Xan qızı –

 

   böyük Azərbaycan qızı

 

   O bizim ədəbiyyatımızın, mədəniyyətimizin bir hücrəsini elə yazıb-yaradıb, öz şəxsində sivilliyimizi, mesanatlığımızı elə dalğalandırıb, plüralizm, tolerantlıq, gender bərabərliyi ilə bağlı elə təəssüratlar yayıb ki, onun haqqında nə və necə desək, həcm və vəzncə nə qədər yazsaq da, əvəzini verməyəcək, təxəllüsündən tutmuş fəaliyyətinəcən bu böyük, “mürəkkəb” ismi layiq olduğu sifətə salmayacaq, zərfi-əvəzlikdən o yana getməyəcək...

  

   Və elə bu məqamda hərb mayalı məşhur bir zərb-məsələ yançıyan humanitar sayalı bir qəlb-məsəl:

  

   Sənətkarın qadını-kişisi olmaz...

  

   Bəri başdan, sovetlər dönəmində üstü vurulmayan, hətta şayiə hesab etdirilməyə çalışılan məlum bir həqiqət haqqında kiçik haşiyə.

   Bu həqiqət ondan ibarət ki, bütün qəlbi, mahiyyəti, yaradıcılığı, ətraf aləmə təsiri ilə milli-mənəvi atoma çevrilmə perspektivinə görə Xurşidbanunu ərə çar Rusiyası verib, kəbinini imperiya kəsib, bizim “gəlini gərdəkdə!” zərb-məsəlimizi öz məzhəbinə uyğun yaşda - biolojilikdən əvvəl, ictimai-ideoloji hədd-buluğa çatmış bu qızın qızcığazlığına şamil edib.

   1832-ci ilin yayında Şuşada doğulmuş, xan sarayının çox təcrübəli tərbiyəçilərindən mükəmməl dərs almış, Quran ayələrindən, dini ehkamlar, ərəb, fars dilləri, klassik ədəbiyyat, şeir, sənət, incəsənət qayda-qanunlarından tutmuş, dövrün bütün ictimai-mənəvi matahlarını mənimsəmiş bu fenomenal məxluq 1850-ci ilin payızında - on səkkizcə yaşında - sıradanbir qız xeylağı kimi ərə verilir. Toy gecəsi Şuşa kimi ünlü bir mədəniyyət mərkəzində yumulan bəsirət gözünü Dağıstanın ucqar, “üstü unlubir kəndində açır. Yanında Qafqaz canişininin şəxsi yavəri Xasay bəy Usmiyevi görür. Təhtəl-şüurunda siyasi “elçi”lərinin - butaxt-tac bəyi”ni onların - Mehdiqulu xan Cavanşir nəslinin Tiflisdəki mülk iddialarına kömək-vasitəçi kimi qoşmaqla, sonradan onuizdivac bəyi” etmək məkr-məqsədini vərə-vird edir. Qanını qanına caladığı bu xalqla öz milləti arasında xeyli adət-ənənə, xarakter yaxınlığı olduğunu bilsə də, qaynar irfani həyat, oturuşmuş mədəniyyət, kübar ab-hava sarıdan korluq çəkir. Lakin bütün bunları da öz tərbiyə, şəcərə mədəniyyəti, əsilzadə səbri ilə qarşılayır.

   Az müddət sonra Xasay bəy onu özüylə Tiflisə gətirir və Xurşidbanu gənclik həyatının və poetik qəlb dünyasının ən çiçəklənən dövrünü bu şəhərdə yaşamalı olur. O çağlar bütün Qafqazın böyük mədəni mərkəzi sayılan Tiflis Xurşidbanunun gündəlik maddi-mənəvi tələbatlarını az-çox ödəsə də, mənəvi-şairanə arzuları, çağlar ilhamı, köhlən xəyalları ilə həmahəng səsləşmir. Lakin tezliklə inci-incəliklər yaradıcısı kimi tanınacaq bu xanımın sözügedən “çiçəklənən dövrüdaha əlamətdar, “canlı yaradıcılıq” hadisələri ilə - övlad baratlarıyla naxışlanır. 1855-ci ildə oğlu Mehdiqulu, 1856-da qızı Xanbikə dünyaya gəlir. Nə qədər məşəqqətlərlə, sərt həyat imtahanları ilə üzləşsə də, o, əsl Azərbaycan xanım-xatınlığını, şəxsi nümunə-nümunəviliyini əldən vermir.

   Öz ailə səadətinə xal düşsə də, çevrəsindəki qız-gəlinlərin həyat yollarına mayak-dayaq olmaqdan yorulmur. Dövrün səhnəsiz, qəzetsiz, qonorarsız şairləri üçün “Məclisi-üns” adlı mükəmməl birşifahi nəşriyyat” təşkil edir. Şuşaya su kəməri çəkdirir. Araz çayından Mil düzünə böyük tutumlu su kəməri çəkmək təşəbbüsündə bulunur. Xanəndələri təkcə qəzəl-qoşmaları ilə deyil, “sol əlin bilmədiyi” şabaşlar, bəxşişlərlə barındırır. Öz ağlı, düşüncə, fəhm, qabiliyyət, cəsarət və əməli fəaliyyətilə “köhnə yamaq, yun daramaq” missiyalı Azərbaycan qadınlarını fəal sabahlara, ictimai sifarişlərə ruhlandırır...

  

   Sənət çalarlı əzablı həyat...

