Göy
qurşağı
Kamal Abdullanın “Ruh” kitabı haqqında qeydlər
Yeddi rəng, yeddi çalarda. Yerin hansı ucundansa tutub
hansı ucunasa bağlanır. Nə başladığı
yeri tapmaq mümkündür, nə də bitdiyi yeri. Deyirlər,
kim göy qurşağının altından dilək edib keçsə,
arzusuna yetər. Amma heç keçdim deyən olmadı.
Heç ona qaçıb çatan da olmadı. Yüyürməyə
zaman sərf edincə, o bir ilğım kimi gözdən itib
gedir.
Nədir göy qurşağı?!
Sübh çağı buxarlanan şehlə günəşin
öpüşü, ya bu dünyada cismimizin, nəfsimizin rəng
verdiyi ruhlarımızdır. Bəlkə bu rəngləri biz
yaşadıqca qazanırıq. Onlarda səhərin
dümağ vaxtı ruhlarımızın bir gün də
kirlənməmiş bizə boylanan əcdadlarımızdır.
Yəqin hələ demədikləri, hələ yetmədikləri
muradlarının arxasınca boylanırlar. Bəlkə bizdən
nigarandırlar.
Kamal Abdullanın “Ruh” kitabı ilə
tanış olanda bu duyğular içimdə cücərməyə
başladı. Kitabda rənglərin məngənəsində
boğuşan insanlar, ruhların qarşısında edilən
etiraflar, naməlum qalan vəziyyətlərin qiyamət
sorğu-sualı və birdə kitaba yeddi pyesin daxil olması
məndə göy qurşağı anlamını
formalaşdırdı. Sanki mən də göy
qurşağını indi başqa gözlə görməyə
başladım.
Kitabın “Ruh”
adlandırılması təsadüf deyildir. Hər pyesdə
biz ona-ruha rast gəlirik. Ya səs kimi, ya mələk qiyafəsində, ya da...
Amma onların da
öz rəngi var. Onları da digər qəhrəmanlardan
ayıran birləşdirən, bir araya gətirən rənglər
mövcuddur.
Təsadüfi deyildir ki, kitaba
yazdığı “Ön söz”də aktyor Həsənağa
Turabov öz fikirlərini “Rənglərin sirri”
başlığı altında verir. Çünki
burada qəhrəmanların özlərini xarakterizə edən,
onların düşdükləri vəziyyəti, ruhi durumunu,
hisslərini rənglər ifadə edir. Personajlar
onlara, onların yaratdığı möcüzəyə
inanır, onlardan nə isə umur, gözləyirlər.
Talelərini bu rənglərin sanamasına buraxırlar.
Onlarsa nigaran ruhlar
kimi elə hey onları izləyir. Nigarandırlar.
Nə isə başa salmağa, içimizi alan
narahatlıqdan, özümüzü müqəssir bildiyimiz,
ruhumuzu yükləmiş ağırlıqlardan bizi azad etməyə
çalışırlar. Elə azadlıq ki, hətta
uca biləcək qədər.
Kitabla tanış
olarkən diqqətimi bir məqam da çəkdi. Müəllif hər dramın altından, sanki onun
janrını təyin edirmiş kimi, ifadələr işlədir.
Fəlsəfi, sentimental duyumlu dram; duyumlar
dramı; xəyali oyun; yarı xəyali, yarı dramatik oyun;
oyunabənzər həqiqətin qurması; xəyali faciə.
Əsərlərlə tanış olduqda
bu adlandırmaların mənasını daha yaxşı
başa düşdüm.
Bu əsərlərdə
adlar da qəribədir. Müəllif adları ya
ümumiləşmiş ifadələrlə - oğlan,
qadın, qorxacaq qadın, kişi, ya da
şərti adlarla - mələk, tərki dünya və s.
kimi adlandırır.
Pyeslərlə tanış
olduqdan sonra bu qənaətə gəldim ki, bu əsərlər
teatrın inkişafı üçün əsl
materialdır.
Gəlin, kitaba daxil olan pyeslərlə
tanış olaq.
