“Dünyada bütün maneələr
insan istəyinin qarşısında heç nədir...”
Etiraf edim ki, gənc müğənni Murad Sadıxla
görüşüb yazı hazırlamaq
tapşırığı alanda onun barəsində elə də
geniş məlumatım yox idi. Amma ifasını
eşitmişdim. Mobil telefonuna zəng edib onu redaksiyamıza dəvət
etdim. Məmnuniyyətlə razılaşdı.
Redaksiyamızın Dövlət Film Fondunun 5-ci mərtəbəsində
yerləşdiyini deyəndə tərəddüdlü səslə
«Liftiniz varmı» deyə soruşdu. Mən də sualın fərqinə
varmadan “var” deyə cavab verdim.
Vaxt barədə razılaşdıqdan
sonra internetdə müsahibim haqqında məlumat toplamağa
başladım və ... Muradın fiziki durumunun 5-ci mərtəbəyə
çıxmağa imkan vermədiyini biləndə isə
bayaqkı tərəddüdlü sualın mənasını
anladım. Zəng edib görüşün yerini dəyişmək
istədim, amma gec idi. Dedi ki, artıq yoldadır. Beləliklə,
20 yaşında “Qafqazın Stiv Uanderi” adlandırılan bu
istedadlı gənclə söhbətimiz qəzetimizin
redaksiyasında, özü də valideynlərinin
iştirakı ilə baş tutdu.
“Hər
şey üçün Məryəm Babayevaya minnətdaram”
«Hələ 7-8 yaşım olanda mən daxilimdən oxumağa, musiqiyə bir istək, tələbat olduğunu hiss edirdim. Həmişə oxumaq istəyirdim. Amma sağlamlığımla bağlı komplekslərim vardı. Düşünürdüm ki, görəsən, səhnəyə çıxsam məni necə qəbul edərlər, mahnılarımı, ifamı sevəcəklərmi və s. Çünki o zamana qədər Azərbaycan şou-biznesində mənim kimi fiziki qüsuru olan insanların olduğunu bilmirdim. Sonralar isə özümdə güc tapdım, fikirləşdim ki, əgər məndə istedad varsa, bunu mütləq göstərməliyəm, oxumalıyam. Bir çox müəllimlərə müraciət etdim. Nəhayət, müəllimimi tapdım”.
Murad Sadıx sənətə gəlişində ona dəstək olan insanların sırasında hər zaman birinci olaraq sevimli müəlliməsinin - Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayevanın adını qeyd edir. Deyir ki, Məryəm xanıma müraciət etməyi ona Mədəniyyət və Turizm Nazirliyində tövsiyə etdilər: “Biz müəlliməmlə çox gözəl anlaşırıq. Mən etiraf etmək istəyirəm ki, Məryəm xanımın həm bir pedaqoq, həm də insan kimi əvəzi yoxdur. Mən əvvəllər də oxuyurdum. Amma indi hiss edirəm ki, ifamda bir peşəkarlıq var. Üstəlik, səsimi istədiyim kimi idarə edə bilirəm. Bunlara isə Məryəm xanımın sayəsində nail ola bilmişəm. Hər yerdə çəkinmədən fəxrlə Məryəm Babayevanın tələbəsi olduğumu deyirəm. Çünki məhz onun yanına getdikdən sonra mən istədiyimə nail olmağa başladım. Uşaq Filarmoniyasında dərs deyən Məryəm Babayeva mənimlə fərdi qaydada məşğul olur. Bu şəraiti yaratdığına görə Uşaq Filarmoniyasının rəhbəri Fərəh Şəkinskayaya da təşəkkür edirəm”.
Ümumilikdə isə incəsənətə maraq Murada ailəsindən gəlib. Atası rəssam, anası isə musiqi müəlliməsidir. Odur ki, sənətə gəlməsində valideynlərinin əməyini və dəstəyini də xüsusi qiymətləndirir. Deyir ki, əgər valideynləri olmasaydı, nəinki sənətə gəlməzdi, hətta yaşamaq onun üçün çox çətin olardı: «Atamla anam hər zaman mənim yanımdadırlar. Həyatımın hər anında mən onlardan dəstək görürəm. Bu sənətdə ikinci dəstəyi sevimli sənətkarımız, rəhmətlik Reyhan Müslümovadan almışam. O həmişə mənə deyirdi ki, Murad, sən qorxma, istedadını göstər, bu səs ki, səndə var, çox böyük uğurlara imza atacaqsan. Sənətdə daha bir dəstəyi bəstəkar Vaqif Gərayzadədən almışam».
