Opera və Balet Teatrı simfonik orkestri alman tamaşaçıları heyran edib

 

   Riçard Mayzinger: “Azərbaycan yüksək akademik sənəti və professionallardan ibarət simfonik orkestri ilə fəxr edə bilər”

  

   Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin üzvləri avqustun 5-dən 9-dək Almaniyada olublar. Kollektiv Avropada ən mötəbər musiqi festivallarından olan Münxen opera sənəti festivalında iştirak edib.

  

   Avropa, Asiya və Latın Amerikasının 34 ölkəsindən dirijor, rejissor və vokal sənəti ulduzlarının iştirak etdikləri festival çərçivəsində bütün konsert və tamaşalar anşlaqla keçib, Almaniya və Avropanın digər ölkələrində KİV-lər və televiziya kanalları vasitəsilə geniş işıqlandırılıb. Almaniyanın 30 ən iri bank və şirkətləri festivalın sponsorları sırasında idilər. Festivalın baş sponsoru isə “Volkswagen” avtomobil şirkətidir.

   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestri avqustun 7-də festivalın Qrand-Final konsertində çıxış edib. Konsertdə dünya şöhrətli vokalçılar - Rossana Kardia (İtaliya), Yana Dolezilkova (Çexiya), Mariya Joze Rodriqes (Meksika), Uvone Fontane (Böyük Britaniya), Adam Kim (Koreya Respublikası), Anna Nesuba (Almaniya), Andrey Saçuk (Polşa), Mario Tcanq (Kanada) və başqaları çıxış ediblər. Görkəmli bəstəkarlar C.Puççini, C.Verdi, C.Rossini, P.Maskanyi, P.Çaykovski, Ş.Quno və başqalarının populyar əsərləri səslənib.

   Qala-konserti Münxen opera sənəti festivalının baş dirijoru və bədii rəhbəri Korneliya fon Kerssenbrok idarə edib. Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluğu ilə ifa edilən nömrələr arasında isə Q.Qarayev, F.Əmirov, T.Quliyev və P.Bülbüloğlunun musiqisi də yer alıb.

   Tamaşaçılar vokalçıların və simfonik orkestrin çıxışlarını sürəkli alqışlarla qarşılayıblar. Konsertin sonunda simfonik orkestr Q.Qarayevin “Yeddi gözəl” baletindən vals ifa edərkən bütün tamaşaçılar ayağa qalxaraq musiqiçilərimizi alqışlayıb, zaldan “bravo, Azərbaycan” sədaları yüksəlib.

   Qala-konsertin tamaşaçıları arasında olan “Volkswagen” şirkətinin prezidenti Riçard Mayzinger həyat yoldaşı ilə birlikdə musiqiçilərimizi təbrik edərək deyib: “Konsertdən böyük zövq aldıq. Orkestr bu gün yüksək professional səviyyədə çıxış etdi. Dünyanın ən məşhur bəstəkarlarının mürəkkəb əsərləri orkestrin ifasında böyük ustalıqla ifa olundu. Bu çıxış göstərdi ki, Azərbaycan təkcə öz nefti ilə deyil, həm də yüksək akademik sənəti və professionallardan ibarət simfonik orkestri ilə fəxr edə bilər. Bugünkü musiqi bayramını mən və həyat yoldaşım hər zaman xatırlayacağıq”.

   Festivalın gedişini işıqlandıran qəzetlərin əksəriyyətində, o cümlədən “Münchener Merkur”, “Oberbayerisches Volksblatt”, “Süddeutsche Zeitung” qəzetlərində dərc olunan materiallarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin ifaçılıq səviyyəsi haqqında yüksək fikirlər yer alıb.

   Qala-konsertdən sonra Münxen opera festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok deyib: “Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin professional səviyyəsinə bələd olduğumuzdan artıq dördüncü ildir ki, onu festivala dəvət edirik. Azərbaycanlı musiqiçilərin istedadı, fədakarlığı və ilhamlı çıxışları məni heyran edir. Simfonik orkestrin qala-konsertdəki çıxışı fantastik oldu. Mən və festivalın direktoru Lüdviq Bauman dəfələrlə Azərbaycanda olmuşuq. Bu ölkəni, onun qonaqpərvər və istiqanlı xalqını çox sevirik. Hər il Azərbaycan Opera və Balet Teatrının möhtəşəm simfonik orkestrini bu festivala dəvət etməkdən böyük şərəf duyacağıq.

   Biz bilirik ki, prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı və təbliğinə böyük əhəmiyyət verirlər. Bu diqqətin nəticəsini bir daha gördük”.

  

 

   G.Abdullayeva

 

   Mədəniyyət.- 2011.-12 avqust.- S. 5.