Şair haqqında düşüncələr
Taleyin naxışı
Hər dəfə Əbülfət
Mədətoğlunun yeni kitabını əlimə
alanda qəribə hisslər keçirirəm.
Görəsən, şair qardaşım bu dəfə məni hansı misraları ilə
heyrətə gətirəcək, ürəyimdə dərd
bağlamış ana yurd
adlı nisgilimi həsəd ruhlu misralarla oxşayacaq. Bu şairi oxumaqdan da qorxuram, oxumamaqdan
da...
Qorxuram ona görə ki, məni məndən alaraq çox uzaqlara aparacaq. Qarabağdan keçirərək Zəngəzura qovuşduracaq. Sonra da geri çəkəcək. Hər şey yuxu kimi tərsinə yozulacaq. Qorxuram ona görə ki, oxumasam, ruhuma qida verən, dərdlərimə sığal çəkən, gileylərimi dilə gətirən, gözlərimi yollardan çəkən misralardan xəbərim olmasın...
Neçə il öncə oxuduğum bir şeiri məni necə haldan-hala salmışdı, bu gün də unuda bilmirəm. Dilimin əzbəri olan «Bəxtəvər ipəkqurdları ölür evinin içində» misraları cızdağımı çıxarmışdı. Doğma yurdun həsrətini bu qədər dəqiq və həssaslıqla, həm də həsədlə ifadəsi əslində poeziyada tapıntı idi. Elə Əbülfətin şair kimi də hansı bir duyğuya, düşüncəyə, ən başlıcası istedada malik olması barədə də ədəbi ictimaiyyətə, şeirsevərlərə çox uğurlu mesajı idi. Elə bu misralar da Əbülfət Mədətoğlunun şeir dünyasına bir açar oldu.
Mətbuatdakı çıxışlarını müntəzəm və ardıcıllıqla izləyirəm. Əslində hər gün oxuduğum müəllifdir. Publisistikası ilə şeirləri çox vaxt birgə yol gəlir. Bəzən də bir-birini tamamlamağa çalışır. Mənim düşüncəmə görə, Əbülfət əslində çox istedadlı şairdir. Bir dəfə özünə dedim ki, bəlkə heç məqalə-filan yazmayasan? Onlara həsr edilən vaxt hansısa şeiri öldürür, yaxud da vaxtında doğulmasını ləngidir. Cavabı məni çox mütəəssir etdi: «Çörək pulu da qazanmalıyam, bacı...» Nə olaydı, şairlərin dolanışıq sarıdan problemi bu dərəcədə üzə durmayadı? Eh, hansımız bu lənətə gəlmiş töhməti boğazımıza keçirdərək sözü sağa-sola yürütmürük ki?!
Əgər bu gün «şairlər» bolluğu arasında iki-üç əsl şair varsa, onun biri də məhz Əbülfət Mədətoğludur. İstedadı olmayanın şairlik eşqinə düşməsi, vallah, zorən təbiblikdir. Savadsız həkim insanın fiziki sağlamlığına hansı zərəri vurarsa, belə «şairlərin» də yazdıqları mənəviyyata zərbədir. Oxucuya mənfi emosiyalar gətirməkdən, əsəbiləşdirməkdən savayı kor qəpiyə də dəyməz. Təəssüf ki, yüz il öncə deyilmişlərin belələri tərəfindən solğun, savadsız, bəzən də şit, yersiz təkrarı sözü urvatdan salmaqdadır.
Əbülfət Mədətoğlunun şairliyi Tanrının ona bağışladığı vergidir, istedaddır. Bu səbəbdən də poetik çeşməsindən süzülüb gələn misraları da bal şirinliyi, qəlb hıçqırtısı, könül xoşluğu ilə elə həmahəngdir ki, oxuduqca doymursan, yorulmursan, ürəyinə qəribə bir istilik və sərinlik dolur:
Məni sevdin, cəzalandın -
üzünə baxan olmadı.
Namaz ötdü - qəzalandın -
kimsə səninçün qılmadı.
Bax, elə «Ədalət» qəzetində oxuduğum bu şeirin təsiri altında idim ki, özü gəldi. Stolumun üstünə bir kitab qoyaraq getdi. Yeni kitabı idi: «Hər görüş bir ümiddi». Ədəbiyyatşünas alim Nizami Cəfərovun ön sözü ilə işıq üzü görən kitab Əbülfət Mədətoğlunun şair dünyasından qopan poetik söz külçəsidir.
