Dahilər
ölmür
Böyük adamların
ölümünə yox, ölümsüzlüyünə
inanıram. Niyazinin mənzil-muzeyini ziyarət edərkən
bir daha bunun şahidi oldum.
Avqustun
20-si dünya şöhrətli maestro Niyazinin doğum
günüdür. Bu münasibətlə avqustun 19-da Niyazinin
mənzil-muzeyində maestronun xatirəsinə həsr
olunmuş tədbir keçiriləcək. Avqustun 20-də isə
muzeydə “Açıq qapı” günü keçiriləcək,
Fəxri xiyabanda Niyazinin qəbri ziyarət olunacaq.
Bu da taleyin bir naxışı. Niyazinin evi
Bülbül prospektində
yerləşir. Azərbaycanın iki böyük musiqi xadiminin adı bir ünvanda
kəsişir. Və bu
ünvana gedərkən
heç bir tərəddüd etmirsən.
Oxuduqlarım, eşitdiklərim və bildiklərimə görə, maestronun mənzili daima qonaqlı-qaralı olub.
İndi bu ünvan Niyazinin
mənzil-muzeyi adlanır
və Allahın verən günü Niyazini yad etməyə,
ziyarət eləməyə
gələnlər olur.
Ziyarətçilər arasında sadə
insanlar da var, məşhur sənətkarlar da. Qonaqları Niyazinin və həyat yoldaşı Həcər xanımın
divardan asılmış
fotoşəkillərdən boylanan doğma baxışları salamlayır.
* * *
Niyazi Zülfüqar oğlu
Tağızadə-Hacıbəyov 1912-ci ilin avqustun 20-də Tiflis şəhərində anadan
olub. Niyazinin atası Zülfüqar
Hacıbəyov dahi bəstəkar Üzeyir bəyin qardaşı, Azərbaycanda milli musiqili komediya janrının yaradıcılarından
biri olub. Belə mühitdə böyüyən
Niyazinin musiqi qabiliyyəti erkən yaşlarından özünü
büruzə verir.
O, ilk musiqi təhsilini
1921-ci ildə Y.Şefferlinqin
rəhbərliyi altında
skripka sinfində alır. Niyazinin musiqi təhsilinə əmisi Üzeyir bəy nəzarət edir və Üzeyir
bəyin məsləhəti
ilə Niyazi
1926-cı ildə Moskvada
Qnesinlər adına
musiqi məktəbində
(Q.Popov və P.Ryazanovun sinfində) təhsilini davam etdirir.
Niyazi 1932-ci ildə Dağıstan
Xalq Maarif Komissarlığında elm, ədəbiyyat
və incəsənət
şöbəsinin müdiri
vəzifəsinə təyin
olunur. 1933-cü ildə Həcər xanımla ailə qurduqdan sonra Bakıya qayıdaraq konservatoriyada professor L.Rudolf
və Ştrasserin rəhbərliyi ilə təhsilini davam etdirir. Bu illərdə
Niyazi musiqi əsərləri bəstələməyə
başlayır. 1934-1935-ci
illərdə isə dirijorluq fəaliyyətinə
başlayır.
1937-ci ildə Niyazi Opera və Balet Teatrına
dəvət olunur.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti
ongünlüyündə maestro M.Maqomayevin “Nərgiz” operasına dirijorluq edərək böyük müvəffəqiyyət qazanır.
Sonrakı illərin gərgin
fəaliyyəti də
öz bəhrəsini
verir. 1946-cı ildə Niyazi Leninqradda (Sank-Peterburq) keçirilən dirijorların
müsabiqəsində laureat
adını qazanır.
11 xarici
ölkədə 23-dəfə olan Niyazi həm
Azərbaycan, həm də xarici ölkə bəstəkarların
əsərlərinin ifaçısı
kimi bütün dünyada şöhrət
tapır.
Niyazi həm də
simfonik janra müraciət edən ilk Azərbaycan bəstəkarlarından
biridir. Onun 1949-cu ildə yazdığı
“Rast” simfonik muğamı dramaturji bitkinliyi, güclü emosionallığı, zəngin
melodiyası ilə mükəmməl simfonik əsərlərdən birdir.
