Sənətinin
paşası - Azər Paşa Nemətov
Qısa arayış:
Azər Paşa Zəfər
oğlu Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində
anadan olub. 1965-1970-ci illərdə Teatr İnstitutunun rejissorluq
fakültəsində təhsil alıb.
1972-ci ildə Gənc
Tamaşaçılar Teatrında rejissor assistenti, sonra isə
quruluşçu rejissor işləyib. İlk dəfə
A.Aleksin “Qardaşım klarnet çalır” əsərini Gənc
Tamaşaçılar Teatrının rus bölməsində
tamaşaya qoyub.
1973-1978-ci illərdə
Sankt-Peterburqun Gənc Tamaşaçılar Teatrında
çalışmaqla yanaşı, Leninqrad Dövlət Teatr,
Kino və Musiqi İnstitutunda dərs deyib. Bakıya
qayıtdıqdan sonra 1983-1990-cı illərdə Gənc
Tamaşaçılar Teatrında rejissor, baş rejissor və
bədii rəhbər vəzifələrində
çalıb.
1990-cı ildən Akademik Milli Dram
Teatrında quruluşçu rejissor vəzifəsində
işləyib. 2004-cü ildən Teatr Xadimləri
İttifaqının sədridir. 1987-ci ildə Əməkdar
incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri
adına layiq görülüb.
Azər Paşa Nemətov o rejissorlardandır ki, sənətdə hər kəsin görə bilmədiyini görür, duya bilmədiyini duyur, bacara bilmədiyini bacarır. Quruluş verdiyi 80-ə yaxın tamaşa, o cümlədən Vilyam Şekspirin “Hamlet”, “Afinalı Timon”, Elçinin “Ah, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, Arif Süleymanovun “Tufandan əvvəl” və s. səhnə əsərləri orjinallığı, həyatiliyi və çoxqatlılığı ilə milli teatrımızın ən gözəl nümunələrindən sayılır.
Rejissor Teatr Xadimləri İttifaqında yaradıcı gənclər laboratoriyasını yaradıb və onun rəhbərliyi ilə burda Qurban Səidin “Əli və Nino”, Şeksprin “12-ci gecə” tamaşası hazırlanıb.
Teatr elə bir aləmdir ki, bu aləmin əsl sənətkarı
- paşası, xanı, padşahı ölkələr fəth
etməsə də, qəlbləri fəth edir. Azər Paşa Nemətov bu mənada
xoşbəxt sənətkardır.
Azər Paşa Nemətov köhnə kişilərə bənzəyir. Baxmayaraq ki, yeni düşüncəsi, yeni baxışı ilə həmişə zamanı qabaqlamağı bacarıb. Ancaq görünüşü, zəhmi, sözübütövlüyü ilə ötən əsrin əvvəllərində yaşayıb-yaratmış ziyalılarımıza oxşayır.
Rejissorun rejissor oğlu
Azər Paşa
XX əsr Azərbaycan teatrında özünəməxsus yeri və çəkisi olan
istedadlı rejissor Zəfər Nemətovun
ailəsində dünyaya gəlib. Uşaq yaşlarından musiqiyə böyük maraq göstərib.
Bu da təsadüfi deyil. Əmisi Hacıağa Hemətov Üzeyir Hacıbəylinin sevimli
tələbələrindən biri olub, istedadlı bəstəkar imiş,
Böyük Vətən müharibəsində
həlak olub. Tələbəsini çox yüksək qiymətləndirən Üzeyir bəy Bakıda onun
dəfnini təşkil edib, haqqında nekroloq yazıb. Atası əmisi
Hacıağanın arzularını davam
etdirmək üçün Azər
Paşanı musiqiçi görmək istəyirdi.
- Mən Bülbül adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq şöbəsində bəstəkar Nazim Əliverdibəyovun tələbəsi olmuşam. Görkəmli bəstəkar idi. 9-cu sinifdə oxuyarkən imtahan verirdik, təsadüfən böyük bəstəkar Qara Qarayev imtahana gəldi. Mən də iddialı idim, götürüb piano və orkestr üçün konsert yazmışdım. Özüm ifa etmirdim, iki pianoçu royalda çalırdı. İfa bitəndən sonra Qara Qarayev soruşub ki, bunu yazan kimdir. Müəllimim adımı, soyadımı deyib. Zəfərin oğlu olduğumu bilib. Sonra məni yanına çağırdı, söhbət elədik, əmim barədə danışdı. Dedi ki, sənin çox böyük imkanların var. Konservatoriyada təzə kurs götürmüşəm, gələrsən yanıma. Mən Bülbül adına məktəbdə oxuya-oxuya bir il konservatoriyada Qara müəllimin dərslərində iştirak etdim. Qara Qarayev böyük bəstəkar olmaqla yanaşı, çox ciddi, maraqlı, yüksək yumor hissi olan, ensiklopedik biliyə malik bir insan idi.
