30-cu
illərin tarixi-inqilabi filmləri
Kino
tariximizdən
1920-1930-cu illərdə “Azərfilm” kinostudiyasında
müxtəlif janrda filmlər istehsal olunub. Bu ekran əsərləri
sırasında kinodram (“Qız qalası”, “Bayquş”),
kinokomediya (“Mədənçi-neftçi istirahət və
müalicədə”, “Hacı Qara”, “Mavi dənizin sahilində”),
sosial dram (“Bismillah”, “Vulkan üzərində ev”), məişət
dramı (“Gilan qızı”), melodram (“Sevil”) və s. janrlarda
filmlər var. Bu dövrdə Azərbaycanda hətta “Əvəz-əvəzə”
adlı ilk detektiv film də çəkilib. Lakin
həmin illərdə tarixi-inqilabi filmlərin istehsalına
meyl daha güclü idi.
Hələ 1925-ci ildə
26 Bakı komissarı haqqında qəhrəmanlıq
kinodastanı yaratmaq ideyası yarandı. 1926-cı
ildə P.Blyaxin “26 Bakı kommunarının qətli” adlı
kinossenari yazdı. Ssenari AK(b)P
Bakı Komitəsində müzakirə olunub bəyənildikdən
sonra onun istehsalı “Azərdövlətkino” və
“Mejrabpomrus” studiyalarına tapşırıldı. Filmə quruluş vermək rejissor S.Eyzenşteynə
həvalə olundu. Hətta “26-ların həlakının
5-ci ildönümü” adlı 96 metrlik bir xronikal - sənədli
film də çəkildi. Lakin Almaniyaya
uzun müddətli səfərlə bağlı
S.Eyzenşteyn 26-lar haqqında bədii filmə quruluş verməkdən
imtina etdi.
Mərkəzi Dövlət Foto-Kino
Müəssisəsi - “Qoskino” “Azdövlətkino”ya 1926-cı il 31 mart tarixli bir məktub göndərir. Məktubda deyilirdi ki, Moskva “26 kommunar” filminin birgə
çəkilişinə razıdır, amma Bakı ilə
razılaşdırmaq şərtilə bütün məsələləri
Moskva diktə edəcək.
Bu dəfə
quruluş Abram Rooma tapşırıldı. Hətta
hazır filmin təhvil verilməsi tarixi də dəqiqləşdirildi:
15 sentyabr 1927-ci il. Amma bir qədərdən
sonra, 1927-ci il iyulun 12-də Moskvadan
Bakıya yeni məktub göndərildi. Məktubda deyilirdi:
“Film çəkmək üçün rejissor yoxdur. Room imtina edir. İş çox
mürəkkəbdir, həm də quruluş çox
bahadır. Ona görə də bu filmin
istehsalından imtina edirik”.
Bundan sonra studiyanın rəhbərliyi
26-lar haqqında filmin çəkilişi ilə bağlı
rejissorlardan A.Beknazarov və V.Meyerholdla danışıqlar
apardı, ssenarinin yenidən yazılması üçün əvvəlcə
ssenarist N.Ağacanova-Şutkoya, sonra A.Rjeşevskiyə
sifariş verdi. Hər dəfə
də çəkiliş qrupu təşkil olunur, filmin
istehsala buraxılma vaxtı təyin edilirdi. Lakin müəyyən təşkilatı işlərlə
bağlı bu məsələ hər dəfə təxirə
salınırdı.
Nəhayət, 1931-ci
ildə gürcü rejissoru N.Şengelaya filmin quruluşunu
öz üzərinə götürür. “26 komissar” tarixi-inqilabi filmi Bakı
komissarlarının inqilabi fəaliyyətlərindən,
kommunanın yaranması və süqutundan bəhs edir. O
vaxtlar sovet kino sənətinin əhəmiyyətli əsəri
hesab olunan bu film ekranlara çıxandan sonra istər kino tənqidi,
istərsə də kinematoqrafçılar tərəfindən
birmənalı qarşılanmadı. Onlar
komissarların obrazlarının inandırıcı
olmadığını, filmin bütövlükdə
kompozisiya cəhətdən fraqmentar xarakter
daşıdığını qeyd edərək rejissoru tənqid
edirdilər.
N.Lebedev “SSRİ kino tarixi
oçerki” kitabında (Moskva, 1965) bununla bağlı
yazır: “Qeyri-müəyyən”, aydın olmayan, “emosional”
ssenari üzrə, “intellektual kino” nəzəriyyəsinin
birbaşa təsiri altında çəkilmiş, baş
rolların “tipaj” ifaçılarının fərdi əlamətlərinə
görə fərqlənməyən obrazlar - xarakterlər
yaratdıqları film mücərrədliyə və
sxematikliyə məruz qalmışdır. Buna
görə də onu haqlı olaraq tənqid edirdilər.