  

   Bir insan kimi yaşantıları, bir şairə kimi qoşu-qoşmantıları, bir sevən kimi daşa dəyən oxları, bir qadın kimi - böyük hərflə yazılası Gileyləri öz tale mücrüsündən, müasirlərinin xatirəsindən, tədqiqatlarından daha çox, dövrün, tarixin “səyyarreyi-təyyarə”sinin “qara qutusuna gömüldüyünə görə - qəribə səslənsə də - bu real xanım bəzən adama bədii, əfsanəvi təsir bağışlayır. Sanki onun bioqrafiyası öz bioloji yaşantıları, fəaliyyət çabaları hesabına deyil, başqa sənətkarların azad, bədii təxəyyül-təəssürat məcmularından yaradılıb, Zərif qadın çiyinlərinin bu qədər gərginlik, qayğı, sevgi, əzab-əziyyət materialları ilə yüklənməsi faktı - belə bir fenomenal kompleksin dərk edilməsinə yönələn düşüncələrin, təsəvvürlərin belə çiyinlərini əyir. Bunu onun tədqiqatçıları da (Bəylər Məmmədov, Vasif Quliyevb.) buya başqa səpkidə duyururlar. Onun verdiyi musiqi təlimi “Xanlıq Şükür” adı ilə tanınan bir xidmətçisini mətbəx kölgəliyindən küll-Qarabağın sənət günəşi işıqlığına çıxarır. O, öz ana ələmlərini bir “qırağa” qoyaraq qızı Xanbikəni özünəməxsus toxtaqlıq təmrinlərilə nəinki fəal həyata, həm də “balıq suda” deyiminə müvafiq “insan-sevgi-məhəbbətdə” duyumuna gətirir, qəzəllər, rübailər yazmağa ruhlandırır. O, çəm-xəm edən taleyin kəm bəxtinə hördüyü torların saplarını öz unikal tikmələrinin naxışları ilə çözüb kölgələyir. O, dünyəvi şeirləri, qəzəlləri ilə yerli xanəndələri Şuşanın “gül-bülbül” “sərhəd”lərindən çox uzaqlaraezametdirir. O, xeyir-dua əllərini balaca Üzeyirin başına çəkir, Hacı Hüsü, Məşədi İsi, Cabbar əmilərin maddi-mənəvi yollarına uzadırdı.

   Bütün bunlar onun sənət, fərdi-ictimai mədəniyyət çalarlı əzabları fonunda baş verirdi. Özüçoxusu nəinki bizə, hətta canlı müasirlərinə - yan-yörəsindəkilərə də mübhəm qalan sənət bənzərli əzablarının. Xanımlarla bağlı üstüörtülü, qaçaraq işlədilən söz tək elə “qadın xəstəliyi” termini deyil ha, müqəyyəd bir “qadın əzabları” ifadəsi də var...

   Şair olmasaydı, çox yəqin ki, onun da bu qəbil əzabları ümumqadınlığın həya “arxiv”lərinə gömülüb, görünməz-bilinməz olacaqdı. Aşağıdakı şeirinin hədsiz ixtisarlığında belə tam görünən əzabları:

  

   Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,

   Fəda olum sənə, gəl eylə imtahan, ölürəm!

   Dedin ki, çək əlini damənindən, - əl çəkdim.

   Tərəhhüm eyləmədin axır, ey cavan, ölürəm!

   Fəraqdan tükənib tabü taqətim, billah,

   Vüsalə yetməz əlim, zarü Natəvan, ölürəm!

  

 

   Yaradıcının yaradıcıları

  

   Öz ömrü və qələmilə bitkin birdünya fərağı” yaratmış Xurşidbanu Natəvan bütün müasirlərinin - müxtəlif sənət adamlarının, folklor müəllifi xalqın daimi marağında olmuşdur. Ədəbiyyatımızda ağı, ağrı-acı mövzusunu mükəmməl sənət səviyyəsində təqdim edən, “Ağlaram”, “Ölürəm”, “Sənsiz”, “Getdikimi yüksək ədəbi-bədii lövhələr yaradan bu xanım özündən sonrakı sənətkarlara özüylə bağlı yüksək yaradıcılıq ovqatı təlqin etmiş və etməkdədir. Hələ sağlığında qəzəllərilə böyük xanəndələri dəbərdən şair, sonralar öz irsi ilə tədqiqatçıları, rəssamları, heykəltəraşları, bəstəkarları da öz “qəmü-didar”ı üstə kökləmiş, bir sıra əsərlərin leytmotivinə çevrilmişdir. Xalq rəssamı Cəlal Qaryağdı onun Bakıda - “Azərbaycan” kinoteatrı qarşısında ucalan monumental heykəlini yaratmış, Xalq yazıçısı İlyas Əfəndiyev “Natəvan” pyesini, Xalq artisti Vasif Adıgözəlov “Xan qızı Natəvan” operasını, “Qərənfil” mahnı-romansını yazmış, tədqiqatçılar adına neçə-neçə kitablar bağlamışlar.

   Ömrünün sonlarında qələmə aldığı “Qərənfil”ini oxuduqca bu şairanə gülə xitablarını qəlbin əks-səda süzgəcindən keçirdikcə, onun öz adını da eşidirsən. Məsələn;

  

   Səni gülşən ara aşüftə gördüm,

   Yəqin bildim tutub sevda, qərənfil!

  

   Üzündən pərdeyi-nazın kənar et,

   Unutma aşiqi haşa, qərənfil!

  

   beytlərinin son kəlmələrini “Natəvan!” kimialmaq olmazmı?

   Və 1897-ci ilin oktyabrında dünyasını dəyişib Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunmuş Xan qızı o gündən sonra qəlblərdə böyük Azərbaycan qızı kimi yaşamaqda...

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2011.- 17 avqust.- S. 12.