“Sözləri Zeynal Xəlilindir”

 

   Sözümüz-söhbətimiz Zeynal Xəlildəndir...

  

   Bəli, neçə-neçə mahnı adı və ardınca: “Sözləri Zeynal Xəlilindir”...

   Yetmiş ildən çoxdur yetmişdən çox diktorun dilində səslənmiş, səslənən və hələ çox səslənəcək bu sözləri yetmiş milyondan çox insan dinləyib, dinləyir və hələ çox dinləyəcək. Hələ bu sözlərdən dərhal sonra adları çəkilən korifey, ustad və məşhur ifaçılar! “Oxuyur Bülbül”, “Oxuyur Rəşid Behbudov”, “İfa edir Rübabə Muradova”, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova...

  

   Və yazır: Zeynal Xəlil...

  

   Nə yazır, necə yazır, nə deyir, necə deyir? Trafaretçilərin dediyi kimi - “şedevr”, “al-əlvan”, “özünəməxsus”mu? Pah atonnan (öncəki iki bənzətmə bir yana), “özgəsinəməxsus”mu yazacaqmış?! Belə sözlər hamısı sözdür, qadam. O “sözki, qarşısına birçülük” artıranda əyarı üzə çıxır. Gərəkdir ki, hər hansı bir sənət adamı haqda yazanda qəlblərdə onun bəstə, fırça, tişə, ifa yazısına pozu olub-olmaması, milli mədəniyyət xəzinəsinə əbədi bir şey verib-verməməsi, dövrdən-dövrə yonqarlanan maraq testinə düşüb-düşməməsi barədə bəhs edib “sözünəməxsus”layasan. Nədən ki, əgər çox ciddiyə, qədr-qiymət batmanına qalsa, “özünəməxsus”luğun Sabir, Cavid, Müşfiq, Vurğun, Məmməd Araz kimi yiyələri var!

   Mən, hələ onda biri hesab etdiyim bu qənaətə bu yazıya hazırlaşma ərəfəsində internet “ədəbiyyat”ında Zeynal Xəlil haqda yer alan fikir və münasibətlərdən gəldim və and olsun klassik ədəbi haqqa ki, bu bədii qərəzim yazanlara deyil, yazılanlaradır. Yəni, belə ki, hər şeyin, hər kəsin öz qiyməti, hər qiymətin öz yiyəsi var.

   Deməli, Zeynal Xəlil... Bəyəm bu şairin halal-haqq qiyməti aşağıdırmı? Əsla! Dükan-bazarda mallar həm də o vaxt tökülüb qalır ki, istehlakçıların zövqü çox yüksək olur. Sənət “bazar”ında da belədir. Bu “bazar”ın ədəbi, xüsusən poeziya köşkündə isə alıcıların, alıcılığın ən bəyənməzi, ən kübarı bəstəkarlardır ki, bu sarıdan Zeynal Xəlildən çoxbiznesi” gətirən “söz sahibkarı” olmayıb. Deyim ki, mən onun şeirləri, qəzəl-qoşmaları ilə kitablarından çox, müğənnilərin, xanəndələrin ifalarında tanış olmuşam. Məncə, bunun bir səbəbi də ondadır ki, Zeynal Xəlilin şeirləri beyindən çox qəlbə işləyir. Zeynal Xəlil vərəqlərində üç nöqtəli lirik qidalar əmranəli dramatik nidalardan qat-qat çoxdur. Sovet ədəbi hasarı içərisində yalnız üzdə gülən bu şairin içində daimi bir sızıltı vardı. O sızıltılar bəzən, şairin qafiyələrini də caydırır, tutalım, “tar” ifadəsinin davamı kimi car çəkən “xar” kəlməsi əvəzinə “yar” yazdırırdı. Dəli Kürün mənbəyindən yayınıb mənsəbindən başlayırdı. Xan Arazı necə “şanlı” adlandıraydı ki, qafiyəsi “qanlı” tələb edirdi...

   Amma nə qədər qoruq-qaytaq olsa, buyruq-duyruq qoyulsa da, sözü bezə, zikri fikrə büküb yazırdı:

 

   - Nə qədər çaxacaqsan bu göylərdə sən?

   - Bilmirəm... Nə qədər ki bu çöl, bu yamac,

   Yağışa, sulara duyur ehtiyac,

   Nə qədər göylərdə qara bulud var,

   Zil qatı zülmət var, qatı sükut var -

   Onları yandırıb-yaxacağam mən,

   Od töküb göylərdə çaxacağam mən!..