Sevinclə, həvəslə, böyük məhəbbətlə, nə gizlədim, bir az da qorxu hissi ilə kitabı vərəqlədim. Birbaşa oxumağa ehtiyatlandım. Unudulmaz Bəxtiyar Vahabzadə demişkən, görəsən, Əbülfət yenə hansı misrası ilə tüstümü təpəmdən çıxaracaq? Axtarış uzun çəkmədi:
Zaman məni duymalıydı,
Pıçıltımı yaymalıydı.
Yüzə kimi saymalıydı -
İtirdi yüzündə məni...
Əbülfət Mədətoğlunun şeirlərində qəribə bir ovqat duyulur. Hər kəsə doğma, yaxın, əziz olan bu əhval-ruhiyyənin daxilində gizlənən dərdin böyüklüyü oxucunu düşündürür, heyrətləndirir:
Yorulmuş at kimiyəm,
Sınmış qanad kimiyəm,
O qədər yad kimiyəm -
Hamı ötür yanımdan...
Müəllifin şeirlərində nə qüdrət varsa, oxuyan anda qanına, ruhuna hopur. Özünü onun cazibəsindən xilas edə bilmirsən. Bütün işini, gücünü bir yanda qoyaraq Əbülfəti oxumaq istəyirsən. Hərdən də adama elə gəlir ki, Əbülfətin imzası ilə çap edilmiş bu şeirlər sənin özünə məxsusdu, dilinin ucundadı. Bu səbəbdən də onun şeirlərilə min ilin dostu kimi görüşürsən. Bu da bir ədəbi uğurdu. Şairi oxuculara sevdirən, yaxınlaşdıran da onun şeirlərindəki ruh yaxınlığıdı. «Bəxtim dərin quyudu, daş atıram, səs gəlmir». Çox gözəldi. Allah sənə insaf versin, qardaşım! Bizi niyə öldürürsən? Nə qədər çalışsaq da, şeirlərinin ruhuna qoşulub üzü küləyə sarı getsək də, nə qulaqlardakı pambığı çəkə bilərik, nə gözlərdəki qara eynəyi?
Düşüncələrini, ürəyinin odunu ağ kağıza sıxmağı bacardığından şeirlərində Əbülfətin iç dünyasının şəkli görünür:
Mən tale yolçusu,
söz axtaranam,
Kül eşib içindən
köz axtaranam.
Özümə
təsəlli - döz
axtaranam,
Özgə bir iş gəlmir,
vallah əlimdən.
Hər kəsin Tanrıdan
bir haqq umacağı var. Amma biz bu haqqı əslində
konkret görə bilmirik. Nigarançılıq olmasın deyə
açılan səhərlər,
batan günəş,
doğulan körpələr,
qaralan ömürlər,
bir sözlə, toylu-vaylı bu dünyanın özü Tanrının bəşər
övladına bağışladığı
haqdır. Bu haqdan kimə nə düşür, deyə bilmərəm.
Vay o gündən ki, insan insanın əlindən o haqq qopara?! Necə deyərdi Məmməd Araz: «Qoruyun dünyanı ağıllılardan,
ağıllı azdıqca
ağılsız artır».
Ədalətsizliyə, haqsızlığa qəribə bir etirazı var Əbülfət Mədətoğlunun.
Əslində onun şeirlərində
şikayət yox, dərdin, qəmin, belə də olmalıymış kimi təsdiqi var. Şairlər
Allahın söz elçiləridir. Əbülfət
yaxşı bilir ki, bəndədən gizli qalan Allaha
ki əyandır...
Həmişə
əlim göydə,
Yəqin ki, görür göy də!
Bu durumda, bu heydə,
Mən səndən incimirəm.
Dünəni bilmədən sabaha
getmək olmaz, deyirlər. Bizlərsə - doğulduğu yurdu itirənlər - dünənə boylana bilmirik, axı?! Beşiyimiz yellənən yerlərin xəyalı bizi dirigözlü öldürür.
Dünəndə vətən,
bu gündə qürbət, sabahda... həsrət, yoxsa... Bilmirik, axı? Biz öz-özümüzlə
hansı davaya qalxmağımızdan, çəkdiklərimizin
ruhundan doğan suallara cavab axtarmağımızdan asılı
olmayaraq Əbülfətin
dedikləri bir ağrılı həqiqətdir.
Qəfil düşdüm qəribliyə,
uzağa,
Az
qaldı ki, gözlərimdən buz axa...
İndən belə məni bükün, yüz ağa -
Yenə həm qəm
içimdə qalacaq.
Əbülfətin
şeirləri tufan kimi, sel kimi
bizi mürgülü
günlərin əlindən
alır, ürəyimizi
tərpədir: «Yuyulub
sərilmişəm, yay
kimi gərilmişəm».
