Xalça sənəti sehrli
dünyadır
Şəhla Əsgərova: “Azərbaycan
xalçasını əcnəbilərə təbliğ etməkdən
zövq alıram”
Xalçaçı-rəssam
Şəhla Əsgərovanın iş üslubu onu digər həmkarlarından
fərqləndirir. O, xalçaları toxuma
üsulu ilə deyil,
tikmə texnikası ilə ərsəyə gətirir. Şəhla
Əsgərova 2000-ci ilədək dekorativ-tətbiqi incəsənətlə
sırf «hobbi» olaraq məşğul
olub. Həmin il ilk şəxsi sərgisini keçirdikdən sonra incəsənətin bu
növü ilə ciddi
şəkildə məşğul olmağa
başlayıb. Sonrakı illərdə incəsənətin
bu növü üzrə
20-dən artıq sərgi və respublika
yarışmalarında iştirak edib, sənətkar kimi daha da püxtələşib.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2007-ci ildə Türkiyənin
Ankara şəhərində keçirilən
“Rem Fuar” beynəlxalq sərgisində Azərbaycanı təmsil
edərək, diploma layiq
görülüb. 2008-ci ildə Mədəniyyət
və Turizm Nazirliyinin
keçirdiyi həvəskar rəssamların
və tətbiqi-sənət ustalarının işlərindən
ibarət “Respublika Baxış Müsabiqəsi”ndə
xalçaçılıq üzrə III dərəcəli
diplomla təltif olunub.
Xalçaçı-rəssam bizimlə söhbətində öncə bu sənətə marağın necə yaranmasından söz açdı:
- Mənim nənəm xalçaçı olub. Əslinə baxsaq, bu qabiliyyət mənə irsən keçib. Uşaqlıqdan nə isə tikməyə, yaratmağa meylim olub. Xalçaları çox sevirdim, bilirdim ki, içimdə nə isə bir qabiliyyət var. Televiziya kanallarında xalçalara həsr olunmuş bütün verilişlərə baxırdım. Sonra başladım bu haqda kitablar oxumağa. Sərgilərə gedib bu sənətin peşəkarları ilə görüşdüm, onlardan məsləhətlər aldım. Xalçaçılıq böyük sehrli dünyadır. Onun hər naxışı, hər addımı bir sehrdir.
İlk fərdi sərgim keçiriləndən sonra artıq bu işlə ciddi məşğul olmağa başladım.
Xalçaçılığa o qədər aludə oldum ki, bütün işlərimi bir kənara atdım. Düşünürəm ki, mən öz yolumu tapdım. 2005-ci ildə Rəssamlar İttifaqına üzv olmağım da əməyimin nəticəsi idi.
Əvvəl işlərim zəif olurdu, sonra üzərimdə işlədim və püxtələşdim. Ümumiyyətlə, mən bu sahədə heç kəsin getmədiyi yolları axtarırdım. İstəyirdim öz yolum, fərdi üslubum olsun. Ona görə də xalçaları tikmə texnikası ilə işləməyə başladım. Sonralar bildim ki, vaxtilə Lətif Kərimov bu barədə deyib ki, bizdə toxuma xalçalar var, maraqlı olardı ki, tikmə texnikası ilə də işlənsin. Tikmə texnikasında xalçalar iynə və sapla tikilir. Sanki hovsuz xalılar kimi görünür. Çünki onları xalça sapları ilə tikirəm. Dünya muzeylərində saxlanılan xalçaların nümunəsini hazırlayıram. Əl işlərim arasında Azərbaycan, türk, İran xalçalarının surətləri çoxluq təşkil edir. Əsas kolleksiyam bundan ibarətdir. Azərbaycanda bu texnikada heç kim işləmir. Fərqli üslubuma görə 2008-ci ildə mükafatlandırılmışam. Bu mövzuda müxtəlif konfranslarda, simpoziumlarda iştirak edirəm.
- Bu texnikanı öyrətdiyiniz tələbələriniz var?
- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı
nümayəndəliyinin təşkil etdiyi
“Qadınlar mərkəzi” var. Onların
proqramlarında iştirak edərək,
qadınlara bədii tikmədən dərs deyirəm. Mərkəzə
Əfqanıstan, İran, Çeçenistan,
İraq və başqa
ölkələrdən qaçqın olan
qadınlar gəlir. Dərslərimə gələn
qadınlara Azərbaycan xalçalarının ornamentini öyrədirəm. Onlar
burada maraqlı işlər tikir və bu işləri
sərgilərə çıxarırlar. Satış-sərgilərdən əldə olunan gəlir onların özlərinə sərf
olunur. Bir layihəni «Japan organization of
support to Chechen children» təşkilatı
dəstəkləyir. Bu
təşkilatın dəstəyi
ilə çeçen
qaçqın uşaqlarına
bədii tikmə sənətinin öyrədilməsi
ilə məşğul
oluram. Bu layihələr artıq neçə ildir ki, davam edir.
- Əcnəbilərə
Azərbaycan xalça
naxışlarını öyrənmək
çətin olmur?
- Xalça sənətində Əfqanıstan,
İran və s. ölkələrin öz naxışları var. Amma
bizim xalçalarımız
çox zəngindir. Ona görə də onlar bizim xalçalarımızı
öyrənməyə daha
çox maraq göstərirlər. Mən onlara
bizim xalça sənətini, naxışlarımızı
öyrətməkdən zövq
alıram. Onlar da bu dərslərə böyük həvəs göstərirlər. Bu layihələri aparmaqla, düşünürəm ki,
mən də milli xalça sənətimizin təbliği
üçün nə
isə etmiş oluram.