Lakin süjetin faciəli olması, kütləvi
səhnələrin uğurlu rejissor həlli - şuranın
iclası, komissarların güllələnmə səhnəsi;
təsviri mədəniyyətin yüksək səviyyəsi
filmin nöqsanlarını müəyyən qədər
kompensasiya etmişdir”.
Guya
“işıqlı gələcək” naminə canlarını
qurban vermiş 26-lar haqqında əfsanə uzun illər azərbaycanlıların
beyninə yeridilmiş, onlara filmlərdən savayı ədəbi
əsərlər həsr olunmuş, abidələr
qoyulmuşdu. Çox-çox sonralar
26-ların əksəriyyətinin, başda erməni millətçisi
Stepan Şaumyan olmaqla cinayətkar daşnak
yığnağı olması faktı üzə
çıxdı.
Azərbaycan kinematoqrafçıları
isə Bakı kommunası mövzusuna ikinci dəfə
1966-cı ildə müraciət etdilər və rejissor Əjdər
İbrahimov “İyirmialtılar” bədii filminə (“Azərbaycanfilm”-“Mosfilm”)
quruluş verdi.
Hər iki film
haqqında onu deyə bilərəm ki, bu ekran əsərləri
yalnız kinematoqrafiya məziyyətlərinə görə,
sənət baxımından diqqəti cəlb edir. Komissarların “cəngavər”, xalqımızın
“xilaskarları” olmaları haqqında söz-söhbətlər
isə cəfəngiyyatdan başqa bir şey deyildir.
* * *
Müharibəyə
qədər Azərbaycan kino işçiləri tarixi-inqilabi
mövzuda daha iki bədii film çəkib
tamaşaçıların mühakiməsinə verdilər.
“Bakılılar”
filmi 1938-ci ildə çəkilib. Filmin
rejissoru V.Turin, baş operatoru L.Kosmatov, operatorları Əlisəttar
Atakişiyev və Mirzə Mustafayevdir.
“Bakılılar”
kinoepopeyadır. Filmdə 1905-ci ildə
Bakıda baş verən inqilabi hadisələrdən, Bakı
proletariatının çarizmə qarşı
apardığı mübarizədən bəhs olunur. Burada sadə insanlarda inqilabi şüurun necə
oyanması fəhlə Cəfərin simasında öz əksini
tapıb. Filmin əvvəlində savadsız neftçi
- fəhlə Cəfər Məmmədov bolşeviklərdən
Mixaylov, Lidiya Georgiyevna və Zaxarıçla tanış
olandan sonra onların təsiri altında bolşevikə
çevrilir. Filmdə neftçi-fəhlə Cəfər
rolunda teatr aktyoru Rza Əfqanlı çəkilmişdi və
bu onun kinoda debütü idi.
Azərbaycanda qanlı
repressiyanın ən qızğın dövründə
“Bakılılar” filminin çəkilişi ilə
bağlı mətbuatda dərc edilmiş məqalələrin
birində deyilir: “Azərfilm” studiyası bu filmin çəkilişini
1936-cı il iyunun 1-də
başlamışdı. Lakin vaxtilə “Azərfilm”
studiyasına soxulmuş trotskiçi-buxarinçi,
burjua-nasionalist köpəklər
çalışırdılar ki, bu film nəticəsiz
qalsın, bu revolyusion ideyalı film yararsız olsun. Bu məqsədlə də o quduzlaşmış
köpəklər, filmin rejissor ssenarisi təsdiq edilmədən
ikinci dərəcəli epizodları çəkməyə
başlamışdılar. Beləliklə
də, filmin çəkilişi
yubandırılmışdır. “Azərfilm”
kinostudiyasının ən bacarıqlı kadrları və
talantlı sənətkarları filmin çəkilişinə
bolşevikcəsinə girişdilər və tez bir zamanda filmə
bir sıra zərbələr çalmağa səy etmiş əclafların
pozduğu işlərini aradan qaldırdılar”.
Göründüyü kimi, Azərbaycan
K(b)P MK-nın respublika kinematoqrafçıları
qarşısında qoyduğu vəzifə - azərbaycanlı
fəhlənin bolşeviklərə qoşulması, 1905-ci ildə
Zaqafqaziyada inqilabi hadisələrdə kommunistlərin rolu
“Bakılılar” filmində öz ideoloji həllini bu şəkildə
tapdı. O vaxt mətbuatda yazıldığı kimi, “filmin
yaradıcıları öhdələrinə düşən
vəzifəni namusla yerinə yetirdilər”.
