Mədəni
irsə böyük ehtiramla
“Xınayaxdı” folklor kollektivi tatların toy mərasimi
ənənələrini yaşadır
Azərbaycan
mədəniyyətlərarası və dinlərarası
dialoqu, tolerantlıq mühitini yaşadan çoxmillətli
ölkədir. Ölkəmizdə yaşayan müxtəlif
etnik qrup və milli azlıqların mədəni
inkişafına, rəngarəng mərasim və ayinlərinin,
adət-ənənələrinin qorunub saxlanılmasına
dövlət tərəfindən hər zaman diqqət və
qayğı göstərilir.
Respublikamızın bölgələrində
ayrı-ayrı etnik qrupların özfəaliyyət kollektivlərinin,
folklor qruplarının fəaliyyəti də bu diqqət və
qayğının göstəricisidir. Belə yaradıcı
kollektivlərdən biri də Şabran rayonunun Dağbilici kəndində
fəaliyyət göstərən tatlardan ibarət
“Xınayaxdı” folklor qrupudur. Kollektiv rayon və respublika
miqyaslı bir sıra mədəni tədbirlərin fəal
iştirakçısıdır. Folklor qrupu iyun aynda Bakıda
“Azərbaycan - doğma diyar” devizi altında keçirilən
Milli Azlıqların İncəsənəti III Respublika
Festivalının da iştirakçısı olub.
Şabran rayonu Dağbilici kənd
mədəniyyət evinin direktoru, “Xınayaxdı” folklor
qrupunun üzvü Rəna Ağasıyevanın bildirdiyinə
görə, kollektiv 1986-cı ildə tatların adət-ənənələrini
yaşatmaq, gələcək nəsillərə ötürmək
məqsədilə yaradılıb: “Toy mərasimlərini,
milli bayramları və digər əlamətdar günləri dədə-baba
adətləri ilə xüsusi təmtəraqla keçiririk.
Toy mərasimlərini xüsusilə qeyd etmək istərdim.
Toylar əsasən xüsusi qurulmuş mağarlarda və
tatların özünəməxsus adətləri çərçivəsində
keçirilir. Toy adətlərimizdən biri xınayaxdı
gecələridir. Əvvəllər toy üç gün
davam edirdi və sonuncu, 3-cü gün xınayaxdı gecəsi
keçirilirdi. Səhərisi, 4-cü gün isə bəyi
toy mağarına gətirirdilər və həmin gün
axşamçağı gəlini oğlan evinə gətirirdilər.
Bununla da gəlin öz yeni evinə köçmüş
sayılırdı”.
“Xınayaxdı” folklor kollektivinin
yaşatmağa çalışdığı toy adətlərindən
biri də “Yaylıq atma” mərasimidir: “Qız evindən və
oğlan evindən yaylıq gətirilir və toy mərasimində
sağ tərəfdən oğlan evinin, sol tərəfdən
qız evinin yaylığı ortaya atılır. Bu birləşmə,
qovuşma mənasını verir. Baxmayaraq ki, bəzi yerlərdə
yaylıq “ayrılıq” anlamını verir, bizim adətlərə
görə bu mərasimdə yaylıq birləşmə mənasındadır”.
Tat toylarında gəlinin geyimi də
özünəməxsus olur: “Bizim adətlərə görə
gəlinlik donu adətən qırmızı rəngdə
olur. Lakin müasir zamanda daha çox ağ gəlinlik dəbdə
olduğundan bizim kənddə də həm qırmızı,
həm də ağ gəlinlik geyinilir”.
“Xınayaxdı” folklor xalq
kollektivinin 55 nəfər üzvü var. Yaşlıdan cavana
hər kəs öz işini məharətlə görür. Ən
gənc üzvün 8 yaşı var. Kollektiv adətən
milli geyimdə çıxış edir. Folklor kollektivinin
milli bayramımız olan Novruzda səməni bişirmə, səməni
döymə, güləş, müxtəlif oyunları
hazırlayıb nümayiş etdirməsi də xüsusi
maraqla qarşılanır.
“Xınayaxdı” folklor xalq
kollektivinin qoruyub saxladığı qədimi şalın isə
maraqlı tarixçəsi var. “Sərhəd şalı”
adlanan bu şalın təxminən 100 yaşı var. Bundan
başqa, qədimi güzgü, mis və saxsı
çıraqlar, qədim geyim nümunələri də
qorunub saxlanılır.
“Xınayaxdı” folklor xalq
kollektivinin rəhbəri Bayram Ağasıyev kollektivdə
müxtəlif mərasimləri həyata keçirən təhsilli
peşəkar musiqiçilərin də olduğunu bildirdi:
”Kollektivin musiqi və səhnə tərtibatı, həmçinin
mərasim və ya tədbirlərdə
hazırladığımız səhnələrin instrumental
hissələrinin musiqi tərtibatı mənim üzərimə
düşür. Kollektivdə peşəkar musiqiçilər
var. Tatlara məxsus, ta qədimdən qulağımızın
eşitdiyi xalq musiqilərinin nota alınması ilə də
məşğul oluruq. Təxminən 30-35 folklor nümunəmiz
var. Həmçinin qədim kitablarda olan xalq nəğmələrimizi
səhnələşdiririk. “Gülbaşmaq” adlı tat xalq
mahnısını tamaşa üzərində qurmuşuq. Bu
mahnını xınayaxdı gecələrində kollektivin
qızları ifa edirlər. Süjet isə belədir:
oğlan bir qızın başmağını
oğurlayır. Qız başmağını
oğurlayanı biləndə başmağı geri
qaytarmağı tələb edir. Oğlanın isə
başmağı oğurlamaqda məqsədi var. Bu dialoqdan
sonra, nəhayət, qız deyir ki, həmişəlik
yarın olaram, ver mənim gül başmağımı. O
zaman oğlan razılaşır və başmağı geri
qaytarır”.
Bayram Ağasıyev kollektivin bir
çox dövlət tədbirlərində iştirak etdiyini
vurğuladı:
“Folklor kollektivi
olmağımıza baxmayaraq istənilən mərasimə
uyğun səhnələşdirmələr edirik. Həm tat,
həm də Azərbaycan dilində musiqilərlə,
xüsusilə vətənpərvərlik mahnıları ilə
çıxış edirik”.
Reyhan İsayeva
Mədəniyyət.-
2011.- 12 avqust.- S. 11.