Müsibət
oluruq biz...
12
avqust Xalq şairi Qabilin doğum günüdür
Onun şeirləri özü kimi sadə, səmimi və
təbii idi. Odur ki, onun barəsində keçmiş zamanda
danışmaq çətindir. Amma onu hər zaman - ilin
dörd fəslində də xatırlamaq xoşdur... Söhbət
poeziyamızın Qabilindən gedir. Avqustun 12-i Xalq şairi
Qabilin (1926-2007) doğum günüdür...
...“Yayın təndir hənirində
bir körpə də İçərişəhərin təzə
sakininə çevrildi. Kim bilərdi ki, təqvimin bu adi
günü vaxt ötəcək tarixə dönəcək,
Qabil adlı sənətkar yetişəcək”.
Yazıçı-publisist Əmir Mustafayev Qabil haqqında belə
yazacaqdı. Bəlkə də tariximizin qədim bir
parçasında dünyaya gəldiyinə görədir ki,
sonralar Qabilin yaradıcılığını rəngli
poeziya adlandırıb göy qurşağına bənzədəcəkdilər.
Əslində Qabilin poeziyası özünə bənzəyən
poeziyadır. Sadə, işıqlı, qanadlı...
Ötən əsrin tən
yarısında - 1950-ci ildə “Səhər
açılır” adlı ilk şeirlər kitabı ilə
Qabil yaradıcılığında səhər
açıldı. Və nə yaxşı ki, bu səhər
özü ilə poeziyamıza yeni nəfəs, yeni ruh gətirdi.
Bu mənada 1958-ci ildə şairin “Mehparə” adlı
poeması mühitdə və ictimaiyyət arasında
böyük hadisə kimi dəyərləndirildi. Qabil 30-dan
çox kitabın müəllifi kimi tanındı və
sevildi.
Hələ 33 il əvvəl qələm
yoldaşı, yazıçı Elçin Qabil
yaradıcılığı barədə yazırdı:
“Qabilin poeziyası iddiasız poeziyadır. Burada iddia ilə
imkan arasında təzad yoxdur, ona görə də ürəklərə
yol tapa bilir, hissləri oxumağı bacarır,
düşüncələrə həmsöhbət olur. Qabil
poeziyası həm də müasir poeziyadır, zəngin Azərbaycan
poeziyası ənənəsinə sadiq, novator poeziyadır.
Qabil poeziyası vətəndaş - şair
poeziyasıdır”.
Vətən sözü müqəddəs,
Əs bu söz üstündə,
əs!
Qabilin şeirlərinin öz musiqisi var. Bu musiqini duymaq üçün Qabilin sənətini duymaq lazımdır. Çünki Qabilin şeirlərindəki
lirika həyatdan gəlmə, sağlam lirikadır.
Harda ümman görürəm,
Sən yadıma düşürsən,
Mənim mavi Xəzərim!
Harda liman görürəm
Sən yadıma düşürsən,
Mənim doğma şəhərim!
Aristotel deyirdi ki, poeziya əslində tarixdən daha ciddi və daha
fəlsəfidir. Bu mənada
şairin on il
müddətinə qələmə
aldığı on üç
min misralıq “Nəsimi”
poemasını Qabil yaradıcılığının zirvəsi adlandırırlar.
Qabil “Nəsimi” poeması ilə sözün və şairin ölməzliyini bir daha sübut etdi.
Nəğməkar
şairimiz Cabir Novruz Qabil yaradıcılığı
barədə yazırdı:
“Bir kimsə, hətta rəqibləri də dilinə gətirə bilməz ki, “Səhv düşəndə yerimiz”,
eləcə də digər neçə-neçə
gözəl şeirlərin,
poemaların, nəhayət,
“Nəsimi” kimi bir əsərin müəllifi Qabilin poeziyamızda yeri səhv düşüb. Əksinə, hamımız
yaxşı bilirik ki, görkəmli sənətkarımız Qabilin
ədəbiyyatımızda özünün çox görümlü, danılmaz
yeri var. Artıq o bu yerin daimi
sakinidir...”
Müsibət
oluruq biz,
Səhv düşəndə yerimiz.
Əgər Qabil təkcə
“Səhv düşəndə
yerimiz” şeirini yazmış olsaydı belə, o poeziyamızda yaşayacaqdı.
Qabil yazdıqları ilə,
poeziyamıza gətirdiyi
səmimi duyğuları,
fikirləri ilə zamansız şairdir.
Milyon sıfır
Bir rəqəmin solunda
Hədərdi...
Bircə sıfır
Bir rəqəmin sağında
Qədərdir!
Qabil təkcə doğum günündə yox, hər zaman xatırlanacaq şairdi... Çünki o hər zaman
xalqının yanında
olub. 20 Yanvar müsibətində hər
misrası qan ağlayan “Mərsiyyə”
şeiri ilə dərdli xalqına ağı dedi, talan olmuş yurdunu düşmənlərdən
azad etmək üçün Azərbaycan
əsgərinə ünvanladığı
“Ümid sənədir
ancaq...” şeiri vətənpərvərlik ruhunda
yazılmış ən
gözəl şeir nümunələrindən biri
oldu:
Uzanır danışıqlar,
İmzalanır sənədlər.
Xəritədə
aləmə
Göstərilir
sərhədlər...
Səsimizə
səs verir
Dünya başbilənləri,
Ümid sənədir ancaq
Azərbaycan əsgəri!
Qabil yazdıqları, yaratdıqları
ilə ölümsüz
şairdir...
Təranə
Mədəniyyət.-
2011.- 12 avqust.- S. 12.