Mənalı istirahətdən yaddaqalan xatirə

 

   Ölkəmizdə turizm sektorunun inkişafı milli hədiyyə və suvenirlərin istehsalına diqqəti artırmağı zəruri edir

  

   Turizmin inkişafı iqtisadiyyatın müxtəlif sahələrinə, xidmət sektoruna və s. müsbət təsir göstərir. Turizm sektorundakı tərəqqiyə bağlı olan sahələrdən biri də milli sənətkarlıq və suvenir məhsullarının istehsalıdır. Ölkəyə gələn xarici qonaqlar, eləcə də bölgələrimizə səfər edən yerli turistlərimiz mənalı istirahətdən yaddaqalan bir xatirə kimi müxtəlif suvenirlər, xalq tətbiqi sənəti malları alıb aparırlar.

  

   Bu baxımdan respublikamızda turizmin geniş təşəkkül tapması ilə bu sahənin də inkişafı önəm kəsb edir. Təsadüfi deyil ki, ölkə prezidenti tərəfindən təsdiq olunan 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramında da bu məsələyə yer ayrılıb. Proqramın bəndlərindən biri milli sənətkarlıq və suvenir məhsullarının istehsalının təşviqi məsələsidir.

   Qeyd edək ki, turizmin inkişaf etdiyi ölkələrin iri şəhərlərində xüsusi suvenir mağazaları var. Burada qonaqlara ölkənin tarixini, mədəniyyətini, dövlət atributlarını və s. əks etdirən ən müxtəlif suvenirlər təklif edilir.

   Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Nəzərə alaq ki, 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision” müsabiqəsi ilə bağlı ölkəmizə böyük sayda xarici turist gələcək. Yəqin ki, əcnəbi qonaqlar buradan gedərkən özləri ilə xatirə olaraq milli suvenirlərimizi də alıb-aparmaq istəyəcəklər.

  

   Yerli sənətkarların hazırladığı suvenirlərə həmişə tələbat var

   

   Mövzu ilə əlaqədar ilk növbədə paytaxtda fəaliyyət göstərən bir neçə hədiyyə mağazasına baş çəkdik. Diqqətimizi çəkən ilk məqam yerli məhsulların çeşidinin azlığı oldu. Məhəmməd Əliyev adlı satıcı hədiyyəlik əşyaların çox hissəsinin Çində istehsal olunduğunu, bəzilərinin yerli sənətkarlardan aldıqlarını deyir. O, hətta üzərində Qız qalası və digər milli ornamentlərin həkk olunduğu kiçik həcmli əşyaların da sifarişlə Çindən gətirildiyini bildirir. Yerli məhsullara gəlincə, toxuculuq məhsullarının, tar, kaman və qaval formalı suvenirlərin daha çox satıldığını vurğulayır. Onun sözlərinə görə, xarici qonaqlar yerli sənətkarların hazırladığı suvenirlərə daha çox maraq göstərirlər.

   İçərişəhərdə hədiyyəlik əşyaların satışı ilə məşğul olan Ataxan Məmmədov isə yerli sənətkarların hazırladıqları məhsullara baha qiymət qoyduqlarını deyir. Onun sözlərinə görə, mağazalar üçün belə suvenirlərin alınması maddi baxımdan o qədər də sərfəli deyil.

   Fuad Mustafayev 6 ildir İçərişəhərdə suvenir və xalçaların satışı ilə məşğul olur. Əslən İsmayıllının Basqal qəsəbəsindəndir. F.Mustafayev turistlərin yerli sənətkarların hazırladıqları məhsullara böyük maraq göstərdiyini deyir. “Bizim mağazada əsasən toxuma məhsulları satılır. Alıcılara təqdim etdiyimiz suvenirlər Azərbaycanda, Çində, Türkiyədə, Dağıstanda istehsal olunur. Məsələn, xəncər suvenirləri Dağıstandan, Gürcüstandan gəlir, musiqi alətləri formasında olan suvenirlər Azərbaycanda istehsal olunur. Yerli suvenir məhsullarını əsasən sənətkarlar özləri gətirir. İçərişəhərə çoxlu turist gəldiyindən alıcı sarıdan gileyimiz yoxdur”. Onun sözlərinə görə, Azərbaycanın mili naxışlarla olan toxuculuq məhsullarına, üzərində milli ornamentlər olan suvenirlərə turistlər böyük maraq göstərirlər.

  

   Sənətkarlara güzəştlər olarsa...

   

   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev sovet dövründə Bakıda suvenir fabrikinin fəaliyyət göstərdiyini deyir. Müsahib vurğulayır ki, nazirlik Azərbaycanda çoxsaylı suvenirlərin, xalq tətbiqi sənəti nümunələrinin istehsal olunmasında, sənətkarların bu işə cəlb olunmasında maraqlıdır. “Hazırda dövlət bu sahə ilə məşğul olmaq istəyənlərə geniş imkanlar yaradıb. Biz çox maraqlıyıq ki, Azərbaycanda suvenirlər, xalq tətbiqi sənəti nümunələrinin istehsalı genişlənsin. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə davamlı olaraq həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının sərgiləri təşkil olunur, bölgələrdə fəaliyyət göstərən sənət ustaları geniş ictimaiyyətə tanıdılır, onların satış sərgiləri təşkil olunur. Tətbiqi sənət nümunələrinin turizm məhsulu kimi istehsalının genişlənməsi həm iqtisadi nöqteyi-nəzərdən dövlətin, həm də sənətkarların marağındadır”.