Rusiya musiqisevərlərini
heyrətə salan ifa
Murad Rusiyanın musiqi aləmində tanınır və sevilir. Bir müddət əvvəl Rusiyanın ORT kanalında (Andrey Malaxovun “Qoy desinlər” (“Pust qovoryat”) verilişinin qonağı olan həmyerlimizin ifası tamaşaçıları heyrətə salıb. Hətta zaldakı dinləyicilər arasında göz yaşlarını saxlaya bilməyənlər də olub: «Həmin verilişdən sonra məndə sənətimə, özümə inamım daha da artdı. Bu müddət ərzində bir həqiqəti özüm üçün kəşf etdim: bu dünyada bütün maneələr insan istəyinin qarşısında yox olur”.
Ona daha çox uğur gətirən hadisələrdən biri də ötən ilin oktyabrında Moskvada keçirilən “Ağ qamış - tolerantlıq, bərabərlik və inteqrasiya» festivalındakı çıxışı olub. Murad bu festivalda Heydər Əliyev Fondunun dəstəyi ilə iştirak edib: “Bu festivalda çıxışım mənim tanınmağımda müstəsna rol oynadı. Festival Rusiya Federasiyasının birinci xanımı Svetlana Medvedyevanın və tanınmış opera müğənnisi Qalina Vişnevskayanın dəstəyi ilə ötən ilin oktyabrında keçirildi. Yarışma görmə qabiliyyəti məhdud olan insanlara dəstək məqsədilə təsis edilən “Beynəlxalq ağ qamış günü”nə (15 oktyabr) həsr olunmuşdu”.
Bu yarışmanın ən yaddaqalan məqamı isə festivaldan sonra Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri Leyla Əliyevanın Murada böyük bir gül dəstəsi göndərməsi olub: «Festivalda Heydər Əliyev Fondunun dəstəyi ilə iştirak edirdim. Ən böyük hədiyyəm isə Leyla xanımın sənətimə verdiyi qiymət oldu. Ona görə də həm Mehriban Əliyevaya, həm də Leyla Əliyevaya təşəkkür edirəm».
Ötən ilin dekabrında Sankt-Peterburq şəhərində keçirilən «Zvezda nadejdı» festivalında iştirakı da Muradın həyatında yaddaqalan hadisələrdən biridir: ”Festivalın sonunda mənə Sankt-Peterburq şəhərinin meri Valentina Matviyenkonun imzası ilə diplom təqdim edildi”.
Muradın İlahidən də
bir payı var
Atası Sadıx Sadıxov
deyir ki, Murad hələ uşaq vaxtlarında qonşuları toplayıb
onlara konsert verirmiş. Bu isə
onun valideynlərini çox sevindirirdi: «Biz həmişə deyirdik ki, Allah ona heç
olmasa yaxşı səs versin. Bununla həyata bağlansın.
Çünki Murad həm
görməsində, həm
də yeriməsində
problem olduğu üçün
məktəbə getmirdi.
Amma riyazi hesablama və danışıq qabiliyyəti çox yaxşıdır. Səhhəti ilə əlaqədar dəfələrlə Rusiyada
və digər MDB ölkələrində olmuşuq.
4 dəfə gözündən, 3 dəfə
isə ayağından
əməliyyat olunub.
Murad həmişə deyirdi ki, indi siz
məni xəstəxanalara
aparırsınız, amma
vaxt gələcək
mən sizi yaxşı yerlərə,
gəzməyə aparacağam.
Doğrudan da həmin vaxt gəlib çatıb. İndi biz onun
çıxışlarını dinləmək və dəstək olmaq üçün Muradla müxtəlif ölkələrdə
oluruq. Şükür edirik ki, Murad kimi oğlumuz
var. O nə qədər
böyüsə də,
yenə də mənim üçün balaca uşaq kimidir. Hər zaman onun qulluğunda durmağa, istəyini yerinə yetirməyə hazıram».