Birinci rəng: “Kim dedi ki, Simurq quşu var imiş”
Biz öz həyatımızın
bir aləti, ya mütaliəçisiyik? Bəlkə
bu yerimizi özümüz təyin edirik?
Hadisələr Yer
adlanan gəmidə baş verir. Birinci
şəkildə pyesi izləyəcək hadisə verilmir.
Kapitan və Zabitin uzun dialoqundan məlum olur ki,
qəhrəmanımız -Kapitan tək yaşayır. O
ulduzları evinə qonaq dəvət edir. Sonrakı
şəkildə peyda olan nağılçı və ada
sahibi ömrünü nağıl kimi yaşamağın mənasını
müzakirə edirlər. Sonra digər
nağıl personajları səhnəyə daxil olur. Ada sahibinin dediyi şeirdə pyesin məğzi
açılır. İnsanın ürəyində
böyütdüyü arzularının yerini kiçik,
lüzumsuz şeylərin zəbt etməsi və insanın
bununla özünü aldatması. İnsanın
həmişə olmayanla özünü sakitləşdirməsi.
Aristotelin təbirincə desək, olanı yox,
olmayanı göstər.
Ulduzları evinə
qonaq çağıran Kapitan onların göstərdiyi yolla
nağıl dünyasına yola düşür. Nağılçı hər şeyin bir əksi
olduğunu, hər şeyin bir əksində olduğunu deyir.
Bundan təsirlənən Şahzadə
Padşahın ayaqlarına düşür. Padşah da rəhmə gəlir. Lakin remarkada həll olunun epizodun davamı
nağılçının sözlərini təsdiqləyir.
Vəzirin Padşahın üstünə itələdiyi
Gözəl qız onu fikrindən daşındırır.
O ayaqlarına düşmüş Şahzadəyə məhəl
də qoymur. Əsər boyu Gözəl qız
lap əvvəldən Padşahın yanında durur, sonra
Şahzadənin yanına keçir. Onu Vəzir
gah şahın yanına itələyir, gah köksünə
sıxıldığı Şahzadə onun bağrından
itələyir, gah da Vəzir özü onu qoynuna
sıxır. Lap fani dünyanın ən
gözəl neməti olan pul kimi itirib-qazanmaq istəyirlər.
Əslində bu əsəri
monodram adlandırmaq daha düz olardı. Çünki
pyesin digər qəhrəmanları tək yaşamağa adət
etmiş insanın nağıllaşmış xəyalıdır.
Qəfil qonaq gələn səs Kapitanın
bütün duyğularını silkələyir. Bu səs o dünyadan gəlibmiş kimi o
dünyadakıların bizlərdən daha vəfalı
olduğunu deyir. Hələ bu dünyaya gəlməyənlərin
də o dünyada ruhları olduğunu, amma onların da bura qədəm
basan kimi unutqanlaşdığını deyir. Bəlkə bura hər şeyin tükəndiyi yer
imiş. Bu səslə Kapitan eyni
yaddaşa, eyni dünyaya sahiblərmiş.
Səslə
Kapitanın hekayəsi nağıl qəhrəmanlarını
susdurur. Bu səs Kapitanın
dünyasını dəyişmiş sevgisidir. Onlar indiyə qədər edə bilmədikləri
söhbəti edirlər. Amma bu dəfə
də yağışın kəsməsi, ulduzların yerini
alması ilə səs də göylərə çəkilir.
Yenə deyilməmiş sözlər, arzular
yarımçıq qalır.
Sonda hər şey həqiqətə
söykənir. İstər
nağıllarda, istərsə də real həyatda - Simurq
quşu yox imiş. Həyat
nağıllardan amansız olur.
