Azərbaycanda
kino işinin təşkili
Kino
tariximizdən
Sovetləşmənin
ilk illərindən kino bolşevik ideologiyasının
güclü təbliğat maşınına çevrildi
1918-ci ilin 28 mayında yaranan Azərbaycan Xalq
Cümhuriyyəti Şərqdə ilk respublika, ilk demokratik
dövlət idi. Cəmi 23 ay yaşamasına baxmayaraq,
Xalq Cümhuriyyəti Azərbaycan xalqının həyatında
tarixi hadisəyə çevrildi. Bu qısa
müddət ərzində Azərbaycan üçün
çox böyük - dövlət, ordu quruculuğu, mədəniyyətin
inkişafı və s. ilə bağlı - işlər
görülmüşdür.
Kinoteatrlarda Azərbaycan
milli ordusunun yaranması və sərhədlərimizin
qorunmasını, erməni daşnaklarının
özbaşınalığına son qoymaq üçün
xilaskar türk ordusunun Azərbaycan xalqının köməyinə
gəlişini, Azərbaycan hökumətinin dinc quruculuq
işlərini əks etdirən əsasən xronikal-sənədli
filmlər göstərilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 1-ci ildönümünün təntənə
ilə bayram edilməsi lentə alınaraq “Azərbaycanın
müstəqilliyinin ildönümü münasibətilə təntənə”
sənədli filmi çəkilmiş və 1919-cu il iyunun
13-də Bakının “Ekspress” və “Rekord”, bir qədər
sonra “Forum” kinoteatrlarında proqramdan əlavə
nümayiş etdirilmişdir.
1920-ci il aprelin
28-də Azərbaycan bolşevik Rusiyasının XI
Qırmızı ordusu tərəfindən işğal olundu
və milli hökumətin bütün sahələrdə, o
cümlədən mədəni quruculuqla bağlı nəzərdə
tutduğu böyük işlər yarımçıq
qaldı.
Azərbaycanda sovet
hakimiyyəti qurulandan sonra kinematoqraf tamamilə yeni istiqamət
götürdü. Kino yeni ideologiyanın -
bolşevik ideologiyasının güclü təbliğat
maşınına çevrildi. Təsadüfi deyil ki,
sovet hökumətinin başçısı Vladimir Lenin
bolşevik ideologiyasının tez bir zamanda kütlələrin
beyninə yeridilməsində sənədli kinonun xüsusi əhəmiyyət
kəsb etdiyini bildirərək demişdi: “Kommunist ideyaları
ilə yoğurulmuş, sovet həqiqətlərini əks
etdirən yeni filmlərin istehsalına xronikadan başlamaq
lazımdır”.
Leninin bu fikrini əlində bayraq
edən sənədli kino çəkənlər respublikada
sovetləşmənin ilk günlərindən bu sahəyə
diqqəti artırır və XI Qırmızı ordu hissələrinin
Bakıya gəlişini, ordu hissələrinin Bakıda
paradını, sentyabr ayında Bakıda keçirilən
Şərq xalqlarının I qurultayını və 1918-ci
ildə Türkmənistanda güllələnmiş 26 Bakı
komissarının cənazələrinin Bakıya gətirilərək
dəfnini, ordu komandirlərinin dağlıların
qonağı olmasını, Pyotr meydanında iməciliyi əks
etdirən xronikal filmlər çəkirlər. Bir il sonra, yəni 1921-ci ildə “Sovet Azərbaycanının
I ildönümü” adlı ikihissəli xronikal film istehsal
olunub ekranlara buraxılır.
Bakıda sənədli
filmlər çəkilməklə bərabər Azərbaycanda
kinematoqrafiyanın inkişafına yönəldilmiş bir
sıra təşkilati tədbirlər də həyata
keçirilirdi. 1920-ci il iyulun 4-də
Azərbaycan SSR İnqilab Komitəsinin sədri N.Nərimanov
kinematoqrafiya və fotoqrafiya müəssisələrinin milliləşdirilməsi
haqqında dekret imzaladı.
Azərbaycan
kinematoqrafiyasının inkişafı məqsədilə Xalq
Komissarları Sovetinin 1923-cü il tarixli
xüsusi dekreti ilə Azərbaycan Foto-Kino İdarəsi
yaradıldı. Həmin il AFKİ nəzdində
I Dövlət Kinofabriki açıldı.
İndiki Azadlıq
prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişdiyi
yerdə inqilabdan əvvəl “Renessans” restoranı, onunla bir cərgədə
müxtəlif anbar binaları yerləşirdi. Həmin restoran və anbar binaları AFKİ-nin
ixtiyarına verildi. Bina kinofabrikə
uyğun dəyişdirildi, restoranın zalı xeyli genişləndirildi.
Beləliklə, iri zal yeni kinopavilyona
çevrildi. Həyətdəki limonad
zavodu söküldü və onun yerində plyonka emalı
üzrə sex və başqa yardımçı binalar
inşa edildi.
