Turizm haqqında yeni qanun layihəsi hazırlanıb
Mahir Qəhrəmanov: “Qanun Azərbaycanda turizm sahəsinin
inkişafına əlavə imkanlar yaradacaq”
Ölkə prezidenti tərəfindən
təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin
“Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər
Planında nəzərdə tutulan məsələlərdən
biri də bu ilin sonunadək «Turizm haqqında» qanunun yeni layihəsinin
Milli Məclisə təqdim edilməsidir. Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin müdir
müavini - Daxili turizmin inkişafı sektorunun müdiri Mahir
Qəhrəmanovun sözlərinə görə, yeni qanun
layihəsinə artıq Nazirlər Kabinetində
baxılıb və sənəd razılaşdırılmaq
üçün Ədliyyə Nazirliyinə göndərilib.
M.Qəhrəmanovun sözlərinə
görə, «Turizm haqqında» yeni qanunun qəbulu bu sahənin
inkişafına əlavə imkanlar yaradacaq: “Hazırda
qüvvədə olan «Turizm haqqında» qanun və 2002-2005-ci
illərdə Azərbaycanda turizmin inkişafına dair
Dövlət Proqramı çərçivəsində biz
müvafiq işlər görmüşük. Bundan sonrakı
mərhələdə daha yüksək səviyyədə
beynəlxalq turizm bazarına inteqrasiya olunmaq, dünya
standartlarına uyğun turizm xidmətini təşkil etmək,
turizm insan ehtiyatlarının hazırlanmasını beynəlxalq
şərtlərə uyğunlaşdırmaq, ölkənin
turizm potensialını daha geniş təbliğ etmək
baxımından yeni qanuna ehtiyac var. Yeni qanun bizə imkan verəcək
ki, daha geniş təsir vasitələrini işə salaq. Bu,
turizm xidməti infrastrukturunun genişləndirilməsi, yerləşdirmə
obyektlərinin sayının artırılması, mədəniyyət
obyektlərinin turizm nümayiş obyekti kimi istifadə
olunmasının təşkili, regionlarda turizmin
inkişafı, turizmin müxtəlif növlərinin təşviqi
baxımından bizə əlavə imkanlar verəcək”.
M.Qəhrəmanov dedi ki, yeni qanun
bu günün tələblərinə cavab verəcək:
“Artıq müstəqil Azərbaycanın turizm sahəsində
müəyyən təcrübəsi var. Respublika daxilində
sərgilər keçirilir, ölkəmiz beynəlxalq turizm sərgilərində
iştirak edir, turizm potensialımız dünyanın məşhur
kanallarında reklam olunur. Əvvəllər beynəlxalq sərgilərdə
yalnız nazirlik təmsil olunurdusa, indi bu sıraya turizm şirkətləri
də qoşulub. Bu kimi məsələlərdə də yeni
turizm qanununa ehtiyac var».
Nazirlik rəsmisinin sözlərinə
görə, yeni qanunda beynəlxalq normalar, bu çərçivədə
Mədəniyyət və Turizm Nazirliyi qarşısında
duran vəzifələr, eyni zamanda beynəlxalq turizm bazarına
inteqrasiya olunmaq üçün lazım olan fəaliyyətin
tənzimlənməsi və s. mühüm məsələlər
əksini tapacaq.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 12 avqust.- S. 9.