Azər Paşa musiqini sevsə də, musiqiçi olmadı. Niyəsini özü deyəcək:
- Uşaq olanda atam bir necə dəfə məni özü ilə teatra aparmışdı. Çox xoşuma gəlmişdi. Elə bil ki, nağıllar aləminə düşmüşdüm. Teatrı görəndən sonra musiqi mənim üçün ikinci plana keçdi. Hərçənd ki, musiqi ilə beş yaşından məşğul olurdum.
Orta məktəbi bitirib sənədlərimi Teatr İnstitutunun rejissorluq fakültəsinə verdim. İmtahan verəndə yaşda da, boyda da, çəkidə də abituriyentlərin hamısından kiçik idim. Üstəlik, dişim ağrıyırdı, üzüm iki tərəfdən şişmişdi. İmtahanda teatr sənətinin qüdrətli sənətkarları - Mehdi Məmmədov, Tofiq Kazımov, Adil İsgəndərov, Rza Təhmasib oturmuşdular. Məni bir saat 20 dəqiqə sorğu-sual elədilər, nəticədə beş aldım.
İllər
keçəcəkdi, Azər Paşa sənətdə
çox imtahanlar verəcək,
çox beşlər alacaqdı. Ancaq böyük sənətkarlardan
aldığı o beşi
heç unutmayacaqdı.
- Atamı həm həyatda, həm sənətdə özümə birinci müəllim sayıram. Atam böyük ziyalı, böyük rejissor idi. İlk tamaşamın premyerası olanda atam gələ bilmədi, xəstəxanada idi. Tamaşaya bir ildən sonra gəlib baxdı. Tamaşadan sonra gəldim evə, anam dedi ki, atan bu gün tamaşada olub. Gəldi mənə dedi ki, Azər balacalıqda “böyük-böyük danışırdı”, inanmırdım, indi deyirəm ki, oğlunun dili də var, dilçəyi də!
Bu tək atanın oğula yox,
böyük rejissorun gənc rejissora verdiyi qiymət idi.
Avtoritet
Azər Paşa üçün teatr sənətində dünən də, elə bu gün də ən böyük avtoritet Adil İsgəndərov olub. Sənətdə isə heç kimə bənzəmək istəməyib. Öz yolunu axtarıb, öz yolunu tapıb.
- Mən heç vaxt heç kimin qarşısında nə baş əymişəm, nə də yalan danışmışam. Hesab edirəm ki, o mənada çox layiqli sənət ömrü yaşamışam. Heç vaxt heç kimə xain çıxmamışam, mərd olmuşam. Kənardan elə görünür ki, mən çox rahat həyat yaşamışam. Amma mənim çox narahat həyatım olub. Mənim üçün heç vaxt, heç kəs şərait yaratmayıb, o barədə mən heç kəsə borclu deyiləm. Gənclik dövrlərimdə sənətdə irəliləmək mənim üçün çox çətin olub, ona görə ki, hazırladığım tamaşalar başqa tamaşalardan seçilib. Odur ki, mənə yol açmaqdan çox, mane olmağa çalışıblar. Mən isə ortaya tamaşa qoyurdum və tamaşalarımı sevirdilər.
Teatrı çox
sevirəm
Azər Paşa Nemətovun fikrincə rejissorlar
müxtəlif olur. Hər kəs təhsil
alıb rejissor sənətinə yiyələnə
bilər, ancaq istedadı, fərqli
düşüncəsi, fərqli baxışı, fərqli yozumu yoxdursa ondan rejissor olmayacaq.
Görəsən, rejissor
özü quruluş verdiyi hansı tamaşaya təkrar-təkrar
baxmaq istərdi?
- Bütün
tamaşalarıma. Mən tamaşalarımın
hamısını sevirəm. Baxıram, yorulanda yenə gedib baxıram. Çünki mən, ümumiyyətlə,
teatrı çox sevirəm. İlk dəfə teatra
gedəndə səhnənin
spesifik qoxusu ürəyimi fəth eləmişdi. İndi
də çox xoşlayıram, səhnədə,
zalda heç kim olmasın,
qaranlıqda oturub o qoxu ilə nəfəs
alım. Həm rənglərin, həm
parçaların, həm
döşəmənin, həm
divarların qoxusu elədir ki, onu heç yerdə oradakı kimi hiss edə bilməzsən.