İkinci rəng: “Bir-iki bizimki”
Bu pyesdə
başlanğıc hadisə dramaturji qaydaya görə birinci
şəkildə özünü göstərir. Vaxtilə
bir-birini sevən kişi və qadın xəyali
olaraq görüşürlər. Onlar bir-birini
məzəmmət edir, keçmişi yad edirlər. Dialoqlar “Kim dedi ki, Simurq quşu var imiş” pyesindəkini
xatırlatsa da, situasiya tamam başqadır. Qəhrəmanlar arasındakı sevgi hissi
uşaqlıqdan mövcud olmuş, onlar fərd, cins olaraq
bir-birilərinə görə özlərini kəşf
etmişlər. Oğlan qızın saçını
öpməklə kişi olduğunu,
qızın saçlarını onun dodağına
toxundurmaqla qadınlığını hiss etməsi personajlar
arasında cismani toxunuşla ruhi bağlantının
sıçrayışını göstərmişdir.
Uşaqlıqda saqqız üstə düşən
mübahisələr, konfet verməklə oğlanın
qızı aldatması, qaranlıqda qıza arxa olub “səsimdən
tut, gəl” deməsi və bu xarakterin gələcəkdə
onları izləməsi müəllif tərəfindən
uğurlu həll olunub. Konfetlə
başlanan aldanışlar davam edir, qız hələ də
onun qəlbində yer edə bilmir, hələ də onu
qaranlıqdan çıxara bilmir. Nəhayət,
qadının ruhu onu qaranlığa aparır. Və səsindən tutub onun dalınca gəlməyi
deyir. Amma onlar orada da bir-birilərini itirirlər.
Üçüncü rəng: “Hərdən mənə
mələk də deyirlər...”
Haradasa kimsə
oğlana nə isə deyib. Qadın
süd ağaran dan yerinə günəşin verdiyi əsrarəngiz
rənglərin möcüzəsinə inanan oğlanı ona
görə bu mənzərəni görməyə gətirib
ki, ona deyilmiş sözü öyrənib,
düşdüyü bu ağır vəziyyətdən
çıxartsın.
Biz pyes boyu sanki
qadınla bərabər bu sözün nədən ibarət
olmasını öyrənmək istəyirik.
Qəhrəman
inanır ki, hər şey rənglərdən ibarətdir, hər
şey rənglərdən doğub. Bu
dünyada nə varsa, ya rənglərin bətnindən gəlib,
ya da onların qidası olub. Həyatda nə
varsa, adları belə rənglərdir. Rənglərin
də səsləri var.
Qadınsa
oğlanı rənglərin bu təsirindən hifz etmək
istəyir, onu sehrləyən sözü tapmaq istəyir.
Düşünür ki, əgər bu
sözün nədən ibarət olduğunu bilsə, ona
kömək edə biləcək. Mələk
isə onun bütün arzularına yetirəcəyinə
söz verir. Lakin bunun müqabilində ona
sidq ürəklə inanmağı tələb edir. Yalnız bundan sonra ona uca biləcəyi qədər
azadlıq vəd edir.
Sonda oğlan nə
qadının, nə də kişinin ona vəd etdiyi
azadlığa qovuşa bilmir, bu sevdadan bezmiş halda səhnəni
tərk edir. Rənglər isə
sayrışır.
Dördüncü rəng: “Ruh”
Qırx ildən sonra
görüşən məktəb yoldaşları
dostlarından birinin ölümünün şahidi olurlar.
Pərdə bu xəbərlə
açılır. Görüş
zamanı hamı bir-birini təqsirləndirir, keçmiş
günahlar sanki onları qarabaqara izləyir. Onların bu taleləri Şübhəli Məxluqun əlinə
təsadüfən qıfıla düşən açar
kimidir. Ağciyərin
öldürdüyü adamın ölümünə deyil,
onun yerinə həbsdə yatan qardaşının taleyində
özünü günahkar bilməsi. Tərki Dünya
ilə Qorxacaq Qadının məktəbdəki eşq macəraları
və s. Lakin onların ölmüş adamın
yaxınlarına xəbər vermədən
axırıncı sözünü bilmək istəmələri,
onun var-dövlətindən umacaqlı olmaları
ruhlarının nə qədər çirkab içində
olmasını açıqlayır. Onlar
ölmüş adamın ruhunu çağırırlar.
Məqsəd aydındır. Ruhdan
var-dövlətini bölərkən köhnə dostlara da pay düşməyəcəyini öyrənmək!