1923-cü ildə
“Bakinski raboçi” qəzeti bununla əlaqədar “Kinofabrik” məqaləsini
dərc etdi. AFKİ-nin sədri Hənifə Terequlov
kinofabrikin normal fəaliyyət göstərməsi
üçün xeyli iş gördü. Həmin il ikiseriyalı “Qız qalası” bədii filmi
istehsala buraxıldı. Bu film həm sovet Azərbaycanının
ilk kino əsəri, həm də Şərqdə müstəqil
kinematoqrafiyanın inkişafına doğru ilk addım idi.
Filmin çəkilişlərində
mindən artıq adam iştirak etmişdi.
Rekvizit, əlbəsə, butaforiya kinofabrikin
emalatxanalarında hazırlanmışdı. Əsas dekorasiyalar fabrikin həyətində
qurulmuşdu.
“Pravda” qəzeti filmin ekranlara
buraxılması ilə əlaqədar yazmışdı:
“Bakı inqilabi ənənələr şəhəridir. Məgər
qəhrəmanlıq mübarizəsi, Şərqi lərzəyə
salan inqilab dalğası “Azərkino”ya ilk övladı
üçün başqa mövzu verə bilməzdimi?”.
Bəli, o vaxtlar kino
işçilərimiz bu tənqidi fikirdən elə nəticə
çıxartdılar ki, nəinki yaxın qonşuları, hətta
bütün sovet kinematoqrafçıları onlara həsəd
apara bilərdilər. Çünki elə
1924-cü ildən etibarən onlar inqilab haqqında ekrandan fəxrlə
danışmağa başladılar.
1924-cü ildə
rejissor Kravçenko Leo Murun ssenarisi əsasında “Bayquş”
adlı bədii film çəkdi. Bu film
inqilabdan bir qədər əvvəl Azərbaycanda
burjua-mülkədar ağalığının son günlərindən,
kəndlilərin yerli feodallara qarşı mübarizəsindən
bəhs edirdi. Mövzu aktual olsa da, film sənət
baxımından çox aşağı səviyyədə
yaradılmışdı. Ona görə də
film ekranlara buraxılmamış və hətta kinolenti
saxlanılmamışdır.
İnqilab və onun
nəticəsi ötəri də olsa rejissor A.M.Şərifzadənin
1925-ci ildə çəkdiyi “Bismillah” filmində də öz
əksini tapmışdır: xanlar və mollalar xalqı
aldadır, onun avamlığından öz məqsədləri
üçün istifadə edirdilər. Bolşeviklər
isə xalqı inandırmağa
çalışırdılar ki, məhz inqilab onları ağ günlərə çıxara bilər.
Filmin sonunda
mollanın həbs edilməsi bolşeviklərin haqlı
olduğunu təsdiqləyirdi. Qəribə
burasındadır ki, istər bu, istərsə də bir
çox digər filmlərdə hadisələr məhz Xalq
Cümhuriyyəti dövründə baş verir. Sonrakı illərdə çəkilmiş bir
sıra filmlərdə də bilərəkdən bu dövr
qabardılırdı.
Erməni
kinematoqrafçıları ilə birgə
yaradılmış “Vulkan üzərində ev”
bədii filmində Bakı proletariatının inqilabi
mübarizəsindən bəhs olunur. Filmin əsasını
olmuş əhvalatlar, 1907-1908-ci illərdə Bakı
quberniyasının Zabrat neft mədənlərində və
onun yaxınlığında fəhlə-neftçilər
üçün salınmış komalarda baş verən
faciəli hadisələr təşkil edir. Bütün bu əhvalatlar ekranda qocaman qazma
ustasının xatirələrində canlandırılır.
“Rassvet azerbaydjanskoqo sovetskoqo iskusstva”
kitabında qeyd edilir ki, “Azdövlətkino” və “Ermənkino”nun
birgə istehsalı olan bu film milli kinematoqrafiyanın
inkişafında irəliyə doğru əhəmiyyətli
bir addımdır.
Əslində bu
filmin Azərbaycan kinosu ilə bağlılığı
çox azdır. Filmə ən
düzgün qiyməti vaxtilə C.Cabbarlı vermişdir.
O, “Hara gedir “Azərkino?” məqaləsində
yazmışdır: “Haradansa dəvət olunmuş rejissor və
aktyorlar bir neçə yüz manat pulu havayı yerə xərcləyərək
çıxıb gedirlər və “Azərkino” həm məhsulsuz,
həm də işçisiz qalır. Bu faciə
Ümumittifaq İncəsənət Olimpiadasında
bütün kəskinliyi ilə üzə çıxdı.
