Dünya Kitabxana və İnformasiya Konqresi
Kitabxana
Assosiasiyaları Beynəlxalq Federasiyasının Puerto-Rikoda
keçirilən konfransında Azərbaycanın mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev iştirak
edir
Avqustun 13-də Puerto-Rikonun San Xuan
şəhərində Dünya Kitabxana və İnformasiya
Konqresi: Kitabxana Assosiasiyaları Beynəlxalq
Federasiyasının (İFLA) 77-ci Baş konfransı və
Assambleyası işə başlayıb. Mədəniyyət və
Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət
proqramları şöbəsindən verilən məlumata
görə, konfrans “Biliyə sərbəst
çıxış - davamlı inkişafın təşviqi”
mövzusuna həsr olunub.
Azərbaycan Respublikası mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev
İFLA-nın 77-ci Baş konfransı və Assambleyasında
iştirak etmək məqsədilə Puerto- Rikoda səfərdədir.
Konfransda rəqəmsal kitabxana mənbələrinin
idarə edilməsi üçün strategiyalar, kənd təsərrüfatında
ilkin biliklər üçün informasiya sistemləri, vətəndaşlara
informasiya və çap məhsullarının
çatdırılması üzrə innovativ yanaşmalar,
incəsənətdəki çoxşaxəliliklə
bağlı problemlərin aradan qaldırılması məsələləri
müzakirə olunur.
Bundan əlavə, tədbirlərdə
Mərkəzi Amerika və Karib dənizi regionunda kitabxanalar,
kitabxana xidmətində məlumat bazasının
yaradılması, çoxmədəniyyətli xalqların
informasiya təminatının əhəmiyyəti: ehtiyaclar,
strategiyalar, proqramlar və digər məsələlərin
müzakirəsi də nəzərdə tutulur.
Baş konfrans və Assambleya öz
işini avqustun 18-də yekunlaşdıracaq.
Mədəniyyət.-
2011.- 17 avqust.- S. 3.