  

   Poetik-dramatik bioqrafiya

  

   Bu yarımbaşlığa şairin öz sözlərilə başlayaq: “Mən Yelizavetpolda doğulmuşam, Kirovabadda boya-başa çatmışam, inşallah, Gəncədə öləcəyəm”. Yox, bu sözləri xatirələrində, iki cildlik əsərlərində yazmayıb, günlərin bir günü - çox sevdiyi, tez-tez gəldiyi Filarmoniyanın çayxanasında deyib. Belə deyimləri tez-tez olarmış. Bir kərə şair dostlarından biri ona “Sən yazda doğulduğuna görə bahardan-yazdan bu qədər yazır, gül-çiçəyi bu qədər sevirsən?” - deyəndə, qayıdır ki: “Bahəm, bahəm! Necə ki, sən payızda doğulduğunçün Böyük Oktyabrdan bu qədər yazırsan! Bunların fərqinin bir gözəlliyi də bundadır ki, mənim ad günlərimə, yubileyimə gül gətirirlər, səninkinə əklil...”

   Şairlərin həyatında belə zarafatlar, baməzə “rişxənd”lər boldur. Maraqlısı isə “oldurki, Zeynal Xəlilin bütün həyatı “taleyin ironiyaları” ilə müşayiət olunub. Elə birincisi, özünün daha məzəli formada toxunduğu doğum yeri. 1914-cü ildə Yelizavetpolda doğulan bu əsil-nəsilli şair yeddi yaşında ikən atasını itirib. 1937-ci ilin repressiyaları onun şairlik duyğuları ilə çox “qaçdı-tutdu”lar oynayıb - baxmayaraq ki, bir il öncə çap olunmuş “İstək” adlı ilk şeirlər kitabında könüldən istəmədiyi məsələ-mətləbləri də fikrən çox istədiyini bəyan etməli olmuşdu. Sonra müharibə! “1941-45” deyəndə dodaqları 55 yerdən çatlayan anasının, o beş ildə beş min yerdən zədə alan öz şair ürəyinin “zamandan hesabat” tələb edən “əzablı əsəblər”i!

   Onun kitablarının adları təkcə nəşr nişanələri kimi deyil, həm də ömür-gün naxışları, tələsi daim pusquda olan tale haray-həşiri kimi də səslənir: “İstək”, “Yəhərləyin atları”, “416”, “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Bənövşə”, “Sevdiyim rəng”, “Günəş, dəniz, insan”, “Ulduzlar”, “İntiqam”, “Ata yolu”... Bu isimlər, sifətlər, saylar... onun poeziya “dilçiliyində” nə qədər akademik və xəlqi olduğunu təsdiqləyir. Təəssüf ki, sovetlərin “qlavlit” adlı hədə-barmağı onu toxunduğu mövzuların, belə deyək, quyu dibinə enməyə, “40-cı qapı”larını açmağa rüsxət vermirdi. Bu isə, Zeynal Xəlil poeziyasını can-qan dərinliklərindən məhrum edir, oxucunu daha şirin, daha dadlı alt qat tapıntılarına, “rentgen” görsəntilərinə tamarzı qoyurdu.

   Təbiət “siyasət”ində isə Zeynal Xəlil qələmi istənilən səmtə gedir, istedadı daxilində istənilən dərinliyə işləyirdi. Belə də deyə bilərik ki, eko-biologiya onun bioqrafiyasındakı ən xoş məqamların rəhni olub. Bəzən o, ürək, arzu, xəyal istəklərinin hovunu - padşah qızlarının vəsfinə işlənən gömgözəl, qəpqəşəng bir çiçəyin tərənnümü ilə alıb. O, ömür, poeziya, cəmiyyət taleyindəki haqq-hesabların çoxunu təbiət azadlığı ilə “çürüdüb”.

  

   ...Mən yarpağa nəzər saldım:

   Şaxta vurmuş, gün döymüş -

   Çöhrəsi damar-damar.

   Yerdən-göydən soruşdum,

   Dedim səhər yelinə:

   - Söylə, neçin bənzəyir

   Yarpaq insan əlinə?..

  

   Növbəti təəssüf: o, dünyasını dəyişəndə - 11 avqust 1973-cü ildə - 1914-də doğulduğu Yelizavetpol Kirovabad adlanırdı - hələ Gəncə olmamışdı.

   o vaxt nekroloqlarda “Allah rəhmət eləsinyazmaq da yasaq idi. Elə bir buna görə Allah ona qəni-qəni rəhmət eləsin!..

  

 

   T.Abbaslı

 

   Mədəniyyət.- 2011.- 12 avqust.- S. 12.