“Festival Azərbaycan mədəniyyətini dünyaya təqdim etmək üçün
yaxşı fürsət idi”
Qəbələ
III Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri,
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad
Bədəlbəyli musiqi bayramının Azərbaycanın
beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfə
olduğunu bildirib:
- Mən bu festivalı Azərbaycanın
beynəlxalq nüfuzunun daha da artmasına təsiri
baxımından həm mədəni, həm də siyasi tədbir
adlandırardım. Hesab edirəm ki, bu musiqi bayramı mədəniyyət
dəyərlərinin təbliği ilə yanaşı, həm
də siyasi əhəmiyyətə malikdir. Biz xarici ölkələrdən
gəlmiş musiqiçilərlə süfrə arxasında
ümumi söhbətlər apararkən, yol gedərkən, gəzinti
zamanı həm də onlara Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar
verirdik. Xoşbəxtəm ki, festival günlərində bu
vacib informasiyanı xarici musiqiçilərə
çatdıra bildik.
Təxminən 20 gün davam edən
Qəbələ III Beynəlxalq Musiqi Festivalı Azərbaycan
mədəniyyətini dünyaya təqdim etmək
üçün növbəti ən yaxşı fürsət
idi və zənnimcə, biz bu istəyimizə nail olduq. Builki
festivalın proqramını daha da zənginləşdirərək
oraya Azərbaycanla bağlı bir neçə konsert də əlavə
etdik. Konsertə gələn musiqisevərlər Azərbaycan bəstəkarlarının
simfonik əsərlərini, dünya musiqi incilərini dinləyirdilər.
Sonsuz minnətdarlıq hissi ilə
vurğulamaq istəyirəm ki, son illər Azərbaycanda mədəniyyətin
inkişafına dövlətimizin başçısı
İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən
çox böyük dəstək verilir, ölkədə
musiqi ilə bağlı çoxsaylı beynəlxalq tədbirlər
keçirilir.
Bu baxımdan Qəbələ Beynəlxalq
musiqi festivalının artıq gözəl bir ənənəyə
çevrildiyini deyə bilərik. Onu da inamla deyə bilərik
ki, artıq Qəbələ əyaləti təmsil edən
adi bir yaşayış məskənindən milli musiqi ilə
klassik musiqinin, Şərq musiqisi ilə Qərb musiqisinin həmahənglik
təşkil etdiyi mədəniyyət mərkəzinə
çevrilməkdədir. Qəbələ Beynəlxalq Musiqi
Festivalı Azərbaycan və dünya musiqisinin, mədəni
dəyərlərin qorunub saxlanılması istiqamətində
Heydər Əliyev Fondu tərəfindən atılan növbəti
uğurlu addımdır. Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Qəbələdə keçirilən bu tədbirlər
ildən-ilə dünyada daha çox tanınır. Fondun təşəbbüskarlığı
və yüksək təşkilatçılığı
olmasaydı, biz heç vaxt bu tədbiri belə uğurla
yekunlaşdıra bilməzdik. Ona görə də biz bir daha
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
dərin təşəkkürümüzü bildiririk”.
Mədəniyyət.-
2011.- 12 avqust.- S. 8.