Azərbaycanda
turizm işinin təşkili
mərhələləri
1929-cu il aprelin 12-si SSRİ-də xarici turizmi idarəedən
ilk müəssisənin yaranma günü kimi tarixə daxil
oldu. Həmin gün SSRİ Əmək və Müdafiə
Şurası “İnturist” xarici turizm üzrə Dövlət
Səhmdar Cəmiyyətinin (DSC) təşkili haqqında qərar
qəbul etdi. Bu qərar ölkənin xalq təsərrüfatının
yeni sahəsinin təməlini qoydu.
Qərarda SSRİ-yə xarici
turistlərin və ekskursiyaçıların cəlb edilməsi,
onların çay, dəniz, yerüstü və hava
yolları nəqliyyatı ilə daşınması, yerləşdirilməsini
təmin etmək, suvenirlərin satışı, mədəni
xidmətin təşkili kimi vəzifələr əksini
tapmışdı. Bu vəzifələrin öhdəsindən
gəlmək üçün “İnturist”ə spesifik
hüquqlar verildi - xarici dövlətlərin turizm
bazarlarına çıxmaq, xaricdə öz nümayəndəliklərini,
filiallarını və kontorlarını açmaq.
“İnturist” DSC-nin təsisçiləri
SSRİ Ticarət Xalq Komissarlığı, SSRİ Ticarət
Donanması, Dəmir Yolları Xalq Komissarlığı və
digər dövlət təşkilatları idi.
Təsisçilərin tərkibində
xarici səhmdarlar yox idi, amma Əmək və Müdafiə
Şurası gələcəkdə turizm sahəsinə xarici
kapitalın cəlb olunmasını istisna etmirdi.
SSRİ Ticarət Xalq
Komissarlığının 8 iyun 1929-cu il tarixli dekreti əsasında
“İnturist” DSC Nizamnaməsini təsdiq edərək, onun təşkilati
strukturunu müəyyən etdi. Struktura səhmdarların
ümumi iclası, Səhmdarlar Şurası, Təftiş
Komissiyası və icraçı orqan kimi İdarə Heyəti
daxil idi. “İnturist” DSC-nin fəaliyyət dairəsi sahəsi
hələ o vaxtlar çox geniş və çoxsahəli
idi.
Xarici turistlərə xidmətin (turların)
satışı üzrə əsas əməliyyatlar
“İnturist”in kontragentləri - kapitalist ölkələrinin
şirkətləri tərəfindən həyata
keçirilirdi. Bundan sonra işin ən mühüm mərhələsi
- ölkə ərazisində xarici turistlərə birbaşa
xidmət başlayırdı. Nəzərə alsaq ki, xarici
qonaqların səyahət proqramları əsasən hər
hansı bir şəhərə baş çəkilməsi
ilə məhdudlaşmırdı, bütün səfər
marşrutu üzrə ölkənin müxtəlif
rayonları üçün xarakterik olan, yerli şəraiti və
milli xüsusiyyətləri nəzərə alan kompleks tədbirlərin
təmin edilməsi vacib idi.
“İnturist”in və ümumilikdə
ölkənin xarici turizmin inkişafının ilk mərhələsində
iki əsas problemlə - bütün dünya üzrə
turların satışı ilə əlaqəli kommersiya və
ölkə ərazisində xarici turistlərin xidməti ilə
əlaqəli təsərrüfat problemlərin həlli ilə
ciddi məşğul olmaq lazım idi.
Yalnız xarici turizm sahəsi
üçün xarakterik olan hərtərəfli istehsalat fəaliyyəti
“İnturist”in idarəetmə formalarına, eləcə də
kadrlar seçiminə xüsusi diqqət göstərməyi
zəruri edirdi. “İnturist” DSC yeni yaradıldığından
əvvəldən maddi bazası olmayan təşkilat idi.
SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət
Heyətinin 7 fevral 1933-cü il tarixli “SSRİ-də
“İnturist” xarici turizm Dövlət Səhmdar Cəmiyyəti
və “Hotel” Ümumittifaq Səhmdar Cəmiyyətinin birləşdirilməsi
haqqında” qərarı ölkəyə gələn xarici
turistlərin yerləşdirilməsində yaranan problemlərin
aradan qaldırılmasını həll etdi.
Yeni yaradılan qurum SSRİ Mərkəzi
İcraiyyə Komitəsinin təsərrüfat idarəsinin nəzdində
“İnturist” Ümumittifaq Səhmdar Cəmiyyəti (ÜSC)
adlandırıldı. Bu təşkilata SSRİ-yə xaricdən
gələn bütün turistlərin, iş adamları və
ya texniki mütəxəssislərin qəbulu və xidmət
göstərilməsinə monopoliya hüquqları verildi.
“İnturist” ÜSC bundan sonra, kiçik olsa da, amma öz maddi
bazasına - mehmanxana və restoranlara, nəqliyyat vasitələrinə
malik oldu. Bundan sonra SSRİ-də xarici turizmə tam rəhbərlik
və ölkəyə gələn əcnəbilərə
görə bütün məsuliyyət “İnturist”
ÜSC-nin əlində cəmləşdi.
1939-cu ildə SSRİ Xalq
Komissarlıqları Şurasının qərarı ilə
Xarici turizm üzrə Ümumittifaq Səhmdar Cəmiyyəti
(“İnturist”) SSRİ Xarici Ticarət Xalq
Komissarlığının sərəncamına verildi.1939-cu
ildə yaranmasının 10 illiyini qeyd edən “İnturist”in xətti
ilə ölkəyə 1 milyon xarici turist gəlmişdi.
* * *
1929-cu ilin avqustunda Bakıda
“İnturist” Səhmdar Cəmiyyətinin Azərbaycan bölməsi
yaradılır. Azərbaycanda xarici turizmin inkişafına,
turistlərin təhlükəsizliyinə diqqəti
artırmaq məqsədilə respublikamızın dövlət
orqanları bir neçə mühüm qərar qəbul edir.
Azərbaycan SSR Dövlət Plan Komitəsinin sosial-mədəni
seksiyasının 1929-cu il 3 noyabr tarixli iclasında “Azərbaycan
SSR-də xarici turizmin inkişafı üzrə tədbirlərin
hazırlanması haqqında” məsələ müzakirə
edilərək müvafiq qərar qəbul edilmişdi. Qərarda
respublika ərazisindəki tarixi abidələrin
siyahısının hazırlanması, onların yerlərinin
və mümkün marşrutlarının göstərilməsi,
Səhiyyə Xalq Komissarlığı tərəfindən
respublika ərazisindəki kurort yerləri barədə məlumatların
Dövlət Plan Komitəsinə təqdim olunması və s.
məsələlər əksini tapmışdı.
Respublika hökumətinin (Xalq
Komissarları Soveti) 1930-cu il 13 yanvar tarixli “Azərbaycan SSR ərazisində
turistlərin təhlükəsiz və maneəsiz hərəkətinin
təmin olunması haqqında” qərarı yerli hakimiyyət
orqanlarının üzərində konkret vəzifələr
qoyurdu. Qərara əsasən, respublikaya gələn xarici
turistlər “İnturist”in Azərbaycan bölməsində,
Sovet İttifaqının respublikalarından gələn
turistlər isə Azərbaycan “Proletar Turizmi Cəmiyyəti”ndə
qeydiyyatdan keçməli idilər.
Xarici turistlərə xidmət səviyyəsinin
yaxşılaşdırılması məqsədilə
1934-cü ildə Bakıda məşhur sovet memarı, akademik
Aleksey Şusevin layihəsi üzrə “İnturist”
mehmanxanası istifadəyə verildi. Beşmərtəbəli
mehmanxana indiki Neftçilər prospekti, 63 ünvanında yerləşirdi.