1942-ci ildə Nizaminin “Xosrov və Şirin” poeması əsasında yazdığı
“Xosrov və Şirin” operası, 1961-ci
ildə hind yazıçısı
Rabindranat Taqorun əsərləri əsasında
yazdığı “Çitra”
baleti musiqi xəzinəmizin ən qiymətli nümunələrindəndir.
Niyazi eyni zamanda kamera-instrumental əsərlərin,
mahnı və romansların müəllifidir.
Onun “Vətən nəğməsi”
və “Arzu” romansları bu gün musiqisevərlər
tərəfindən rəğbətlə
dinlənilir.
Niyazi Azərbaycan musiqi tarixində ilk dəfə
olaraq “Rast” və “Şur” muğamlarını nota köçürüb,
həmçinin Azərbaycan
filmlərinə ilk musiqi
yazan bəstəkarlardan
olub. O, “Kəndlilər”,
“Almaz”, “Fətəli xan” və bir
çox başqa filmlərə musiqi yazıb.
Azərbaycan professional dirijorluq məktəbinin formalaşması
və inkişafı Niyazinin adı ilə bağlıdır.
Məhz onun gərgin əməyi sayəsində
1938-ci ildə Azərbaycan
Dövlət Simfonik Orkestri yaradılıb.
Maestro Niyazi
SSRİ Xalq artisti,
SSRİ Dövlət mükafatları
laureatı, Azərbaycan
Dövlət mükafatı
laureatı, C.Nehru adına Beynəlxalq
mükafatlara layiq görülüb. O eyni zamanda SSRİ-nin ən yüksək fəxri adı olan Sosialist Əməyi Qəhrəmanı
adına layiq görülüb.
* * *
Tanıdığımız qədər
tanımadığımız dahi maestro
Dahilər sona kimi dərk olunmur. Sağlığında olduğu kimi,
elə ölümündən
sonra da çətin ki, kimsə maestro Niyazini sona kimi dərk
etsin. Ancaq onun sənəti
qarşısında baş
əyənlər həmişə
olacaq.
...Ötən əsrin nəfəsi, rəngi, qoxusu, xatirələri hələ
də Niyazinin mənzilində yaşayır.
Qonaq otağında maestronun iranlı rəssam Bəhruz Kafi tərəfindən çəkilmiş
işıqlı portreti
və Həcər xanımın Xalq rəssamı Böyükağa
Mirzəzadənin çəkdiyi
portreti asılıb.
Divardan müxtəlif illərdə
maestroya hədiyyə
edilən başqa maraqlı əsərlər
də asılıb.
Onların arasında naməlum
rəssamın “Güllər”
natürmortu, Ejen Delakruanın “Mərakeşli
ata minərkən” əsərlərinin surətləri
var.
Otaqdakı masa, kreslolar,
jurnal stolu, servant və qab-qacaqlar da sahibinin incə
zövqündən xəbər
verir.
“Niyazi
vaxtının çoxunu
bu otaqda keçirər, həyat yoldaşı Həcər
xanımla söhbət
edər, gün ərzində baş vermiş hadisələri müzakirə edərdi.
Çox
vaxt jurnal masası arxasında Niyazi nərd yarışları keçirər,
əsas tərəf-müqabili
isə Lütfiyar İmanov və Bəxtiyar Vahabzadə olardı” - deyə Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov
məlumat verir. Sonra isə söhbətinə davam edir:
- Maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün
sonunacan - 1984-cü ilədək
yaşayıb. Mənzil
əvvəllər üç
otaqdan ibarət olub: yemək otağı, yataq otağı və iş otağı. On ildən sonra
- 1968-ci ildə qonşu
mənzil boşalarkən
bu mənzili də Niyaziyə veriblər. Arakəsmə götürüldükdən sonra mənzil xeyli genişlənib.
Böyük otaqlardan biri
ekspozisiya zalı, biri isə kiçik
tədbir və konsert zalıdır.