   F.Babayev gələcəkdə bu sahənin inkişafı ilə əlaqədar proqram hazırlanmasını da mümkün sayır. Onun sözlərinə görə, belə bir proqram hazırlanarsa, burada sənətkarların iş şəraitinin yaxşılaşdırılması, onlara güzəştli kreditlər verilməsi kimi məqamlar öz əksini tapa bilər: ”Biz bilirik ki, xalq tətbiqi sənət növləri ilə məşğul olan sənətkarların çoxu evlərində işləyirlər. Bu da müəyyən problemlər yaradır. Onlara icarə əsasında yerlər, güzəştli kreditlər verilərsə, bu sahə inkişaf edə bilər”.

  

   Məsələyə kompleks yanaşmaq gərəkdir

  

   Azərbaycanda suvenir məhsulları əsasən kiçik sexlərdə, fərdi emalatxanalarda, sənətkarların evlərində hazırlanır. «Naxçıvan Avanqard Mebel» MMC 2009-cu ildən suvenir məhsulları istehsal edir. Məqsəd xalq yaradıcılığını inkişaf etdirmək, ənənəvi biliklərin qorunmasına nail olaraq fərdi şəkildə xalq sənətkarlığı ilə məşğul olan vətəndaşları bir araya gətirmək, qədim tarixə söykənən sənətkarlıq nümunələrinin hazırlanmasına, təbliğinə yardım etməkdir. Hazırda müəssisədə mebel məhsulları ilə yanaşı, müxtəlif milli naxış ornamentlərlə bəzədilmiş suvenirlər, hədiyyəlik əşyalar hazırlanır. Müəssisənin təsisçilərindən olan Bəyməmməd Əkbərov bu istehsal sahəsini yaratmaq üçün dövlətdən güzəştli kredit aldıqlarını deyir. Məhsulların satışı isə əsasən sifariş əsasında həyata keçirilir.

   Züriyyə Musayeva Naxçıvan şəhərində fəaliyyət göstərən xalq tətbiqi sənət rəsm əsərləri, tarix mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzinin rəhbəridir. Müsahib deyir ki, hədiyyələr mağazası kimi tanınan mərkəz satlıq malları yerli sənətkarlardan qəbul edir: “Alıcılar isə həm yerli, həm əcnəbi turistlərdir. Mağaza tarixi abidələrin, o cümlədən Mömünə xatun türbəsinin yaxınlığında yerləşir. Bura turistlər çox gəlir. Mağazamız məhsul sarıdan, alıcı sarıdan əziyyət çəkmir. Ən çox satılanlar isə Mömünə xatun türbəsinin əks olunduğu suvenirlərdir”. Yeri gəlmişkən, “Əshabi-Kəhf ziyarətgahıdini-mədəni abidə kompleksində turistlər üçün hədiyyələr mağazası yaradılıb.

   Lənkəran Rayon Mədəniyyət Turizm Şöbəsinin baş məsləhətçisi İlqar Əzimov da suvenir istehsalı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini vacib sayır. O, suvenir istehsalının artırılması üçün yerli sənətkarlarla məsləhətləşmələr aparıldığını bildirir: “Lənkərana gələn turistlər yerli məhsulları həvəslə alırlar. Suvenirlər sexlərdə hazırlanır əsasən hədiyyə mağazalarında satılır”. Şöbənin əməkdaşı onu da bildirdi ki, Lənkəranda suvenir istehsalının genişləndirilməsi ilə bağlı işlər görülür. Turistlərə təqdim olunması üçün suvenirlərin siqnal nüsxələri hazırlanıb. Bu əsasən gildən, saxsıdan qamışdan hazırlanmış məhsullardır: “Bu işin genişləndirilməsi üçün yerli sənətkarların işi təşviq olunmalıdır. Onların maddi baxımdan buna marağı olmalıdır”.

  

   Xalq tətbiqi sənətinin inkişafına dair Dövlət Proqramı hazırlanır

   

   Mədəniyyət Turizm Nazirliyi xalq tətbiqi sənətinin inkişaf etdirilməsini, sənətkarların yaradıcılıq məhsullarının sərgilər vasitəsilə təbliğini diqqətdə saxlayır. Nazirliyin şöbə müdiri F. Babayev hesab edir ki, milli sənətkarlıq suvenir məhsullarının istehsalı əlaqəli sistemli şəkildə qurularsa, bu sahənin inkişafı daha da genişlənər: “Hazırda bir çox sənətkarlar dolanışığa görə təkcə sevdikləri sənət sahəsində deyil, digər sahələrdə çalışırlar. Turizmin yüksək inkişaf etdiyi bir çox ölkələrdə xalq tətbiqi sənəti gəlirli sahə kimi inkişaf edir, turizm bölgələrində əhalinin müəyyən bir hissəsi tətbiqi sənət nümunələrinin hazırlanması satışı ilə məşğul olur. Mədəniyyət Turizm Nazirliyi bu istiqamətdə müəyyən işlər görüb. Məsələn, Şəkidə sənətkarlar evi yaradılıb. Burada sənətkarlar öz əsərlərini yaradırlar, onlara suvenirləri satmaq imkanları yaradılıb. Biz hazırda xalq tətbiqi sənətinin inkişafına dair Dövlət Proqramının layihəsi üzərində işləyirik. Düşünürəm ki, gələcəkdə bu proqramın həyata keçirilməsi nəticəsində bu sahədə çox böyük dəyişikliklər olacaq. Bunun üçün əsaslar var. Turistlərin sayı ildən-ilə artır bu da onu göstərir ki, sənətkarların məhsulları daha çox alınacaq.

  

 

     Ceyhun Zərbəliyev

 

     Mədəniyyət.- 2011.- 12 avqust.- S. 7.