Dini abidələr turizmin inkişafına müsbət təsir göstərir

 

   Mütəxəssislər Azərbaycanın bütün dini obyektlərini özündə əks etdirən reklam nəşrlərinin hazırlanmasını vacib hesab edirlər

  

   Xaricə səfər edən hər bir turist səyahət etdiyi ölkənin tarixinə, yaşayış tərzinə, dini mənsubiyyətini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir. Deməli, turizm həm də ölkənin mədəni irsinin, dini abidələrinin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Bu səbəbdən də dünya təcrübəsində tarixi mədəniyyət və dini abidələr həm də turizmin inkişafına təsir göstərən, ölkəyə turist cəlb olunmasını təşviq edən faktorlardan biri hesab olunur.

  

   Ərazisində qədim tarixi yerlərin, dini abidə və məkanların olduğu Azərbaycanda son dövrlər turizmin bütün növlərinin inkişafına xüsusi önəm verilir. Bu sırada dini turizm də özünəməxsus yer tutur.

  

   Dini məkanlarımız ekskursiya obyekti kimi təqdim olunur

  

   Azərbaycanın daxilində müxtəlif dini obyektlər var və inanclı insanlar bu yerləri ziyarət edirlər. Məsələn, Naxçıvan ərazisindəki Əshabi-Kəhfi nəinki ölkəmizin müxtəlif yerlərindən, qonşu İran, Türkiyə və başqa ölkələrdən gəlib ziyarət edənlər var. Bakıda Bibiheybət məscidi, Nardaran piri, Mirmöhsün ağanın məqbərəsi, Gəncədə İmamzadə piri respublikada geniş tanınan ziyarət yerləridir.

   Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri tərəfindən dini obyektlərə turların təşkil edilib-edilməməsi ilə bağlı kiçik bir araşdırma apardıq. Məlum oldu ki, ölkəmizə gələn əcnəbi turistlər dini məkanlara ekskursiya obyekti kimi gedirlər. Məsələn, turizm şirkətləri Qobustana ekskursiya təşkil edəndə mütləq Bibiheybət məscidini baxış obyekti kimi bu tura daxil edirlər. Bu zaman sözügedən məscid haqqında turistlərə məlumat verilir. Və yaxud Mərdəkan qalalarına təşkil edilən ekskursiyalar zamanı Mirmöhsün ağanın məqbərəsinə də tur təşkil edilir və turistlərə məlumat verilir. Burada bir faktı da nəzərə çatdıraq ki, əcnəbilər dini obyektlərə ayinlərin yerinə yetirildiyi yerdən daha çox bir tarixi-memarlıq abidəsi kimi baxırlar.

   Azərbaycandakı pirlər həm də tarixi mədəniyyət abidələridir, onlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydə alınıb. Turistlər bu abidələrə böyük maraq göstərirlər. Eyni zamanda ölkə rəhbərliyi həmin abidələrin təmir-bərpasını diqqət mərkəzində saxlayır. Bibiheybət məscidi ümummilli lider Heydər Əliyevin sərəncamı ilə çox gözəl bərpa olunub və möhtəşəmliyi ilə gələn turistləri özünə cəlb edən dini obyektdir. Bir müddət əvvəl Şamaxıda yerləşən Cümə məscidinin yenidən qurulub bərpa edilməsi üçün vəsait ayrıldı və həmin məscid təmir edildi. Vaxtilə bu, Şərqin ən böyük məscidlərindən biri olub. 1918-ci ildə erməni dəstələri Şamaxıda qırğınlar törədən zaman məsciddə sığınacaq tapmış insanları yandırıblar. Bu tarixi fakt da həmin dini obyektə aparılan turistlərə çatdırılır.

  

   Azərbaycanda 500-dək ziyarətgah var

  

   Azərbaycan tarix boyu bir sıra dinlərin (atəşpərəstlik, xristianlıq və İslam) fəal yayılma mərkəzi kimi çıxış etdiyindən, ölkədə bu dinlərə mənsub çoxsaylı tarixi abidələrə rast gəlmək mümkündür. Bu abidələrin çoxu hazırda ziyarətgah kimi dini turizmə cəlb olunub.

   Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun sözlərinə görə, hazırda Azərbaycanda 500 ziyarətgah var, onların təxminən 50-nə fəal şəkildə ziyarətlər təşkil edilir. Daha çox ziyarətgaha Bakı, Gəncə və Naxçıvanda, o cümlədən Bakı-Astara, Bakı-Şamaxı və Bakı-Qusar marşrutları boyu rast gəlmək mümkündür. Bu yerləri daha çox yerli əhali ziyarət edir: “Xüsusilə yaşlı və inanclı insanlar belə yerləri ziyarət edirlər. Belə ki, hər gün Mirmöhsün ağa ziyarətgahını yüzlərlə insan ziyarət edir. Xarici turistlərə gəlincə, onlar daha çox Atəşgah məbədinə maraq göstərirlər. Amma müvafiq işlər aparılarsa, dini abidələrin yanında müvafiq normalara uyğun infrastruktur qurularsa, yerlixarici turistlərin sayını artırmaq olar”.

   Xarici ölkələrə dini səfərlərin əsasən İran, İraq və Səudiyyə Ərəbistanına edildiyini deyən ekspert bildirdi ki, İran və Səudiyyə Ərəbistanına olan səfərlərdə hələlik elə bir ciddi problem olmayıb: «Amma İraq bu gün dünyanın qeyri-stabilterror təhlükəsinin yüksək olduğu ölkələrindən biridir. Bunu həm turist şirkətləri, həm də zəvvarlar nəzərə almalıdırlar”.

