Kəndlərimizin
turizm potensialı: Ləzə
Qusar rayonunun Ləzə kəndi
Qafqaz sıra dağlarının şimal-şərqində,
Şahdağın ətəyində, dəniz səviyyəsindən
1300 m yüksəklikdə yerləşir. Kənd əsrarəngiz
təbiəti ilə diqqət çəkir. Kənd sakinləri
ev təsərrüfatı, arıçılıq,
quşçuluq, heyvandarlıqla məşğul olurlar. Son
vaxtlar bu yerlərə gələn xarici turistlərin sayı
artdığından məktəblilər ingilis dilini öyrənməyə
xüsusi həvəs göstərirlər.
Qusar Rayon Mədəniyyət və
Turizm Şöbəsinin müdiri David İbrahimxəlilov deyir
ki, bu il Qusara gələn turistlərin sayı artıb. Rayona
istirahətə gələnlər ilk növbədə Ləzə
kəndinə getmək istəyirlər: “Azərbaycanın
bütün bölgələri kimi Qusar rayonu da turistlərin
diqqətini çox cəlb edir. Turistlərin çoxu Ləzəni
görməyə can atır. Buna səbəb səfalı təbiəti,
gözəl mənzərəsidir. Ləzə həm də
tarixi abidələri ilə maraq doğurur. Kənd ətrafında
ziyarətgahlar, pirlər var”.
Gəzməli-görməli
yerləri
Ləzəni gəzib-görməyə
bir gün bəs etməz desək, yanılmarıq. Turizm
şirkətləri istirahətə gələnlərə
maraqlı turlar təşkil edirlər. Bu turlar Ləzə ilə
məhdudlaşmır; yolüstü tarixi abidələr, təbiət
abidələri ilə tanışlığı da bu proqrama əlavə
edirlər. Yolboyu təbii mənzərələrin seyri,
ecazkar dağ şəlalələrinə baxış, kəndin
məişət həyatı və etnoqrafiyası ilə
tanışlıq qonaqları valeh edir. Qonaqlar daha çox kənd
evlərində qalmağa üstünlük verirlər. Bundan əlavə,
kənddən bir qədər kənarda “Suvar” İstirahət
Mərkəzi də yerləşir ki, burada turistlərin
qalmaları üçün lazımi şərait var.
XVIII əsrin sonuna aid edilən məscid
və “Hacı seyid baba” piri kəndin ən diqqətəlayiq
yerlərindəndir. Yerli əhali pirin yanında yerləşən
müqəddəs məzarları ziyarət edirlər. Kənddən
bir az aşağı Qusarçayın üzərində qədim
qəbiristanlıq var.
Kəndin görməli yerlərini
atla və ya piyada gəzmək olar. Ləzəyə gələnləri
Şahdağ massivinin qayaları arasında dərin mağara,
Qusarçayın üzərində yerləşən qədim
daş körpü də cəlb edir. Yeri gəlmişkən,
Şahdağ zirvəsinə qalxan yolda şəlalələr
qışda sıldırım buzlaqlara çevrilərək
çox gözəl mənzərə yaradır. Qusarçay
çayın o biri sahilində, kəndlə üz-üzə
uca təpədə qədim qala divarlarının
qalıqları var.
Qış turizmi üçün ideal məkan
“Suvar” istirahət mərkəzinin
icraçı direktoru Ramin Günəşov Ləzə kəndinə
ilin müxtəlif vaxtlarında qonaqların olduğunu deyir.
Bura ən çox turist səfərləri isə yay
aylarında olur. İstirahət mərkəzi 60 yerlikdir. Kənd
evlərində qalmağa üstünlük verməyən
turistlər burada kotteclərdə yerləşdirilir. Mərkəz
bir sıra turizm şirkətləri ilə əməkdaşlıq
edir.
Qışda burada qar çox
olur. Ləzənin təbiət abidələri
ilə zəngin olması, qış aylarında şəlalələrin
donması, qar örtüyünün uzun
müddət qalması
burada idman turizminin inkişafına əlverişli şərait
yaradır. Kəndin coğrafi
şəraiti də idman turlarının təbiət abidələri
ilə əlaqələndirilməsinə,
digər turizm ehtiyatları ilə birgə istifadəyə imkan verir. Ləzə kəndi yaxınlığındakı
qayalarda Azərbaycan Hava və Ekstremal
İdman Növləri
Federasiyası tərəfindən
müxtəlif yarışlar
keçirilir. İdmançılar kənd yaxınlığındakı
şəlalələrin donmasını
xüsusi səbirsizliklə
gözləyirlər. Qışda bu yerlərdə buza dırmanma üzrə maraqlı yarışlar təşkil
edilir.
Onu da qeyd edək ki, hazırda
Azərbaycanın ən
böyük turizm obyekti - Şahdağ qış-yay turizm kompleksi məhz Ləzə kəndi yaxınlığında inşa
edilir.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2011.- 17 avqust.- S. 7.