- Beynəlxalq
«TİSA» məktəbində də uşaqlara bu sənəti öyrətmisiniz...
- Həmin məktəbdə Bakıda
fəaliyyət göstərən
diplomatların uşaqları
oxuyur. İki il bu proqramı gerçəkləşdirdik.
Tikmə
sənəti üzrə
mən və başqa rəssamlar dərs keçirdik.
Hər dərsdə Azərbaycan xalça naxışlarını
öyrədirdik. 2009-2010-cu
dərs ilində «Bakı international school»da
da belə layihə reallaşdırdıq.
Bu məktəbdə də səfirliklərin nümayəndələrinin uşaqları
oxuyur. Məktəbdə
bir il
ərzində kurs apardım və o uşaqlara da Azərbaycan xalçasını
öyrətdim. Hər dərsdən
əvvəl öncə
onlara məlumat verirdim, sonra əyani şəkildə
göstərirdim. Onu deyə
bilərəm ki, onlar üçün Azərbaycan xalçasını
öyrənmək maraqlı
idi.
Dərs verdiyim şagirdlərin
əl işlərini sərgilərdə görmək
mənim üçün
ən böyük hədiyyədir. Şagirdlərimizin gözəl əl işləri var. Onlar Azərbaycan xalçalarını
tanıyırlar və
düşünürəm ki, əsas əməyimin
nəticəsi də elə budur. Onlar öz ölkələrinə
gedəcəklər. Öyrəndikləri isə daima onlarla olacaq. Burada öyrəndiklərini başqalarına
da təqdim edə biləcəklər.
Xaricilər dərslərimi izlədikdən
sonra deyirlər ki, sənin həm rəssam, həm də pedaqoq kimi bacarığın
var. Mən heç vaxt dərslərimdə iştirak edənlərə
heç nəyi məcbur etmirəm. Deyirəm ürəyiniz nə qədər istəyirsə,
dərslərimdə o qədər
oturun. Sən onlara sərbəstlik
verirsən və onlar bu sərbəstlikdə
Azərbaycan xalçasını
öyrənməyə çox
maraq göstərirlər.
- Bütün bu işlərin gerçəkləşməsində sizə yardım göstərənlər, dəstək
olanlar varmı?
- Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi Metodiki Mərkəzi mənə daima işimdə dəstək
olaraq, sərgilərə
dəvət edir. Rəssamlar İttifaqı, rəssamlardan
Kübra Əliyeva, Ofeliya Mirzəzadə mənə kömək göstərdilər. Xalça Muzeyindən
də böyük dəstək gördüm.
İşlərimdən bir neçəsi
alınaraq, Xalça
Muzeyində saxlanılır.
Bütün bu dəstəklər
mənə güc verir və həvəsləndirir.
Hər dəfə ortaya fərqli işlər çıxarmaq istəyirəm.
Bu ildən etibarən
xalçaları muncuqla
tikməyə başlamışam.
İyulun 29-da Muzey Mərkəzində keçirilən
sərgidə bu səpkidə hazırladığım
üç iş təqdim etdim. Həmin işlər Sankt-Peterburqda
keçiriləcək sərgidə
də təqdim olunacaq.
- Aprel ayında Azərbaycan nümayəndə heyətinin
tərkibində Aşqabadda
keçirilən «Türk
xalqlarının mədəni
irsi» mövzusunda beynəlxalq festivalda iştirak etmişdiniz. Oradakı sərgi sizin üçün nələrlə
yadda qaldı?
- Həmin tədbirə Azərbaycan,
Türkiyə, Türkmənistan,
Qazaxıstan və başqa ölkələr
qatılmışdı. Festival
çərçivəsində Türkmənistanın Milli
Sənət Muzeyində
türkdilli ölkələrin
tətbiqi sənət
ustalarının əl
işlərindən ibarət
sərgi açıldı.
Sərgidə Azərbaycandan
Nailə Sultanova, Nahid Vahabov, Vahid Məmişov və mənim əl işlərim sərgiləndi. Sərgimiz çox bəyənildi.
Mən sərgiyə işlədiyim
araqçınlarımı da aparmışdım.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini araqçınlardan birini alıb, başına qoydu. Festival günlərində Türkmənistanda
keçirilən at bayramına
da getdik. Mənim apardığım işlərin
arasında at təsvirləri
var idi. Muncuqdan tikilmiş at rəsmini Türkmənistan prezidentinə
hədiyyə etdim.
Onu da deyim ki, mən 2007-ci ildə TÜRKSOY-un təşkilatçılığı
ilə Türkiyədə
keçirilən sərgidə
də Azərbaycanı
təmsil etmişəm.
Təqdim etdiyim işlər
iştirakçıları çox maraqlandırmışdı.
Hazırda isə gələcək
sərgilərə nə
çıxaracağım haqda
düşünürəm. Çalışıram ki, hər dəfə maraqlı işlərlə sərgilərə
qatılım. İmkan olsa,
başqa ölkələrdə
keçirilən sərgilərə
də qatılacağam.
Düşünüb, yeni işlər
ortalığa çıxarmaq
istəyirəm. İnsanları sənətdə yenilik çox maraqlandırır.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 17 avqust.- S. 15.