Elə ona görə də şair öz ömrünün kodeksini bədiiləşdirərək bizə təskinlik üçün söyləyir:
Bilmədim heç hardan, ya nədən keçdim,
Həmişə ağrını, çətini seçdim.
Mən odu qaldırıb su kimi içdim
-
Adam tək yıxılıb - ölmək
haqqım yox!
Bu itən
ömürlərin ağrı-acısında
əriyən dünyanın
sirləri çoxdur.
Əbülfəti bir şair kimi oxuculara sevdirən onun orijinallığıdır. Min ilin köhnə sözünü təzə
libasda söyləməyi
bacarmasıdır: «Allah özü
dərdlərimi taleyimin
naxışı bilir».
Nə xoş ki, Əbülfət Mədətoğlu ağlı
ilə ürəyinin
dediklərini bir cığırdan keçirməyi
bacaran söz ustadıdır:
Bu nə yuxudu, nə nağıl,
Nə də ki günah işidi.
Birləşib
ürəklə ağıl
-
Bu, yalnız
Allah işidi.
Əbülfət Mədətoğlunun şeirlərindəki bir məziyyəti də qeyd etmək vacibdi. Bu da
şairin səmimiliyidir.
Xalislik üçün bu mənəvi keyfiyyət başlıca şərtdir.
Adicə
insani münasibətlərinin
nüvəsində səmimiyyət
olanda hər şey gözəl olur. Şeir səmimiyyətdən yoğurulanda, mayasında təbiilik olanda həm oxucuya xoş gəlir, həm də poetik mündəricatı
zənginləşir.
Adam dolu şəhərdə
Gəzirəm, görən olmur.
Bir şəhərlik adamdan -
Bezirəm, görən olmur.
Əbülfətin şeirlərində xoş gələn bir cəhət də müəllifin etiraf etməyi bacarmasıdır. Təzadlarla
dolu dünyamızın
bəxşişlərindən çox ağrılar yeyən lirik «mən»in üzləşdiyi
mənzərələr oxucuya
da tanışdır:
Dərddən asılı qalmışam,
Ayağım torpağa çatmır.
Gözlərim
sayır meyvəni -
Əllərim yarpağa çatmır.
Bütün dərdlərin, qəmlərin
əlində çırpındığı
bir məqamda da ona zülm
verəni bağışlamağı
bacarmaq qəlbin böyüklüyüdür. Bu mənada yenə də üzünü Yaradana tutub əzabları üçün
şükür edən
müəllifin nikbinliyi
xoş təsir bağışlayır:
Hər şeyi bilən Tanrıdı,
Sadəcə, biz xətt çəkirik.
Qoyuruq daşı daş üstə -
Guya ki sərhəd
çəkirik.
Söz axtarışında əziyyət çəkməyən
bir xiridardır mənim şair qardaşım. Sanki sözlər özü bir mələk kimi onun qələminin
başına fırlanaraq
«məni də, məni də yaz» söyləyir. Əbülfət bəlkə də
yeganə şairdir ki, onun şeirlərində
dərd çox əziz, sevimli varlıq kimi vəsf olunur. Bəlkə də mən ilk dəfədir ki, bu şairdən
eşidirəm: «Hey gəzdim,
canı fikirli, heç dərdi acı görmədim». Haqqa sığınan, ona ibadət edən bir insan başqa
cür də düşünə bilməzdi.
Nizami Cəfərov söyləyir: «Şair Əbülfət Mədətoğlu
ictimai-siyasi prosesin yox, ədəbi-bədii prosesin övladı, varisi olduğu üçün istər-istəməz
ədəbiyyatın məntiqini
müdafiə edərək
çox maraqlı bir qarşılaşdırma
ortaya qoyub. Şəxsən mən onun şeirlərini poetik kəşf hesab edirəm». Əlbəttə, Əbülfətin şeirlərinin xəritəsi
mənəvi sərvətlərlə
çox zəngindir.
Onun bütün məqamları
haqqında saatlarla danışmaq olar. Ən yaxşı halda bu şair haqqında
geniş təsəvvürə
malik olmaq üçün ilk növbədə
onu oxumaq gərəkdir. Oxuyaq və
bilək ki, əsl söz necə deyilməlidir?
Əsl şeir necədir və əsl şair kimdir? Əbülfətin şeirləri müasir
Azərbaycan poeziyasının
yeni cizgiləridir.
Bu şeirlərdə əks
olunan o böyük kədərsə müəllifin
öz taleyinin naxışıdır!..
Flora Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.- 2011.-
19 avqust.- S. 13.