Lakin Azərbaycan
müstəqillik əldə edəndən sonra bu qəbildən
olan filmlərə bu günün prizmasından baxmaq, tarixi həqiqətləri
olduğu kimi tamaşaçılara çatdırmaq vacibdir.
Bununla belə “Bakılılar” filmi, bəzi
nöqsanlarına baxmayaraq, sənət nöqteyi-nəzərindən
o dövrdə Azərbaycan kino sənətində əhəmiyyətli
hadisəyə çevrildi.
Digər tarixi-inqilabi
filmi - “Kəndlilər”i 1939-cu ildə Azərbaycanın ilk
professional kinorejissoru Səməd Mərdanov çəkib.
Əvvəlki filmlərdə olduğu kimi,
burada da mülkədar kəndlinin başına oyun
açır. Qoca Təhməz
kasıbçılığın daşını atmaq
üçün çıxış yolunu qızı
Ülfətin mülkədarın oğluna ərə getməsində
görür. Ülfət isə
aşıq Göydəmiri sevir. Bu dəfə də rus
fəhləsi, bolşevik Petro kəndliləri
inandırmağa çalışır ki, Müsavat (Xalq
Cümhuriyyəti) hakimiyyəti devrildikdən sonra torpaq bəylərin,
xanların əlindən alınıb kasıblar arasında
bölüşdürüləcək, onlara heç kəs
ağalıq etməyəcəkdir.
Filmdə göstərilir
ki, kəndli hərəkatı genişlənəndən sonra
Müsavat hökuməti kəndli qurultayını
çağırır. Bolşeviklər
bu qurultaydan öz məqsədləri üçün istifadə
edirlər. Göydəmirin qurultayda
odlu-alovlu çıxışından sonra qurultay
dağılır. Qurultaydan sonra kəndlilər
Bakı proletariatının ətrafında daha sıx birləşirlər.
Guya müsavatçıların hakimiyyəti
dövründə xalqın dilənçi vəziyyətə
düşməsi, buna görə də milli hakimiyyətin
ifşası, kəndlilərin üsyanı filmin əsasını
təşkil edir. Filmin sonunda göstərilir
ki, XI Qırmızı ordu zirehli qatarla Azərbaycana gəlir.
Öz nicatını bu ordunun gəlişində
görən kəndlilər, süvari dəstələr
qırmızı bolşevik qatarını sevinclə
müşayiət edirlər.
G.Mdivaninin ssenarisində
mövcud olan bəzi nöqsanlara baxmayaraq, film yüksək
professional səviyyədə lentə alınıb. Ədəbi ssenarinin həcmcə nəzərdə
tutulduğundan artıq olması, həm də SSRİ Kino
Komitəsinin səlahiyyətli əməkdaşları tərəfindən
məcburi şəkildə bəzi epizodların dəyişdirilməsi
və hətta ixtisar olunması rejissor üçün xeyli
çətinliklər yaratdı. Bu da son nəticədə
filmin bədii keyfiyyətinə az da olsa təsir
göstərmiş oldu.
Filmin
başlanğıcı heç də bizim indi
gördüyümüz şəkildə deyildi. Bunu sonradan Mərdanova məcburən dəyişdirtdirib,
bura “1919-cu il. Azərbaycan. Kasıb kəndlilər Müsavat hökumətinin əsarəti
altında inləyir” sözlərini əlavə etmişlər.
Moskvanın kino rəhbərlərinin
ssenari ilə bağlı yazdıqları rəydə belə
bir fikrə rast gəlirik: “Biz bir daha ssenariçilərin diqqətini
ssenarinin elə yerlərinə yönəldirik ki, həmin səhnələrdə
partiya rəhbərləri - Lenin və Stalin haqqında
söhbət getmiş olsun. “Kəndlilər”də
ssenariçilər bu fikri ssenarinin süjet xəttilə
üzvi şəkildə bağlaya bilməmişlər”.
Bu qeyd olunanlardan bir
daha aydın olur ki, 30-cu illərdə Azərbaycan kinosunda
tarixi-inqilabi mövzuya aludəçilik vardı. Digər tərəfdən belə filmlərin yaranma
prosesi bir neçə yoxlama mərhələsindən
keçirdi. Belə filmlər tarixi-ideoloji
baxımdan köhnəlsələr də, bəziləri sənət
əsəri kimi öz əhəmiyyətini bu gün də
itirməyib.
Aydın Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2011.- 19 avqust.- S. 13.