   Mütəxəssisin sözlərinə görə, dini turizmi cəmiyyətdə daha da populyar etmək üçün kompleks işlər görülməlidir: “Bu yerlər haqqında KİV-də daha çox məlumatlar getməli, reklam işi aparılmalıdır. Eyni zamanda turist agentlikləri öz turlarına dini ziyarətgahları da əlavə etməlidir. Ziyarətgahlarda gigiyenik normalara uyğun qurbangahlar, ət saxlama yerləri, insanların qidalanması üçün müvafiq iaşə obyektləri və s. yaradılmalıdır. Bundan əlavə, ziyarətgahların dini icma, hüquqi şəxs kimi fəaliyyəti, nəzir və qurbanların xeyriyyə məqsədləri üçün şəffaf bölgüsünün təmin edilməsi çox vacibdir. İnsanlar öz nəzirlərinin və verdikləri qurbanların dini qaydalara uyğun olaraq ehtiyacı olanlara (uşaq evlərinə, qocalar evlərinə, sığınacaqlara və s.) verildiyini bildikləri təqdirdə daha böyük həvəslə bu yerlərə gələrlər”.

  

   Dini turizmin inkişafı üçün böyük zəmin var

  

   TurizmEkskursiyalar Şurasının aparıcı təlimatçısı, Azərbaycan Turizm İnstitutunun müəllimi Əlixan Mürvətov bildirdi ki, Azərbaycanda dini turizmin inkişafı üçün böyük zəmin var. Çünki burada üç peyğəmbərin qəbri yerləşir. Nuh peyğəmbərin qəbri Naxçıvanda, Cərciz peyğəmbərin qəbri Beyləqanda (Bura hazırda Zəncir piri adlanır), Xızır peyğəmbərin məqamı isə Beşbarmaq dağındadır.

   Həmsöhbətimizin sözlərinə görə, xarici ölkələrdən, xüsusilə də müsəlman dövlətlərdən gələn turistlərlə müqavilə bağladıqda onlara Azərbaycan ərazisindəki pirlərə də turlar təklif edirlər: “Biz dini ziyarətgahlarımızı lazımi səviyyədə təbliğ edirik. Amma xarici (o cümlədən müsəlman ölkələrindən gələn) turistlər daha çox mədəniyyət abidələri, gəzməli-görməli yerlər, təbiət abidələri ilə maraqlanırlar. Bununla yanaşı, İrandan turistlər Culfadan sərhədi keçərək Əshabi-Kəhfi ziyarət etməyə gəlirlər. Türkiyədən, Suriyadan da bu ziyarətgaha gələnlər çoxdur. Bizdə dini turizm yerli camaat üçün daha maraqlıdır. Bunu nəzərə alaraq, Abşeron pirlərinə xüsusi marşrut hazırlamışıq. Bu tur Bibiheybət pirindən başlayıb Şüvəlanda Mirmöhsün ağa, Nardaranda Rəhimə xanım ziyarətgahı, Mərdəkanda Leyla xanım ziyarətgahı, Buzovnada Əli-Ayağı pirini əhatə edir».

   Ə.Mürvətov onu da bildirdi ki, indiyə qədər heç bir turizm firması dini məkanlarımızın təbliği ilə bağlı hər hansı reklam-çap məhsulu buraxmayıb: «Ölkəmizə gələn xarici turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən son illərdə çap və CD variantda hazırlanmış informasiya materialları təqdim edilir. Bu materiallarda Atəşgah məbədi, Bibiheybət məscidi haqqında məlumatlar var. Yalnız dini obyektlər haqqında məlumatların yer aldığı materialların hazırlanması yaxşı bir ideyadır. Bu materiallar ölkəyə gələn turistlərin say artımına, eyni zamanda Azərbaycanın inanc yerlərinin tanıdılmasına xidmət edə bilər. Azərbaycanın bütün dini obyektlərini özündə əks etdirən xüsusi reklam nəşrinin hazırlanmasına ehtiyac var. Gələcəkdə ATİ-nin xətti ilə Abşeron pirləri, Şirvan pirləri, Naxçıvan pirləri və s. marşrutların işlənib hazırlanmasını da nəzərdə tuturuq.

   Dərs vəsaiti kimi isə Turizm İnstitutunda ensiklopedik məlumatlardan, Sara Aşurbəylinin “Azərbaycan pirləri” adlı kitabından və tarixi faktlardan, əfsanələrdən istifadə edilir».

   Ə.Mürvətov deyir ki, Avropa ölkələrindən gələn turistlər əsasən xristianlıqla bağlı abidələrə getməyi xoşlayırlar: «Məsələn, Şəkinin Kiş kəndindəki alban məbədi, Qəbələnin Nic kəndindəki alban kilsəsi bu qəbildəndir”.

   Onu da qeyd edək ki, ölkə prezidentinin 20 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilinTurizm ilielan edilməsi ilə bağlı Tədbirlər Planında memarlıq abidələri və mədəniyyət qoruqları üzrə bərpa işlərinin aparılması, müvafiq turizm infrastrukturunun yaradılması və turizm marşrutlarına daxil edilməsi bölməsində Qəbələ rayonunun Nic kəndində alban kilsəsinin, Zaqatalada alban abidəsinin bərpası nəzərdə tutulub.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 17 avqust.- S. 6.