1994-cü il sentyabrın 18-də
Niyazinin mənzil-muzeyinin
açılışı olub. Açılışda ümummilli liderimiz
Heydər Əliyev şəxsən iştirak
edərək Niyazi ilə bağlı xatirələrini söyləyib,
muzeyin qonaqlar kitabına öz ürək sözlərini
yazıb.
Muzey maddi və mənəvi abidələrin
toplanması, tədqiqi
və təbliği ilə məşğul olan mədəniyyət ocağıdır. Biz də ötən illər ərzində diqqətimizi bu muzeyin arxivinin toplanması işinə həsr etmişik. Muzey yaranarkən Niyaziyə aid
4707 ədəd material vardı,
hazırda isə bu materialların sayı 6200-dən çoxdur.
2600 fotoşəkil
Rza Bayramov deyir ki, Niyaziyə məxsus materiallar müxtəlif yollarla əldə edilərək
muzeyin fonduna daxil edilib:
- Bəzilərini
fond satınalma komissiyası
vasitəsi ilə almışıq, bəzilərini
isə ayrı-ayrı
şəxslər muzeyimizə
bağışlayıb. Bunlar əsasən
Niyazinin not əlyazmaları,
disklər, afişalar,
xeyli miqdarda fotoşəkillərdir. Ümumiyyətlə, Niyazinin arxivində əsas yeri not əlyazmaları tutur.
Şəxsi əşyaları, geyimləri, qab-qacaqları,
mebelləri ilə yanaşı, fotoşəkillər
xüsusi yer tutur. Niyazinin hobbisi fotoşəkil
çəkmək olub.
Odur ki, Niyazinin arxivində
2600-ə qədər fotoşəkil
var.
Kim bilir,
bəlkə də
maestro həyatın anlarını
fotoşəkillərdə əbədiləşdirmək istəyib.
Söhbət zamanı Rza Bayramov Niyazinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı görüləcək
işlərdən də
danışdı:
- Gələn il maestro Niyazinin
100 illik yubileyi qeyd olunacaq. 2010-cu il mayın
20-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Niyazinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam
imzalayıb. O sərəncamdan
sonra görəcəyimiz
işləri planlaşdırmağa
başladıq. İlk növbədə
Niyazinin muzeydə olan materiallarının kataloqunu nəşr etdirmək, yubileylə bağlı “Niyazi təsviri sənətdə”
adlı təqvim hazırlamaq istəyirik.
Veb sayt hazırlamaq, yubiley ərəfəsində
Niyazinin 100 illiyinə
həsr olunmuş elmi konfrans keçirməyi
də nəzərdə
tutmuşuq. Yubileylə
bağlı məşhur
insanların, bəstəkarların,
musiqi xadimlərinin fikirlərini öyrənmək
üçün avqustun
3-də dəyirmi masa
keçirdik, bəstəkar
Arif Məlikov, dirijor Yalçın Adıgözəlov, Azərbaycan
Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivinin direktoru Maarif Teymurov, digər qonaqlar görüşdə iştirak
etdilər. Onlar təklif etdilər
ki, yubiley ərəfəsində Niyazinin
əsərlərinin külliyyatı
nəşr olunsun.
Niyazinin əsərləri - “Çitra”
baleti, “Xosrov və Şirin” operası yenidən səhnəyə qaytarılsın.
Yaxşı bir təklif də bu oldu
ki, gənc dirijorlar üçün,
ya da ümumiyyətlə
dirijorlar üçün
Niyazi adına
mükafat təsis olunsun və Niyazinin 100 illiyi ilə bağlı festival
keçirilsin.
Rza Bayramov bildirdi ki, yubileylə əlaqədar dövlət
səviyyəsində də
tədbirlər keçiriləcək,
xaricdən qonaqlar gələcək və əlimizdən gələni
edəcəyik ki, maestronun 100 illiyi adına layiq
keçirilsin.
Niyazinin mənzil-muzeyindən xoş təəssüratlarla
ayrılıram. Və hər
kəsi böyük sənətkarı yad etmək, xatırlamaq, ruhunu şad etmək üçün bu muzeyə dəvət edirəm.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 19 avqust.- S. 6.