«Murad
həmişə özündən
yaşca çox böyüklərlə dostluq
edib. Bəzən olur ki, deyir, ana, dostum
bizə qonaq gələcək. Fikirləşirəm ki, yəqin özü yaşda kimsə gələcək.
Baxıram ki, özündən
xeyli yaşlı bir insandır gələn». Bunu isə
Muradın anası Rəna xanım deyir. Onun sözlərinə görə,
Murad körpəliyindən
musiqi vurğunu olub: «Evdə işim çox olanda onun beşiyini
tərpədə bilmirdim
ki, ağlamasın. Bu zaman maqnitofon
köməyimə gəlirdi.
Murad musiqi sədası altında yuxuya gedirdi. Beşiyə yaxınlaşanda onun artıq yatdığını görürdüm».
Muradın stilisti də
Rəna xanım özüdür. Deyir,
oğlunun geyimini başqasına etibar edə bilməz: «Hətta evdə məşq edən zaman da ona
kömək etməyə
çalışıram. Axı mən
özüm də musiqi müəlliməsiyəm.
Hamı deyirdi ki, Muradın
çox gözəl səs tembri var. Amma üzərində işləmək lazımdır.
Mən ona elə bir
müəllim tapmaq istəyirdim ki, Muraddakı istedadı üzə çıxara bilsin. Sağ olsun Məryəm Babayeva. O, Muradın səsini elə bir səviyyəyə gətirib çıxarıb
ki, bu gün
Muradın yüksək
peşəkarlıqla oxuduğunu
deyirlər. Bu isə Məryəm müəllimənin zəhmətidir».
Rəna xanım Muradın İlahidən də bir payı olduğunu
deyir və bizə maraqlı faktlar açıqlayır:
«Onun 4-5 yaşı olanda bizi İrana
qonaq çağırmışdılar.
Murad 2 günün içərisində namazın
sözlərini ərəbcə
əzbər dedi və həmin gündən də namaz qılmağa başladı».
Sanki gizli
bir qüvvə Muradı daima qoruyur. Rəna xanım deyir
ki, dəfələrlə
olub ki, onun hər hansı
bir əməliyyatını
müxtəlif səbəblərdən
həyata keçirmək
mümkün olmayıb.
Sonradan isə məlum olub ki, həmin
əməliyyat Muradın
həyatına son qoya
bilərmiş.
Murad bütün Azərbaycanındır
Murad söhbət əsnasında
sənət planlarından
da danışdı:
“Yeni mahnılar üzərində işləyirəm,
çalışıram ki,
daha çox bəstəkar mahnılarına
müraciət edim. Musiqisi Arif Səlimova,
sözləri Vüsal
Nuruya aid “Sevməsəm
ölərəm” adlı
mahnı da mənə uğur gətirdi. Mərhum sənətkarımız Reyhan Müslümovanın
mahnılarına çox
müraciət edirəm.
Onun «Sən yanımda olmayanda» və «Məhəbbət» mahnılarını
yeni aranjemanda ifa edirəm. Bu yaxınlarda isə
Sədaqət Arifqızı
mənim xahişimlə
«Yaşadır məni»
adlı mahnı yazıb».
Murad korifey sənətkarlarımızdan
Rəşid Behbudovu və Müslüm Maqomayevi dinləməyi sevir. Deyir, sentyabr-oktyabr aylarında R.Behbudovun repertuarından
«Küçələrə su səpmişəm» və «Bahar sənsiz» mahnısını
ifa edəcək.
* * *
Bu gün
Murad sənətdə
ard-arda uğurlar qazanır. Nə vaxtsa fiziki sağlamlığını da
tam bərpa edəcəyinə
ümidini itirmir.
Onun müalicəsinə böyük
məbləğdə vəsait
tələb olunur.
Ailənin bu vəsaiti
toplamaq imkanı yoxdur. Yardım üçün indiyə qədər heç kəsə müraciət etməyiblər.
Amma indi Murad təkcə
Sadıxovlar ailəsinin
övladı deyil.
İndi Murad Azərbaycanın adını yüksəldən,
onu xarici ölkələrdə təmsil
edən bir sənətkardır. Deməli, Murad
həm də bütün Azərbaycanındır.
Tanrı köməyi olsun!
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 17 avqust.- S. 11.