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilib

 

   Amerikanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri Elçin Abdullayev, Rövşən Muradov və Rza Əliyev ABŞ Konqres Kitabxanasının nümayəndələri ilə görüşərək kitabxanaya Azərbaycan haqqında kitablar təqdim ediblər. Görüşdə kitabxananın Qafqaz Mərkəzinin direktoru Kristofer Mörfi, kolleksiya və xidmətlər direktoru Ceremi Adamson və baş kitabxanaçı Marçun iştirak edib. Təqdim olunan kitablar arasında Heydər Əliyev Fondunun, respublikanın müxtəlif dövlət qurumlarının nəşrləri var.

   Kitablar Azərbaycan mədəni irsi, ölkəmizdə dini və etnik tolerantlıq, neftlə zəngin olan respublikamızın müasir inkişaf səviyyəsindən söhbət açır. Konqres kitabxanasının nümayəndələri qiymətli nəşrlərə görə Azərbaycan gənclərinə təşəkkür etmiş, onların kitab mübadiləsindəki fəaliyyətini yüksək qiymətləndirmişlər.

   Onların sözlərinə görə, Azərbaycan nəşrləri Kitabxananın Qafqaz bölməsini zənginləşdirəcək, Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı isə Konqres Kitabxanası ilə Azərbaycan arasında gələcək əməkdaşlığın körpüsü olacaqdır.

   Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı dünyanın iki ən böyük kitabxanası ilə - Konqres (ABŞ) və İsgəndəriyyə (Misir) kitabxanaları ilə əməkdaşlıq edir.

 

 

   Mədəniyyət.- 2011.- 10 avqust.- S. 4.