II Dünya müharibəsinin
başlanması ilə, digər turizm təşkilatları
kimi, “İnturist”in Bakı bölməsinin fəaliyyəti də
minimuma endi. Təşkilat yalnız SSRİ-də akkreditə
olunmuş diplomatik nümayəndəliklərə xidmət
göstərməklə məşğul olurdu.
Müharibədən sonra da
“İnturist” uzun müddət normal fəaliyyətə
qayıda bilmədi. Müharibə zamanı
dağılmış ölkə təsərrüfatı nəhəng
maliyyələşmə tələb edirdi. Yalnız 50-ci illərdə
“İnturist” azsaylı xarici turist qrupları və fərdi
turistlərin qəbuluna başladı. Bu dövrdə
SSRİ-yə xarici dövlətlərin ticarət nümayəndələri
tez-tez səfər edirdi və onlara xidməti “İnturist”
üzərinə götürürdü.
1955-ci ildə “İnturist”
Ümumittifaq Səhmdar Cəmiyyətinin təsdiq edilmiş
yeni nizamnaməsində qeyd olunurdu ki, qurumun məqsədi
SSRİ-yə gələn, SSRİ-dən gedən və
SSRİ ərazisindən tranzit olaraq istifadə edən xarici
turistlərə və xarici vətəndaşlara xidmət
göstərmək, turizmin bütün növlərini
inkişaf etdirməkdir.
“İnturist”in əsas vəzifələri
sırasında xarici turizm şirkətləri ilə kommersiya
əlaqələrinin yaradılması və SSRİ-də
xarici turistlərin qəbulunun yüksək səviyyədə
təmin edilməsi işləri, xarici turistlərin SSRİ-yə
cəlb edilməsi üçün reklam-məlumatlandırıcı
işin təşkili və xarici turizm şirkətləri
vasitəsilə sovet turistlərinin xarici ölkələrdə
qəbul edilməsi, onlara xidmət göstərilməsi şərtlərinin
razılaşdırılması məsələləri qeyd
olunmuşdu.
“İnturist”ə geniş
hüquqlar və səlahiyyətlər verilir. Bu səlahiyyətlər
təşkilata xarici ölkələrdə xarici turizm üzrə
firma və kontorların yaradılmasına, SSRİ ərazisində
özünün bölmələrinin və agentliklərinin
təşkilinə, müxtəlif milli və beynəlxalq təşkilatların,
komissiyaların və s. üzvü olmaq kimi imkanları
yaradırdı.
1964-cü il SSRİ-də xarici
turizmin gələcək inkişafı üçün yeni mərhələ
oldu. SSRİ Nazirlər Sovetinin qərarı ilə
“İnturist” SSRİ Xarici Ticarət Nazirliyinin tabeliyindən
çıxarıldı. Xarici turizmin idarəolunması
üzrə yeni dövlət orqanı - SSRİ Nazirlər
Sovetinin nəzdində Xarici Turizm üzrə İdarə
yaradıldı və “İnturist” bu idarənin mühüm
bir hissəsi oldu. 1969-cu ildə bu idarə SSRİ Nazirlər
Soveti nəzdində Xarici Turizm üzrə Baş İdarəyə
çevrildi və “İnturist” ÜSC kommersiya idarəsi
hüququnda onun tərkibinə daxil oldu.
Xarici ölkələrlə turizm
münasibətlərinin sürətli inkişafı ittifaq
respublikalarında da xarici turizm idarələrinin təşkilini
zəruri edirdi. Qeyd edək ki, II Dünya müharibəsindən
sonrakı illərdə respublikamızda beynəlxalq turizm əlaqələri
çox aşağı səviyyədə idi. Sonrakı illərdə
beynəlxalq turizm əlaqələri tədricən inkişaf
etdi. Bakıya xarici turistlər həm fərdi, həm qrup
şəklində keçən 60-cı illərin əvvəllərində
gəlməyə başladılar.