- Nə vaxtsa ürəyinizdən
aktyor olmaq keçibmi?
- Aktyor sənətini çox sevmişəm, indi də sevirəm. Hərçənd ki, aktyorlar deyirlər, biz rejissordan asılıyıq, mən
hesab edirəm ki, aktyorluqdan azad sənət yoxdur. Çünki aktyor sonda səhnədə tamaşaçı
ilə təkbətək
qalır, tam azaddır.
Tamaşaçını ardınca aparır.
Rejissor zalda oturub baxır,
heç nə edə bilmir. Tamaşa başlayanda sükan artıq aktyorun əlində olur. Hesab edirəm ki, yaxşı aktyor rejissorla işləməyi
bacarmalıdır.
Azər Paşa müəllim
deyir ki, teatr canlı sənətdir, daima hərəkətdədir. İrəli gedəndə
hər şey ola bilər,
büdrəyə də
bilər, yağışa,
tufana da düşə bilər və bütün bu yolları keçə-keçə teatr
yaşayır. Yaşayacaq
da! Bu sənət
ölümsüzdür.
Teatr Xadimləri İttifaqının
sədri Azər Paşa Nemətov son illər burada həyata keçirilən
layihələrdən də
danışdı.
- Bu il
bizim “2+1” adlı teatr festivalımız olacaq. Kim istəsə
bir, iki və üç nəfərlə tamaşa
hazırlayıb göstərə
bilər. Bu festival noyabrın ortalarında baş tutacaq. Həsən Əblucun xatirəsinə
həsr olunmuş bədii qiraət müsabiqəsini də keçirməyə hazırlaşırıq.
Mirzə
Fətəli Axundzadənin
200 illik yubileyi ilə bağlı “Axundzadə dərsləri”
təşkil edirik.
Hesab edirəm ki, bu gün bizdə
dramaturgiya axsayır.
Gənc nəsli bu dərslərə
cəlb etməklə,
onlarda dramaturgiyaya həvəs və maraq yaratmaq istəyirik.
Görəsən, rejissor özünə
ən çox hansı sualı verir?
- Mənim çoxlu arzularım var. Fikirləşirəm ki, görəsən, onları
görəcəyəm, ya
yox.
Azər Paşa müəllimin
arzuları çoxdur.
Kosmosa getməkdən tutmuş, Yer kürəsini qarış-qarış gəzməyədək.
Bu il arzularından
biri də gerçəkləşib. “Ömrüm boyu arzum idi ki,
Çində olum.
Çinin qədim tarixi,
mədəniyyəti məni
çox maraqlandırırdı.
Kosmosdan görünən Çin
səddini görmək
istəyirdim. Bu il qismət oldu. Çində oldum, Çin
səddinə tamaşa
etdim.
Azər Paşa müəllimin
arzularından biri də bu olub
ki, öz teatrı olsun.
Bu mövzuda bir xeyli söhbət edirik.
Teatrın adı, ilk tamaşası barədə
danışırıq. Təbii ki, arzu kimi... Gerçəkliyə
qayıdırıq. Hazırda Azər Paşa Nemətov İlyas
Əfəndiyevin “Sən həmişə mənimləsən”
əsərini Akademik Milli
Dram Teatrında tamaşaya
hazırlayır. İlk dəfədir ki, İlyas Əfəndiyev
yaradıcılığına müraciət edən rejissor Həsənzadə roluna
Fuad Poladovu, Nargilə
roluna Məsmə Aslanqızını
dəvət edib. “Mənim arzularımdan biri də Lev Tolstoyun “Hacı Murad” əsərini
tamaşaya qoymaqdır. Bu
tamaşanı da inşallah
Azdramada hazırlayacağam”.
Hər il avqustun 13-də Azər Paşa Nemətov yaxın dostları ilə birgə bağda ad gününü qeyd edir. Uşaq vaxtı Abdulla Şaiqin ona hədiyyə etdiyi balaca gümüş çəngəl-bıçağı və Aleksandr Tuqanovun ona bağışladığı üstü yazılı balaca gümüş qədəhi bu günə kimi əziz xatirə kimi qoruyub saxlayır.
Ömrünün 64-cü yayını yaşayan Azər Paşa Nemətov dənizə baxmağı çox sevir. Ucsuz-bucaqsız dənizdə nə vaxtsa arzularının dalınca gedən ağ gəmi görünür.
Bu ağ gəmi inanırıq ki, hələ uzun illər Azər Paşa Nemətovun arzularının dalınca gedib bu arzuları gerçəkləşdirəcək...
Təranə Vahid
Mədəniyyət.-
2011.- 12 avqust.- S. 6.