Ruh gəldikdən sonra onlara yolda
azdığını və 40 il bundan əvvələ
getdiyini deməsi ilə hər şey dəyişir. Özlərini, keçmişlərini unutmuş bu
insanlar o illərə qayıtmaq, o zaman necə
olduqlarını öyrənmək istəyirlər. Məlum
olur ki, məktəb illəri ilə indiki zamanın
arasında qara boşluq var. Onlar anlayır ki, mərhumun
qızıllarına deyil, içlərinin boşluğunu
dolduran isti bir şeyə ehtiyacları var. Onlar öz mənəvi
aləmlərindən çıxmışlar və ona yenidən
tapınmaq istəyirlər.
Bu dram əsəri
kitabdakı digər əsərlərdən daha dolğundur,
burada dialoqlar ziddiyyət yaradır və hadisə törədə
bilir. Bir-birilə başlanan ziddiyyət qəhrəmanların
duyğularının daxili savaşı ilə bitir.
Beşinci rəng: “Pis oğlan”
Bu pyesdə
bütün dialoqlar telefon vasitəsilə aparılır.
Telefon az qala personajlardan birinə
çevrilir. Personajların ilk dialoqlarından məlum
olur ki, onlar bir-biriləri haqqında məlumatlıdırlar.
Onlar eyni xasiyyətin, eyni zövqün, hətta
eyni xəstəliyin belə
daşıyıcısıdırlar.
Virtual olaraq bir-birinə
doğmalaşmış iki insan bir dünyanı
paylaşır, hamıdan saxladıqları daxili
dünyalarını bir bölüşürlər. Onlar hər gecə söhbətləşirlər.
Belə gecələrin birində Kişi
Qadına yazdığı məktubu oxuyur. Məktubun məğzindən aydın olur ki, o sadəcə
qadını ovundurmaq üçün onunla bir
ağrını belə çəkdiyini deyib.
Söhbətlər
sakit axarda gedir. Heç bir
partlayışa səbəb olmur. Hətta
kişinin gizlətdiyi bu şirin yalan belə elə
açılır ki, yanan odun üzərinə su tökən
kimi.
Altıncı rəng: “Yağışlı gecələr”
Bu pyesdə hadisə
baş versə də konflikt səviyyəsinə gəlmir.
Tərəflərdən biri məlum olsa da, digər
tərəf qaranlıq olaraq qalır. Onların
açıq mübarizəsini tamaşaçı izləyə
bilmir. Digər pyeslərdən fərqli
olaraq materialist mövqedə olsa da hadisələr
başlamadan bitir.
Adəmin arvadı, yəni
mərhumənin qızı oğurlanıb və külli
miqdarda pul istənilir. Yas mərasimi təsvir
edilir. Lakin dialoqlar heç bir hadisə
yaratmır və heç bir hadisənin fonunda baş vermir.
Hamı sadəcə xilaskarı - Ərgülü
gözləyir. Sonda Ərgül gəlib vəziyyətdən
hali olur və iki-üç saatdan sonra Adəmi arvadına
qovuşdurur.
Adəmlə Ərgül
arasında qapı arxasında baş verən söhbətdənsə
biz heç nə eşitmirik.
Yeddinci
rəng: “Elə bil qorxa-qorxa”
Ağ və Qara
kölgə çağırışa gedən ruhu yola
salır. Öz oğlunun
çağırışına gələn Ruh - cəllad Məmmədqulu
başına gələnləri nəql edir. Bu hadisələrdə heç kimi günahkar bilmir.
Vaxtı ilə aldığı qisasları belə
əbəs sayır. Bununla da özünə
günah yığdığını, başına gələn
hadisələrin səbəbkarı olduğunu bildirir. Atası Səyyahın ondan qisas istəməsi,
qarı nənənin Karvanbaşından qisas istəməsi mənə
nədənsə “Hamlet” əsərini xatırlatdı. Sonda oğlu Allahverdinin belə qarı nənənin
ahına tuş gəlməsi Cəllad Məmmədqulunun son
günahının yerdə qalması ilə nəticələnir.
Günay Baxışova
Mədəniyyət.-
2011.- 12 avqust.- S. 13.