Burada “Azərkino”nun rüsvayçılığı o dərəcəyə
çatdı ki, onun il ərzində bircə müstəqil
film də meydana çıxara bilmədiyi məlum oldu və
o, “Armenkino”nun qüvvələri ilə çəkilmiş
sırf ticarət (əsla yaradıcılıq deyil) sazişi
əsasında xərclərin bir hissəsinin “Azərkino” tərəfindən
ödənilməsindən başqa “Azərkino” ilə
heç bir əlaqəsi olmayan “Vulkan üzərində ev”
filmi ilə çıxış etdi”.
C.Cabbarlının fikri bir az da aydın olsun deyə filmin yaradıcı
heyətini sizə təqdim edirəm: ssenari müəllifi
Folyan, rejissor Beknazaryan, operator Qalperin, rəssam Qonçarski. Əsas
rollarda: Hepsesyan, Ayvazyan, Karakaş, Maxmurova, Makuxina çəkilmişlər.
Yalnız iki nəfər - Ələsgər Ələkbərov
və S.Dadaşov filmin çəkilişinə cəlb
olunmuşlar. Ə.Ələkbərovun da
qəhrəmanını filmin əvvəlində
öldürürlər. Həlak olmuş
azərbaycanlı neftçinin uşağını erməni
götürüb saxlayır və “öz balası kimi”
böyüdür.
1928-ci ildə istehsal
olunmuş “Gilan qızı” filmi də inqilabi hadisələrdən
bəhs edir. Bu dəfə 1920-ci ildə
İranda gedən milli azadlıq hərəkatından, şah
və ingilis qoşunlarının güclü təzyiqi
altında Gilanın faciəli süqutundan söhbət gedir.
Bu məişət dramı yazıçı
Slyozkinin “Tunc ay” romanı əsasında
ekranlaşdırılmışdır. Filmin
rejissoru Leo Mur, operatoru İvan Frolovdur. Filmdə
kəndli üsyanından bəhs olunsa da, əslində burada
inqilabi mübarizə ikinci plana keçirilmiş,
dolaşıq məişət səhnələri ön plana
çıxarılmışdır.
Filmin adı “Gilan
qızı”dır. Tamaşaçı
gözləyir ki, Gilan qızı Səkinə inqilabi
burulğanın içərisində olacaq, o, əri Hacı
Zəkidərə inqilabi işdə yaxından köməklik
göstərəcəkdir. Amma biz filmdə
bütün bunların əksini görürük. Məişət səhnələri, Səkinənin
zorla məhəbbət üçbucağına
salınması tamaşaçını əsas məsələlərdən
yayındırır. Tamaşaçılar
ekranda real həyatdan uzaq olan hadisələr və qəhrəmanlarla
qarşılaşmalı olurlar.
Filmin sonunda üsyan
etmiş kəndlilərin ingilis qoşunları tərəfindən
necə vəhşicəsinə qətlə yetirilməsi və
inqilab mübarizlərini qan içində boğması yada
salır ki, bu film hansı dövrü əhatə edir, yəni
Gilanın faciəli süqutu tarixçəsini ekranda
canlandırır.
Təsadüfi deyil
ki. C.Cabbarlı “Hara gedir Azərkino?” məqaləsində
kinomuzda çox ciddi problem kimi duran ssenari məsələsinə
toxunaraq yazırdı: “...Məsələ burasındadır
ki, “Azərkino” yerli qüvvələrdən ssenari hazırlamaq
üzərində işləmir və yalnız dəvət
olunanlara ümid bağlayır, onlar isə yerli həyatla
tanış olmadıqlarından türk kişisi və
qadını haqqında hər cür uydurmalar yazırlar,
sonra da ssenarini oxuyan elə ilk türk buna etiraz edir və hər
şey alt-üst olur. “Gilan qızı” ilə də
eyni hal baş vermişdi. Burada da elə
ağlasığmaz cəfəngiyat yazmışdılar ki,
sonra heç cürə vəziyyətdən çıxa
bilmirdilər...”.
Lap qəribəsi
orasındadır ki, “Gilan qızı” romanı İranda gedən
inqilabi hadisələrdən bəhs etsə də, kinonun rəhbərləri
ssenarinin yazılışı vaxtı belə bir təklif irəli
sürmüşdülər ki, filmdəki zaman kəsiyi Azərbaycana,
“Müsavat” hakimiyyəti dövrünə keçirilsin.
Hadisələr isə dənizkənarı
şəhərdə cərəyan etsin. Filmin
də adı dəyişdirilib “Qardaş qardaşa
qarşı” olsun. Sonra nə fikirləşdilərsə,
film romanda olduğu kimi çəkildi və ekranlara
buraxıldı.
Azərbaycan kino
işçilərinin Moskvanın göstərişi ilə
tarixi-inqilabi mövzuda çəkdikləri filmlər bununla
bitmir. Növbəti yazılarımızda
bu mövzunu davam etdirəcəyik.
Aydın Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2011.- 12 avqust.- S. 10.