1962-ci ildə “İnturist”in
Bakı bölməsinin vasitəsilə Bakıya 44 nəfərdən
ibarət olan fransız turistləri gəlmişdilər. Onlar
Yeni Bakı Neftayırma zavodunda, Bakı elektrik
maşınqayırma zavodunda (BEMZ), “Azneft”in ilk dəniz
neftçıxarma mədənində, Azərbaycan Elmlər
Akademiyasında, Nizami adına Ədəbiyyat Muzeyində,
R.Mustafayev adına İncəsənət Muzeyində, Azərbaycanın
Tarix Muzeyində və s. yerlərdə olmuşdular. Azərbaycanda
olduğu müddət ərzində xarici turistlər
respublikamızın müxtəlif ictimai təbəqəsi ilə
əlaqələr qurur, öz həmkarları ilə
görüşlər, diskussiyalar, fikir mübadiləsi
aparırlar. Respublikamıza gələn turistlərin
dinamikası, xaricdə Azərbaycana, onun təbii sərvətlərinə,
mədəniyyətinə, tarixinə, turizm potensialına
artan maraqdan irəli gəlirdi. Bu illər respublikamızda
reklam ədəbiyyatının, buklet və prospektlərin, Azərbaycanın
qədim şəhərləri - Bakı, Naxçıvan, Gəncə,
Şamaxı, Şuşa, Şəki, Quba və s. haqqında
nəşrlərin çap olunmasına böyük diqqət
yetirilirdi.
1968-ci ildə Azərbaycana gələn
5052 xarici vətəndaşdan, 3376-sı turist qismində gəlmişdi.
Bu da 1962-ci illə müqayisədə 70% çox idi. 1969-cu
ildə respublikaya gələn 8674 nəfər əcnəbidən
3527-i turist idi. Qeyd edək ki, Azərbaycana xarici turistlər əsasən
sosialist ölkələrindən gəlirdi. 1970-ci ildə
respublikamıza 4739 xarici turist gəlmişdi ki, onların
3227-i sosialist ölkələrindən idi.
Bu illər turizm əlaqələrinin
inkişafı işində bir sıra çətinliklər
və çatışmazlıqlar mövcud idi. Bunlar beynəlxalq
turizmin maddi bazasının yaradılması, informasiya-təbliğat
işinin gücləndirilməsi, yeni turist
marşrutlarının yaradılması, xarici turistlərin qəbulu
və xidmət keyfiyyətinin səviyyəsinin
artırılması məsələləri ilə bağlı
idi.
Respublikada xarici turizmin
inkişafı üçün maddi-texniki bazanın inşaat
planları çox ləng yerinə yetirilirdi. Xarici turistləri
qəbul edən yerli hakimiyyət orqanlarının
mehmanxanalarında lazımi şərait yox idi; muzeylərin
xarici dillərdə bələdçi nəşrləri ilə
təmin olunması üçün lazımi tədbirlər
görülmürdü; milli suvenirlər
qıtlığı var idi; bəzi ekskursiyalar lazımi səviyyədə
aparılmırdı; məlumatlandırıcı işin səviyyəsi
tələblərə tam cavab vermirdi. Respublikadan xarici ölkələrə
turistlərin göndərilməsi işində də
nöqsanlar var idi.
1969-cu ildə böyük dövlət
xadimi Heydər Əliyevin respublikanın rəhbəri - Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçilməsindən sonra, respublika həyatının digər
sahələrində olduğu kimi, turizm sahəsində də
yeni inkişaf mərhələsi başlandı.
Sabir Rəhimov,
AHİK-in Respublika Turizm və
Ekskursiyalar
Şurasının sədr müavini
(Ardı var)
Mədəniyyət.-
2011.- 17 avqust.- S. 10